Bu əhvalat Avropa ölkələrindən birində baş verib. Bir gün azərbaycanlı bir ailə öz 12 və 14 yaşlı oğulları ilə birlikdə başqa bir azərbaycanlı ailəyə qonaq gəlib. Bu ailədə də 14 yaşlı bir oğlan olub. Böyüklər qonaq otağında oturub yemək yeyə-yeyə söhbətləşərkən oğlanlar ev sahibinin oğlunun otağına keçiblər və qapını kip bağlayaraq pleysteyşndə oyun oynamağa başlayıblar.
Aradan yarım saat keçib, ev yiyəsinin qapısının zəngi israrla çalınıb. Ev sahibi qapını açıb, görüb ki, polislərdir. Polislər dərhal içəri təpiliblər və ev yiyəsinə deyiblər ki, bizə siqnal verilib, bu evdə cinayət işlənir, uşaqları döyürlər, işgəncə verirlər, ya da öldürürlər. Ev sahibi çaşqın halda deyib, cənablar, nə cinayət, nə işgəncə, bunlar qonaqlarımızdır, uşaqlarımız da o biri otaqda oyun oynayırlar.
Polislər inanmayıblar və uşaqlar oynayan otağa keçiblər, görüblər ki, üç oğlan müharibə oyunu oynaya-oynaya mərəkə qoparıblar, səslərini başlarına atıblar və təhsil aldıqları dildə əmrlər verirlər: Vur!”, “öldür!”, “qoyma qaçsın!” və sair və ilaxır.
Məsələnin mahiyyəti anlaşılıb. Polislər deyiblər ki, divar qonşunuz zəng edərək, onlara deyib ki, bu evdən uşaq qışqırığı səsi gəlir, güman ki, orada nəsə qaydasında deyil, işgəncə hadisəsi, ölüm təhlükəsi ola bilər. Şükür ki, salamatçılıqmış.
Sözü nəyə gətirirəm? İnkişaf etmiş mədəni ölkələrdə belədir: xanımını, uşağını evdə sərbəst şəkildə döyə bilməzsən, özbaşınalıq etməyin, hansısa qanun-qaydaları pozmağın mümkün deyil, dərhal lazımi orqanlara xəbər verəcəklər, onlar gəlib öz işlərini görəcəklər. Sənin küçəyə, dəhlizə çıxıb xuliqanlıq edən qonşuyla “camaatın anası-bayıssı var” deyə mübahisə etməyinə, bıçaqlaşmağına da ehtiyac yoxdur. Telefon var, üç nömrəli xidmətə zəng edirsən, gəlirlər, xuliqanlıq edən qonşunu ənsələyib aparırlar cərimələyib ağıllandırmağa.
Oralarda hamı elədir və heç kəs bunu “xəbərçilik”, “sukalıq” adlandırmır. Bunu şüurlu vətəndaş mövqeyi hesab edirlər.
Hətta küçədə avtomobili bərk sürənlərin, qayda pozuntusu edənlərin də günü qaradır. Onları da yol polisinə satırlar (əslində pulsuz-parasız, türkün sözü, ihbar edirlər) və cərimələtdirirlər.
Bu üzdəndir, hər kəs bir-birinin hərəkətinə, davranışına nəzarət edir ki, ölkələri də cənnətə dönüb.
Məsələn, dövlət işində bəlli bir maaşla çalışan biri bizdəki kimi günlərin birində özünə bahalı maşın alsa, villa tikdirsə, ilk növbədə qonşuları onun barəsində lazımi orqanlara xəbər verəcəklər ki, gəlin yoxlayın, deyəsən, bu adam hardansa oğurluq edir.
Bizdə elə şey yoxdur, bilirsiniz. Biz o cür hərəkətləri ən yumşaq şəkildə “işverənlik”, “mərdiməzarlıq” adlandırırıq, ağır formalarını isə yuxarılarda bir yerdə yazmışam.
Amma sovet dövründə o ənənə bizdə də vardı. Hər kəndin, qəsəbənin, məhəllənin bir neçə “demaqoq yazan”ı olardı və onlar hər kəsə nəzarət edərdilər, kim qanun-qaydanı pozardısa, gecəylə ondan imzasız, bəzən də yalançı imzalı şikayətlər yazar, adamı “dolaşdırardılar”.
O qədər əliəyri, möhtəkir, tamahkar adam onların qurbanı olurdu ki… Amma sonradan “yazanşiklər”in içində yaramazlar çoxaldı, baxdılar ki, bu dolanışıqlı işdir, başladılar əyri yollarla pul qazananları şantaj edib pul qazanmağa.
Sovet hökuməti də gördü ki, bunlar anonim məktubları saf niyyətlə, kommunizm quruculuğuna töhfə vermək, sovet dövlətinin daha da qüdrətlənməsi üçün yazmırlar, 50-100 manatın çatısını boğazlarına salıblar, daha lazımi orqanlara hər gün çuval-çuval gedən anonim məktublara baxmadı.
Beləcə, pis xəbərçilərin üzündən yaxşı xəbərçilərin əziyyəti puç oldu, getdi. Nəticədə xalq nəzarəti, ictimai kontrol deyilən bir şey qalmadı, haram yollarla, oğruluq pullarla tədarük edilən maşınlar, villalar böyür-böyürə söykəndi.
İndi deyirlər, vergidə yeni xidmət olacaq, vergidən yayınanları nazirliyə ihbar edənlərə mükafat veriləcək.
Heç mükafat da lazım deyil. Yetər ki, o cür şikayətlər ciddiyə alınsın, camaatımız can-başla hökumətə yardım edəcək. Adını da lap “sukalıq” qoysunlar, yenə vergidən yayınanları, var-dövləti ilə qürrələnənlərin gününü qara edəcəklər.
Yox, vergidən milyonları yayındıran lüks otel, şadlıq sarayı barələrində verilmiş siqnala baxmayaraq kənarda qalacaqsa, hökumət adamları gəlib “moyka”çıyla məscid mürdəşirini cərimələyəcəksə, bu iş yürüməyəcək, biləsiniz.