“Əgər siz məhkum deyilsinizsə, bu, sizin xidmətinizin yox, bizim yaxşı işləmədiyimizin nəticəsidir”
(Feliks Dzerjinski, keçmiş MTN şefi)
Naxçıvanın keçmiş daxili işlər nazirinin qardaşı Əvəz müəllimin məhkəməsi gedir. Əvəz müəllim özü də balaca adam deyilmiş, ərazidə keçmiş MTN-in zabiti olmuşdur. İndi suçlandığı maddələr isə yüngülvari maddələrdir. Əşşi, heç nə, hədə-qorxu ilə pul tələb etmə və adam oğurluğunda suçlanır. Cəmi-cümü 2 maddə ilə. Biabırçılıqdır. Məncə, türmədə onun hörməti-zadı olmayacaqdır. Çünki keçmiş həmkarlarından Akif müəllim bəlkə CM-in 77 maddəsi ilə suçlanmışdı. İki maddə ilə bizdə heç müxalifətçi tutmurlar. Ad-san var, dövlət idarələrinin nüfuzu söhbəti var, gərək bunları batırmayasan.
Hörmət demişkən, işin içində Hörmət adlı bir yoldaş da var, bu isə Müdafiə Nazirliyi qoşunlarından birində tibb xidməti rəisi olubdur, polkovnik rütbəsində. Sən demə, Əvəz müəllim bunu tutub öz restoranında döyübdür, başına qaynar çaynik atıbdır. Məhkəmə reportajında bir hissə mənim çox xoşuma gəldi, hakim soruşur ki, qapı açıq idisə Əvəz səni döyəndə niyə qaçmırdın, Hörmət müəllim deyir: “Həmin vaxt mən görüşə hərbi formada getmişdim, çiynimdə altı ulduzla kiminsə qabağından qaçmağı mənliyimə sığışdıra bilməzdim”. Bilməyənlər üçün arayış verim, bizim orduda polkovnikin altı yekə ulduzu olur. Üçü sağ poqonda, üçü solda. Bu məqamda yadıma bir əsgərlik xatirəsi düşdü (rəhmətlik Qayaxan demişkən, qadınların doğuş, kişilərin əsgərlik xatirələri bitməz). Bir dəfə korpus komandiri gecə vaxtı qəfildən ştabımızı yoxlamağa gəlmişdi, bizdə də Qulmirzəyev soyadlı polkovnik, tabor komandiri həmin gecə ştabda növbətçi olmuşdu. Korpus komandiri Qulmirzəyevin yaxşı hesabat vermədiyinə hirslənib onun poqonuna əl atmışdı, ulduzun ikisini qopartmışdı. Sonra əsgərlərin gözü qabağında zarafatla demişdi ki, bu gündən sənin bir tərəfin mayordur. Həmin anda mən italyan yazıçısı İtalo Kalvino-nun “İkiyə bölünmüş vikont” əsərini xatırlamışdım.
Ancaq bütün hallarda tibb xidməti polkovnikinin zabit şərəfini qoruyub döyüldüyü kafedən bir addım geri çəkilməməsi, son damla çaynikə qədər yanması qəlbimizi fərəhlə, qürurla doldurur. Vətən belə zabitlərlə ucalır. Biz dəmirqapı Dərbəndi, gözüyaşlı Təbrizi, Sintzsyan Uyğur Muxtar Vilayətini məhz belə qəhrəman oğullarımız hesabına azad edəcəyik! Şair bu məqamda gözəl deyibdir: “Qılıncam, ovxarım pulla, inamla, Min ilin başında yurdun səsiyəm. Özüm çaynik altda kül ola-ola, Gələcək günlərin pərvanəsiyəm!”
Hərçənd ordu rəhbərliyi Hörmət müəllimin poqona hörmətini lazımınca qiymətləndirməyib, işdən qovubdur. Bu da azmış kimi, polkovnikə dələduzluq maddəsi ilə iş açıblar, tutublar. Əvəz müəllimin məhkəməsinə zərərçəkən kimi gəlsə də, sən demə, Hörmət müəllim özü başqa cinayət işində müttəhimlər kürsüsündə oturur. Ünlü klassiklərimizdən Süleyman Çakır demişkən, nə gözəl İstanbul bə… İşlər ərəb saçına dönmüşdür. Özü də maraqlıdır ki, Əvəz müəllimin zərər vurduğu adamlardan biri həmçinin Hörmət müəllimin xeyir verdiyi adam imiş. Hakimə qibtə eləmirəm, gəl indi bu işdən baş aç. Sonucda pulun kimdə qaldığını da bilmirsən. Bu isə hakim üçün vacib məsələdir. Həyati önəm daşıyır. Neçə ay quru-quru iclas apar, axırda pul tapılmasın. Elə bil riyazi tənlik həll edirsən, sonda iks sıfıra bərabər olur.
Maraqlı proseslərdən biri isə Əvəz müəllimin MTN-də həmkarı olmuş başqa hörmətli yoldaşların başında aparılır. Bunlar Daşkəsəndə icra hakimiyyətinin memarının “obnaliçka” əməliyyatından duyuq düşüb 680 min manatı qapazlayıbmışlar. Pul körpü tikintisi üçün ayrılıbmış. Düzü, bilmirəm indi o körpünün yerində nə var, ancaq MTN zabitlərinin yarım milyondan çox pulun nağd şəkildə kiminsə əlində olmasını dərhal bilməsi bacarıqdan xəbər verirdi. Nahaq idarəni ləğv elədik, işə yarayardılar. Saxlamaq olardı. Dünən Daşkəsəndə vəhşi heyvanlar bir kimsəsiz adamı yemişdilər. Təbiətin qanunu belədir, yırtıcıların bir qrupu sıradan çıxarılırsa, o biri qrupu güclənir.
İndi söz əlaqədar təşkilatlarındır – sizdə çaynik varmı?