“Öz dəyərini bilmək azdır, tələbat da olmalıdır”
(Mixail Jvanetski)
Gələn ildən hökumət özünüməşğulluq proqramını genişləndirmək fikrindəymiş. Böyük ehtiyac vardır, çünki işsizlik ciddi problemə çevrilmək üzrədir. Uca millətimiz üçün işləməyə yer qalmayıbdır. Olan işlər də biabırçılıq, sözün əsl mənasında qul əməyidir. Misal üçün, bugünlərdə bir dükanda piştaxta arxasında duran cavan oğlandan maaşını soruşdum, 300 manat alırmış. Gündə 14 saat, ayda 28 gün işləyir. Ayaq üstdə dayanmaqdan deyir ayaqlarımın altı yaradır.
Qabaq bir şüar vardı, müxalifət mitinqlərdə istifadə edirdi: “İş, çörək, Qarabağ”. Bunun iki hissəsini hökumət həll edibdir. Qarabağ bizdədir, çörək də o qədər çoxdur artıq zibil qutularının böyrünə yığırıq. Qalır iş tapmaq. Məncə hökümət işsizliyin üzərinə ciddi düşməlidir. Rəsmi statistikanın yalan-palanlarına da çox aludə olmaq lazım deyil. O rəqəmlərə inansaq, bizdə indi hətta südəmər uşaqları işlə təmin eləmişik. Əmici ştatına.
Sözgəlişi, Azərbaycanda işsizlik demoqrafiyaya, əhali artımına təsir göstərir, artıq neçə ildir bizdə əhali artımında azalma meylləri yaranıb. Boşananlar da artır. Evlənənlər isə azalır. Bu isə şadlıq sarayı saxlayan məmurlarımızı ciddi düşündürməlidir – sabah o saraylarda evlənməyə subay, sünnətə kişi qırığı, xınayaxdıya azyaşlı məktəbli qızlar tapılmayacaqdır. Özü də bu, qlobal problemdir, məncə bizdəki işsizliyin doğurduğu demoqrafik problemlər Putini də narahat etməlidir. Çünki burda az-maz iş olanda, camaatın başı qarışanda Rusiyaya işçi qüvvəsi də ixrac edə bilirdik. İndi isə camaat evlənməyəndən sonra Rusiyaya hansı muzdluları göndərəcəyik? Elə bizim kimi ətraf bölgələrdə əhali artımının azalması üzündən 2018-ci ildə Rusiyada da əhali artımı mənfi balansla yekunlaşdı, yəni, ölüm artımdan çox oldu. Sən demə qabaqkı illərdə bu mənfi saldonu miqrasiya hesabına ört-basdır edə bilirmişlər. Ölən Rusiya vətəndaşlarının yerini Azərbaycan kimi bölgələrdən gələnlər doldururmuş. İndi isə dolmur. İctimai həyat da birləşmiş qablar qanununa tabedir. Qabın birində səviyyə düşürsə, o birində də haçansa düşəcəyi qaçılmazdır.
Ancaq özü-özünü məşğul eləmək üzrə dövlət proqramından müəyyən narazılar ortaya çıxıbdır. Bunlar istəyirlər dövlət qulluğuna girsinlər. Sanki halva-halva deməklə ağız şirin olurmuş. Dövlət qulluğu üçün o dövlətin qurulmasında, yaşamasında iştirak eləmək lazımdır. Yoxsa seçkiyə getmə, siyasətə qarışma, axırda da dövlət qulluğuna iddia elə – buna heç kəsin ixtiyarı yoxdur. Biz bu cür hərc-mərcliyi axırıncı dəfə AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində görmüşük. Təsəvvür elə, hətta Etibar Məmmədov kimi adam vəzifə istəyirdi! Bəs indi niyə istəmir? Çünki özünüməşğulluq proqramından yararlanır.
Narazıların bir qrupu isə kənd təsərrüfatı sahəsində yaranıbdır. Orda ürəyi istəyən kəndliyə danadan, qoyundan, kolbasalıq camışdan, nə bilim, kabablıq eşşəkdən-filandan verirlər, sən bunları saxlayıb ətindən-südündən yararlana bilərsən. Ancaq şikayətçilər deyir bizə arıq dana, qısır qoyun, südsüz eşşək veriblər. Deyir bu heyvanların xərci borcunu ödəmir, peşiman olmuşuq. Guya hökumət bunlara saxlamaq üçün cins Alman inəyi, incə yunlu ingilis qoyunu, quş kimi uçan Axaltəkə atı verməliymiş. At demişkən, bunun milli mənəvi dəyərlərimizdə təsviri də vardır: “Bəy verən atın dişinə baxmazlar”. Bunlar isə baxırlar. Ay camaat, nə verirlər, alın, qane olun. Verməsələr nə edərik? Makiavelli müəllimin də bu xüsusda qəşəng sözü vardır, deyir hər kəndli özünüməşğulluq üçün aldığı danaya layiqdir.
İndi söz əlaqədar təşkilatlarındır. Mən də dana istəyirəm, köşəmdə saxlayacağam. Oxucularla birlikdə yemləyəcəyik, inşallah, ümid edirəm yayda Milli Mətbuat Gününə qədər bala verər. Sonra dananı kəsib dərisindən perqament düzəldəcəyik, üstündə qəzet çıxardacağıq.
Görürsünüz, əməllicə proqramım var.