“Dümağ qrimlənmiş əsl sifətimlə Bonn vağzalının pilləkənlərində oturaram, mərhəmət diləkli kilsə nəğmələri oxuyaram, gitaranı dınqıldadaram… Yanımda da nə vaxtsa Çaplini yamsılamaq üçün aldığım şlyapa”.
(Haynrix Böll, “Bir təlxəyin düşüncələri”)
Mədəniyyət naziri Bakı sirkinin yerini gələn ildən dəyişdirməyi düşünür. Maraqlıdır, niyə? Sirk orada bina tikmək istəyən oliqarx-məmurlara mane olur, ya bizim bilmədiyimiz hansısa səbəb var? Bəlkə sürüşmə zonasıdır? Ya da girişmə bölgəsidir? Bunu təzə fikirləşdim, millətimiz üçün xeyirli-uğurlu olsun. Haçanacan sürüşəcəyik? Gəlin bir az da girişək. Düzdür, uca millətimiz çoxdandır girişməklə məşğuldur, bunu hamıdan yaxşı bacarırıq. Ancaq biri var, harada gəldi girişəsən, biri də var bunun xüsusi ərazisi, qayda-qanunu olsun. Lazımdır.
Gülüşmə zonası, irişmə bölgəsi, ağlaşma ərazisi və sairə də elan edərik. Bircə dirəşmə sahəsi olmaz, bu, dövlətçiliyə ziddir. Neynirsən elə, dirəşmə.
Sirkin binasının köçürülməsinə dönək. Doğrudan da bizim mədəniyyətimiz üçün sirk vacib sahədir. Heyvanların əhliləşdirilməsi, klounluq etmək, kəndirbazlıq, fokus göstərmək əslində bizdə çox geniş yayılıbdır, o baxımdan son illər sirk ayrıca sahə kimi aktuallığını itirmək üzrədir. Öz təcrübəmdən bilirəm, qabaqlar uşaqlarım tez-tez sirkə getmək istəyirdilər, indi ta istəmirlər. Çünki məktəbə gedirlər. Məktəbdə, məhəllədə, lap elə ev-eşikdə gördükləri sirk nömrələri uşaqlarımıza xirtdəyə qədər bəsdir.
Misal üçün, hər seçkidə məktəbimizin müəllimləri qutuların üzərində elə sehrbazlıq edirlər, bəlkə bunu Devid Kopperfild bacarmaz. Vaqonu yox eləməyə nə var ki. Bizim dəmir yolu idarəsinin bir keçmiş müdiri vardı, Ziya müəllimlə əlbir olub bütöv respublikanın dəmir yolunu qeybə çəkmişdilər. İndi, şükür olsun, vəziyyət düzəlir. Hətta deyir Gəncəyə sürət qatarı da işləyəcəkmiş. Düzdür, hələlik bunun sürəti ilə Gəncəyə 4-5 saatdan tez çatmaq mümkün olmayacaqdır, ancaq yoxa lənət. Biz qabaq Hacıqabula 12 saata gedirdik. Dəvə ilə. Əməllicə inkişaf vardır. Maşinistlərin böyüyü, başçısı (məncə, buna başinist deyə bir milli ad taxa bilərik – AMEA Dilçilik İnstitutundan Mövsüm müəllimin mövqeyini gözləyirəm; sözgəlişi, bir alim dostum var, deyir Dilçiliyin şefinin adını yadında saxlamaq üçün beyninə “Ətağa” kimi həkk edibdir) söz veribdir ki, əgər sərnişinlər özlərini yaxşı aparsalar, Gəncəyə çatana qədər Kürdəmirdə və Yevlaxda iki dəfə siqnal verərək bizi sevindirə bilərlər. Gəlin maşını kimi. Toy-bayramdır axı. Özü də Gəncənin son illərdəki işıqlı tərəqqisinə bu qatar əməllicə töhfə olacaqdır.
Uzun sözün qısası, sirki qırağa köçürüb yerində göydələn tikib satmaq yaxşı olardı. Bizə qalan göydələnlər olacaq. Maraqlıdır ki, neft pullarının çoxlu gəldiyi vaxtlarda biz sirkin yenilənməsi dövlət proqramı üzərində çox fikirləşmədik. Konsert salonları, üzgüçülük hovuzları, güləş döşəkləri, şadlıq sarayları, mərasim evləri, məhkəmə salonları, yeni-yeni türmələr tikdik, ancaq sirk tikmədik. Sanki sirk dövlət qayğısından məhrum olmuşdu. Halbuki xiridarlar bilir, belə deyildi. Sirk bizim üçün həmişə sevimli sahə idi. Yuxarıda yazdığım kimi, nə qədər klounu dövlət qulluğuna götürmüşdük, neçə sehrbaz MSK-da işləyirdi, heyvan təlimçiləri metroda, Bakubus-un (dəli şeytan deyir bu şirkəti yaradanlar bizim kubistlərdir) avtobuslarında çalışırdılar, akrobatlar prokurorluqda, jonqlyorlar başqa hüquq-mühafizə orqanlarımızda şərəflə çalışmaqdadır. Hətta bir ara Azdrama-ya müdiri sirkdən aparmışdıq. Maqbet müəllim idi adı yanılmıramsa (hərçənd elə teatral isimli adamı əvvəlcədən teatra müdir qoymaq lazım idi, nəsə səhv eləmişdik). Nəticədə milli teatrımız inkişaf elədi, Azdrama-da aktyorlar tamaşadan sonra da qılınclaşırdılar, axırı bilmirəm nə təhər oldu.
Sirkin təzə yeri hara olsun? Bu məsələ üzrə təklifim var: gəlin onu “Məhsul” stadionuna köçürək. Onsuz orada çoxdan futbol oynayan yoxdur. Həmçinin sirki ora köçürməklə başqa bir ümummilli problem həll olunar, bir güllə ilə iki dovşan vurarıq. Hansı problemdir, bunu azca fikirləşsəniz taparsanız. Mənə ayrılan kəndirbaz yeri bitdi.