Ötən həftə Nikol Paşinyan Bako Saakyanı İrəvana çağırmışdı. Bağlı qapılar arxasında nə danışdılar, bəlli olmadı, saatlar sonra Azərbaycan ərazisindəki separatçı və terrorçu qurumun başında dayanan bir neçə nəfər əvəzləndi.
İndi də Rusiya prezidenti Vladimir Putin Paşinyanı Moskvaya çağırıb. Rəsmi xəbərlərə görə, Ermənistanın baş nazir səlahiyyətlərinin icraçısı 27 dekabrda Rusiyaya gedəcək. Paşinyan daxil, Ermənistanda hər kəs bilir ki, bu, çox ağır səfər olacaq. Hələ Paşinyan aylar öncə Moskvaya səfər edərkən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov demişdi ki, görüş zamanı ikitərəfli əlaqələrin geniş spektri üzrə “açıq və ciddi danışıqlar” aparılacaq. Onda hələ münasibətlər indiki kimi kritikləşməmişdi. Görün indiki situasiyada həll olunası nə qədər problemlər var.
Nikol Paşinyanın durumu təsəvvürə gəlməz dərəcədə ağırdır. Erməni mediasının yazdıqları da bunu təsdiq edir. Təsəvvür edin, Ermənistan gözünü Rusiyaya dikib ondan parlament seçkilərinin nəticələri ilə bağlı təbrik gözləyir, Moskvadan isə “qaz təbriki” gəlir. Məsələ belədir ki, Ermənistana nəql olunan Rusiya qazı ilə bağlı razılaşmanın müddəti bu ilin 31 dekabrında bitir. Erməni mənbələri xəbər yayıb ki, indiyədək hər min kubmetri 150 dollara satılan qazın qiyməti Yeni il axşamından etibarən 215 dollara (!) hesablanacaq. Düzdür, hələlik bununla bağlı rəsmi məlumat yoxdur. Amma Rusiya və Ermənistanın baş nazirinin müavinləri arasındakı telefon danışığının olması faktı ortadadır. Hətta Rusiyadan bu barədə müzakirələrə belə yer qalmadığı barədə ultimativ xəbərdarlığın edildiyi bildirilir. Dolayısı ilə Rusiyadan Ermənistan hökumətinə “bu da sənə təbrik” mesajı gəlib.
Ermənilər Putinin illik mətbuat konfransında səsləndirdiyi fikirləri də “presidentsiz təbrik” olaraq qiymətləndirirlər. Rusiya prezidenti suala cavab olaraq deyub ki, Rusiya ilə Ermənistan arasında tarixi dostluq var və Ermənistanı Cənubi Qafqazda yaxın müttəfiqi sayır. Həm də qeyd etdi ki, Ermənistanın keçmiş rəhbərliyinin zamanında qurulmuş əlaqələri inkişaf etdirmək lazımdır. Demədi ki, Paşinyanla əməkdaşlığımız davam etdiriləcək, heç olmasa dilucu parlamentin 70 faizini götürmüş “Mənim addımım” blokunun başçısına təbrik də söyləmədi. Bircə onu vurğuladı ki, Paşinyan yaxınlarda Rusiyaya gələcək və bütün məsələlər barədə danışılacaq…
Nikol Paşinyan odla-suyun arasında qalıb. Rusiya ondan tələb edir ki, ABŞ başda olmaqla Qərbi ölkəsinə buraxmasın. Hətta xarici qoşunların Ermənistan ərazisinə daxil olmasını yasaqlayan sazişin imzalanması da gözlənilir. Bunu Rusiya XİN başçısı Lavrov deyib.
Ancaq Ermənistandakı qərbpərəstlər Rusiya ordusunu da Gümrüdən çıxartmağa çalışır. Xüsusilə də 2 dekabrda Gümrüdə rus əsgərinin süpürgəçi qadını döyüb öldürməsi Ermənistandakı antirusiya meyllərini gücləndirib. Ermənistan hərbçini tələb etsə də, Rusiya bundan imtina edir. Bu mənada Paşinyan çalışacaq ki, Rusiya bazasının ömrünü uzadacağını vəd etməklə Putindən qaz güzəşti qoparsın.
Şübhəsiz ki, kritik Moskva görüşündə söz sahibi Rusiya prezidenti olacaq. Odur ki, Paşinyanın şərtlə danışması real görünmür. Uzağı, erməni baş nazir vəd verə bilər: Ermənistanın sərhədlərini Qərbin üzünə açmayacağı, Rusiya hərbi bazasına qarşı hansısa çıxışların rəsmi səviyyəyə qalxmayacağı barədə.
Nikol Paşinyanın Rusiya səfəri öncəsi qatil general Manvel Qriqoryanın azadlığa buraxılması da təsadüfi deyil. Şübhəsiz ki, erməni generallar birbaşa Moskvaya bağlıdır. Yuri Xaçaturovla bağlı cinayət işinə Moskvanın sərt reaksiyası Paşinyanı vadar edir ki, Qriqoryana münasibətdə yumşaq davransın. Düzdür, deyir məhkəmənin qərarı onunçün gözlənilməz olub. Amma başqa nə deyəsidir? Ermənilər etirazlara başlayıb, Paşinyan özünü sığortalamalıdır. Sadəcə, Putinlə görüş ərəfəsində “açılım” edir…
Lakin çətin ki, bir generalla Putinin ürəyinə yol tapa bilsin. Ermənistan KTMT baş katibliyini itirdi, hökuməti Rusiya daxil, Avrasiya İqtisadi Birliyi ölkələrinin yanında nüfuzdan düşdü. Təsəvvür edin, seçkidən iki həftə keçib, ermənilər KTMT ölkələrindən təkcə Qırğızıstandan (?!) təbrik alıblar. Və belə bir ovqatla Paşinyan Moskvaya gedir – sərt qış ərəfəsində onu gözləyən “qaz təbriki”ni müzakirə etməyə.
Maraqlıdır, Moskva erməni hökumətinin göz yaşlarına inanacaqmı?..