İndi dələduzluğa aid bir məhkəmə prosesindən hazırlanmış xəbərin bir abzasını iqtibas edirəm. Oxuyun, sonra söhbəti davam etdirərik.
“Bir gün onun anası mənə dedi ki, qız tapım, yalandan toy edib pul yığmaq istəyirlər. Mən belə bir adam tapa bilməyəcəyimi dedim. Amma məsləhət verdim ki, gəlinsiz toy etmək olar. Dini toy adı ilə qızın iştirakı olmadan məclis təşkil edə biləcəklərini dedim. Ağıllarına batdı və razılaşdılar. Asif Ədliyyə Nazirliyində, polisdə tanıdığı hamını toya çağırmışdı. Restoranda ancaq kişilər idi. Anası, mən və daha 6 nəfər qadın yaxınları da orada idik. Amma biz restoranın ikinci mərtəbəsində oturmuşduq. Onlar toy edib pul yığdılar”.
Bax, mən camaatımızın bu xasiyyətini sevirəm. (Əslində, türkün sözü, “huyunu” yazmaq istəyirdim, sonra qorxdum ki, leksikonumuzda olan bütün alınma sözlərə tolerant yanaşan, amma hansısa yazıda, statusda türk sözü görəndə hövllənən oxucular narahat olarlar).
Təsəvvür edin, adam evlənmək, ailə qurmaq, bir qadınla dinc, yanaşı yaşamaq istəmir, amma hiss edir ki, bu işdə pul var, ona görə də sırf pul toplamaq üçün yalandan evlənmək istəyir, axtarır, özünə ortaq olacaq “dələduz gəlin” tapmır, məcbur olub sırf dini toy edir – gəlinsiz, qadın qonaqlarsız.
Dələduzluğun beləsi yalnız komediya filmlərində ola bilərdi, amma bu, bizdə real olaraq baş verib.
Bu cür beyni olan adamlara “ütük adam”lar deyirlər. Onlar hər şeydən pul çıxarmağı bacarırlar. Belə anlaşılır ki, Asif adlı həmin şəxs dövlət orqanlarında çalışan dost-tanışlarının başqa toylara necə səxavətlə nəmər yazdırdıqlarını görüb və düşünüb ki, əgər bunlardan 200-nü toya çağırsa, hamısı da toya 100-200-dən nəmər yazdırsalar, bir ətək pul edər.
Bəs real evlənmək olmazdımı? Belə görünür ki, yox. Real evlənməyin xərci çoxdur. Təkcə təzə gəlinə bir mücrü qır-qızıl alınmalıdır. Hələ bunun bayramda gəlin qapısına bəzəkli qoç aparılması, toya qədər 3-4 dəfə xonça daşınması, xınayaxdısı, unikal və bahalı gəlinlik libası tədarük edilməsi, gəlin maşını kirayələnməsi, lüks şadlıq sarayı tutulması və sair və ilaxırı var. Yazıq Asif bunların hamısına pul xərcləsə, onda aldatdığı dost-tanışlarının toya saldıqları puldan özünə nə qalardı?
Ona görə də “dini toy” variantı seçilib. Özü də bu ideyanı ona başqa bir qadın, hazırda Asifin dələduzluğundan şikayətçi olan birisi verib. Təəssüf ki, hakim ona “xanım, bu halda siz özünüz kim oldunuz?” deyə sual verməyib. Bəlkə də verib, bilmirəm.
Bildiyim odur ki, 7-8 il əvvəl Müşviqabad tərəflərdə yaşayan bir kişi də belə etmişdi, oğluna “gəlinsiz”, yalançı toy edib pul yığmışdı. Adamın dişində şirə necə qalmışdısa, 4-5 ildən sonra həmin fırıldağa bir də əl atmışdı. Guya ki, oğlu birinci ailəsindən ayrılıb, indi ikinci dəfə evlənir. Neynəsin, həyatdır, qismət…
Amma görünür, ya kişinin bu fırıldağı haqqında duyuq düşən, ağzını orda-burda yayanlar olub, ya da camaat fikirləşib ki, bu, iki gündən bir toy edəcək, biz də hər dəfə gedib bir qarın yeməyə 50-100 manat verəcəyik?
Belə olub, ya qeyri-belə, dəqiq məlumat yoxdur. Dəqiq olan odur ki, 200 qonaq üçün tutulmuş toyxanaya cəmi-cümlətanı 20 nəfərə yaxın adam gəlib. Beləcə, maya basıb qazancı yeyib. Adam öz fırıldağının, dələduzluğunun qurbanı olaraq borca düşüb.
Amma son məsələdə adı keçən Asif prosesdən uğurlu çıxıb, babat pul yığıbmış, çünki bu, onun siftəsidir, ilk işi, ilk “toy”udur.
Bir bu deyil. Yaxın adamlar danışırlar ki, şəhərdə olduqca gözək dələduz qızlar var, pullu oğlanları özlərinə aşiq edir, məsələ nikah masasına gəlir, şadlıq sarayında bitir. Toyun ertəsi günü isə təzə gəlinlər at kimi bəy evinin üzünə durur, yaxşı-yaman danışır (repertuarından asılı olaraq), qızılları mənimsəyir, hələ boşanma ərizəsi yazıb mülk davası da açırlar. Çox adam el içində biabır olmamaq üçün səsini içinə qısır, oğlunun adının “iqtidarsız” çıxacağından çəkinir.
Belə şeylər var. Kimsə nə vaxtsa deyib ki, kişi daşdan pul çıxarmağı bacarmalıdır, pul qazanmaqdan ötrü hər yola əl atmaq olar, bunların da ağlına batıb.
Amma haradan baxsan, yalandan toy edib pul yığmaq axırıncı yoldur. Həm də o mənada ki, bu yolu yeni kəşf ediblər, son icaddır.
Salamatı bu sayaq toylara gedib ulaq yerinə qoyulanlardan olmamaqdır. Amma nə biləsən…