“Yalanla plov bişsə, dəniz qədər yağı məndən”
(Azərbaycan ata sözü)
Deyir, bir nəfər tarix müəllimimiz Türkiyədə televiktorinada “20 Yanvar”la bağlı sualın cavabında çətinlik çəkibdir. Əslində cavabı bilirmiş, ancaq orada yanvara ocaq deyilməsi bunu çaşdırıbdır. Ancaq istəsən lap yanvara avqust de, bunun bizim tarixə münasibətimizdə fərqi olmayacaqdır. Guya biz “20 Yanvar”ın tarixini düzgün bilirik? Hərənin ağzından bir avaz gəlir, özünə tarixçi alim adı yapışdıranlar belə müxtəlif şayiələr əsasında cızmaqaralar ediblər. Misal üçün, bu yaxında bir nəfərin açıqlaması vardı, dediyindən belə çıxırdı, bizim gəmi kapitanlarımız dənizi rus-sovet ordusunun üzünə bağlayıblar, az qala oradan bir nəfər də sahilə çıxa bilmirmiş. Təxminən, “general gəldi əl görüşsün, tüpürdüm onun üzünə, dedim, sən bizim xalqı qırmısan” tipində açıqlamalardandır. Hələ “20 Yanvar”ın ildönümü yaxınlaşdıqca bu cür sərsəmləmələrin dozası artacaqdır. O üzdən, ən yaxşısını bir neçə il qabaq hansısa telesorğuda “20 Yanvar” haqda suala “Məşqə gecikirəm” cavabını verən uşaq eləmişdi. Böyüklər bilmirsə, yazıq uşağı niyə sıxışdırasan?
Sözgəlişi, mənim yadıma gəlir, 1990-cı ildə “20 Yanvar” qurbanlarının sayı 131 nəfər idi. İllər ötdükcə bu say hansısa müxbirlərin qoltuq altından çıxartdığı rəqəmlər hesabına arta-arta getdi və dünən mən Vikipediyada baxdım artıq 170 nəfərə çatıbdır. Ümumən bir qeyd edim ki, bizdə tarixə münasibət həddən artıq siyasiləşib, bu baxımdan güman etmirəm, “20 Yanvar”ın da həqiqətlərini tezliklə açıq yazmaq mümkün olsun.
Gələn ildən ali məktəblərə qəbul qaydasının dəyişilməsindən narahat olan vətəndaşlarımızı da başa düşmək olmur. Nə fərqi var hansı qayda ilə olacaq? Həmin mənasız diplomlar sizin nəyinizə lazımdır? 5 il ona əziyyət çəkib, pul verməkdənsə (bizdə ödənişsiz, dövlət hesabına təhsil fiksiyaya çevrilibdir) uşağı indidən bir taksi şoferinin yanına qoyun, adam daşımaq öyrənsin. Ərəb dili kursuna yazdırın, aşağı yeri 2 manatdan Yasin oxuyar, bir az özünü tutsa ərəb turistlərə tərcüməçilik edər, pulu olar. Qız uşağıdırsa xınayaxdı, saçburdu, dırnaquzatdı kurslarına qoyun. Daima çörəyi olacaqdır. Yoxsa gedib hansısa çobandan 7 il terapiya, hansısa lotudan beynəlxalq hüquq, nə bilim, menecment, marketinq-zad “öyrənməyin” mənası nədir? İstəsəniz balaca araşdırma aparın: bütün ali məktəblərdə kafedra müdirləri, professorlar hansısa məmurlar, deputatlar-filanlardır. Bunlardan çağdaş dünyada nə öyrənmək olar? Əslində öyrənmək olar e, ancaq onlar bildikləri cəngəllik qanunlarını yadlara heç vaxt öyrətmirlər. Əqrəbadan olmalısan.
Savadsızlıq elə kütləvi hal alıb ki, vətəndaşlar televiziya müxbirlərini çağırıb, barmaqlarına dolayırlar. Srağagün internetdə bir süjet gördüm. Qəssaba oxşayan bir qardaşımız iddia edirdi ki, əbədi mühərrik qayırıbdır, jurnalist də ağzına çullu dovşan sığışmadan bunu efirə verirdi. Bəs MTRŞ hara baxır? Niyə bunları çağırıb demir ki, yalan danışmayın, milləti aldatmayın, əbədi mühərrik fizika qanunlarına görə mümkün deyildir? Bəyəm MTRŞ ancaq hansısa manısın şpaqat açmasını, hansısa zurnalistin “artıq” yox, “uje” deməsini tənqid üçündür?
Veriliş isə yumor baxımından çox ləzzətli idi, fizik dostum, millətə Karl Saqanı təbliğ eləməkdən başı şişmiş Yalçın İslamzadənin yeri məlum. Demək, qəssab (bəlkə də ayrı peşə yiyəsi idi, qəssablar məni bağışlasın) qardaşımız iki velosiped təkərinə kərkiyə oxşar əcaib dəmirləri yeldəyirmanı formasında bərkitmişdi, guya bunların ağırlıq mərkəzi mexanizmi daimi fırlandırırdı. Deyirdi bunun hələ yekəsini, uzununu qayırıb binanın damına qoyacağam, hamıya işıq verəcəyəm, bəlkə “Azərenerji” iflas oldu. Ancaq elə veriliş zamanı bu həngaməni əliylə güc-bəla, iki-üç dövrə fırlatdı, sonra qurğu dayandı! Müxbir deyilən bəndənin ağlına gəlmədi soruşsun ki, ay müəllim, bəs bu əbədi mühərrikə qıraqdan heç bir impuls, enerji lazım deyilsə, niyə bu dayandı? Özün dayandırdınsa, nöşün dayandırdın, qoy fırlansın da bə, işıq yazır bəyəm?! Müxbiri təkərə salmışdı.
Ancaq mən bilirəm o qurğu enerjisini haradan alırdı. Bizim şanlı tariximizdən alırdı!