“Əgər qara qutu qəza zamanı zədələnməyən materialdan düzəldilirsə, niyə təyyarənin özünü bütövlükdə qara qutunun materialından qayırmırlar?”
(İki azərbaycanlının uçaqda dialoqundan)
Rəsul müəllimin sözü olmasın, “hesab edirəm ki” artıq bizim türmə sistemində ciddi islahatların vaxtı çatmışdır. Təzə türmələr, məhkəmələr tikilir, görüş otaqları remont olunur, dizayn etibarilə cəzaçəkmə obyektlərində vəziyyətin babatlaşması göz qabağındadır. Misal üçün, mən bugünlərdə şəhərdə üstünə “Penitensiar xidmət” yazılmış, xüsusi siqnallarla yolu boşaldıb sürətlə irəliləyən bir dustaq avtomobili gördüm ki, bəlkə, yalan olmasın, heç amerikalıların Quantanamo türməsində elə maşın yoxdur. İki göz gərək idi tamaşasına dursun. İki qol lazım idi qandalı taxıb basasan adamı bunun içinə, ləzzətlə şütüyəsən paytaxtda. Halbuki köhnə camaatımızın (Orxan bəy demiş, “köhnə azərbaycanlıların”) yadına gələr, bizim dustaq maşınları kvadrat şəkilli, dranqlet sovet yük maşınlarından qayırılardı. Böyründə balaca pəncərəsi olardı, millət bunlara nədənsə “it maşını” adı qoymuşdu. Bəlkə də sovetin ilk vaxtlarında yiyəsiz küçə itlərini bu tip maşınlarla ovlayırmışlar. Rejissor Bortko-nun çəkdiyi “İt ürəyi” filmində təxminən bu tip maşınlarda it-pişik vurmağa gedirlər.
Ancaq türmələrdə daxili vəziyyət heç ürəkaçan görünmür. Gah dustaqlar ölür, ölkəmizdəki inkişafdan zövq almaq istəmirlər, gah da hansısa manıs “vorzakonları” qatardan qaçırdır. Guya bu Həcərdir, qazamat dalını dəlib Qaçaq Nəbini azad edir. Doğrudur, həmin hadisələrə görə cəza alanlar da çoxdur, insaf naminə qeyd edək, sonra böhtançı adı qoyub bizi tutmasınlar. Hərçənd bir rus ata sözü də var, deyir, qazamatdan və dilənçilikdən heç kim sığortalanmayıbdır (ümid edirəm, Putin mənim rus folkloruna diqqətimi nəzərə alacaqdır). Həm də bu baxımdan zindanlarda islahatların aparılması vacibdir. Misal üçün, kimin ağlına gələrdi, Əli İnsanov 13 il türmədə oturacaq? Cahangir müəllim o boyda pulun içindən çıxıb həyata “qlazok”dan baxacaq? Axmaq kainatdır. Görəsən, dünyaya nöş gəlir insan? Nə isə.
Başqa bir ciddi nöqsan qazamatda xidmət üçün ölüvay personalın seçilməsidir. Artıq neçənci dəfədir bizə soraq gəlir ki, dustaq qazamatda hansısa zabiti basıb döyübdür. Özü də bunlar nəsə karate üzrə qara kəmər ustası, qaydasız döyüşü Həbib Nurməhəmmədovun atasından öyrənmiş idmançı, nə bilim, Ədəhim Niftəliyevlə “Qızıl top” almış futbolçu olsa dərd yarıydı. Fikirləşərdik neyləmək olar, gücləri bərabər deyilmiş. Dərd ondadır ki, bu türmə işçilərini döyənlər adətən arıq-uruq, xəstə, qoca dustaqlar olur. Misal üçün, bir dəfə xəbər gəldi ki, 70 yaşlı Əli İnsanov nəzarətçini necə döyübsə leşi qalıb. Əlbəttə, səhiyyə naziri işləmiş adam insanın zəif nöqtələrini bilər, bunu inkar eləmirik. (Yuxarıda yazdım: ədalət, insaf hər şeydən önəmlidir. Biz qələt edərik böhtan yazarıq. Sonra get nəzarətçi döy, bizə yaraşmaz, idmançı adamıq). Sonra dedilər 90 yaşlı yazıçı Əkrəm Əylisli aeroportun girişində nəzarətçini çırpıbdır. Düzdür, Əkrəm müəllimi ona görə tutmadılar, ancaq hər halda, nəzarətçinin beş qabırğasını, altı fəqərə sümüyünü, omba, bazu, ənsə, bud, bilək, said, falanqa, dümbül sümüklərini qırıq-qırıq eləmişdi. Deyilənə görə, yazıçı bu zaman “Mənim nəğməkar bibim” və “Xaos diktaturası” romanlarından istifadə edirmiş. Soyuq silah qismində.
İndi isə gənc bloqçu (ya da blogger – bunu düzgün yazmağı öyrənsək, adam azadlığa çıxacaq) Mehman müəllimin içəridə nəzarətçi leytenantı döyüb hospitala saldığı məlum olubdur. Dəhşətdir. Mehman müəllimi xəstəlikləri üzündən hətta əsgərliyə aparmayıblar. Belə əfəl birisi zabiti döyüb xəstəxanalıq edirsə, biz türmələrin lazımi dərəcədə qorunmasından necə əmin olaq? Bizim cinayətkarlardan, ya da cinayətkarların dinc əhalidən təcridinə arxayın ola bilərikmi? Onlar sabah nəzarətçiləri döyüb qaçarlar, beynəlxalq aləmdə biabır olarıq, ölkəmizin nüfuzu zədələnər.
Bir şey də maraqlıdır ki, dustaqlar azad olmağa az qalmış nəzarətçiləri şil-küt edirlər.(Mehman müəllimin 2 ayı qalırmış. Əli müəllim isə 4-5 aya çıxmalıydı, çıxası olmadı). Sanki içəridən çıxmaq istəmirlər. Görünür, türmələrdə şərait çox yaxşıdır. Qalır nəzarətçiləri gücləndirmək, ümid edək buna əncam çəkilər. Biz güclü dövlətdə yaşayırıq. Hər an bunu hiss edirik. Güclü dövlətin nəzarətçiləri də güclü olmağa borcludur. Bizim Qarabağ dərdimiz var.