Güzar elə gətirdi ki, “Palmalı” şirkətinin ofisində Türkiyənin şərq əyalətindən gəlmiş bir iş adamıyla həmsöhbət olduq. Şirkətdə adamı, türkün sözü, çox sıcaq qarşıladılar – sanki əsgərlik yoldaşı olublar.
Əslində Musa bəy bizim dağ rayonlarından Bakıya işləməyə gəlmiş fəhlələrə, konkret olaraq parket yonan ustalara oxşayan bir adam idi. Geyimi-keçimi də sadəydi, danışığı, maneraları da.
Söhbət əsnasında məlum oldu ki, o, hələ Bakıda olmayıb, amma vaxtilə Bakının üstündən keçib, Xəzərin o tayına adlayıb, Türkmənistanla ticarət əlaqələri qurub. Onun köhnə Türkmənbaşı ilə də şəxsi dostluq münasibətləri varmış.
Bir ara yeri gəldi, dəqiqləşdirdim: Musa bəyin Saparmurad Niyazovla İbrahim Tatlısəsin arasında keçən lətifəyəbənzər əhvalatdan xəbəri vardı, güldü, dedi, əvət, öylə bir olay gerçəkdən olmuş.
Söhbətimiz Türkiyənin mövcud iqtisadi durumu istiqamətində irəlilədi, iş adamı öz baxışlarını açıqladı, dedi ki, Türkiyə məcburdur ki, türk respublikaları ilə daha geniş iqtisadi münasibətlər qursun, ticarət əlaqələrini genişləndirsin, belə etsək, sırtımız yerə gəlməz.
İş adamı beləcə də dedi: “Azərbaycan, Türkmənistan, Qazaxıstan, İran, ərəb dövlətləri çox şanslıdırlar, karbohidrogen resursları var, amma Türkiyənin kənd təsərrüfatı və tüstüsüz sənayedən başqa bir şeyi yoxdur, ona görə də biz gərək bu sahələri daha da inkişaf etdirək.
“Tüstüsüz sənaye” – bu ifadə haradansa tanış idi, nə vaxtsa eşitmişdim. Amma Musa bəy yaddaşımı çox qurcalamağa imkan vermədi, “tüstüsüz sənaye” deyərkən nəyi nəzərdə tutduğunu açıqladı.
Bəli, “tüstüsüz sənaye” turizm imiş.
Necə də dəqiq bir ifadədir. Turizm doğrudan da ilboyu xarici valyuta gətirən bir sənayedir, hətta yay mövsümündə öz gəlirliliyinə görə başqa sektorları da üstələyə bilir. Qışın qış vaxtı İstanbulda saysız-hesabsız valyutadəyişmə məntəqələrinə vaxtaşırı girib-çıxanlar, pul dəyişənlər varsa, demək, “tüstüsüz sənaye” işləməkdə davam edir.
Bu heynədə Musa kişi məndən soruşdu ki, bəs “tüstüsüz sənaye”nin durumu sizdə necədir.
Burada qərib kövrəldi, dedim, pis deyil, yavaş-yavaş inkişaf edirik. Bəzi şeylər nitqimə gəldi, amma demədim.
Demədim ki, Musa qardaş, bizdə turizm sektoru o qədər də tüstüsüz deyil, yaşıl rayonlarda yüzlərlə kafe-restoran var, bütün günü kabab tüstülədirlər, onları yeyəndən sonra hesabı ödəyən müştərinin tüstüsü təpəsindən çıxır və çoxu bir daha bu ölkəyə turist kimi gələnin yeddi arxa dönəninə söyüş qoyur, o gedən gedir.
Bunları Musa müəllimə demək olmazdı, çünki qırımından anladım: o, bu yaxınlarda azərbaycanlı dostlarının tövsiyəsi ilə ölkəmizə gələcək və gəlib burada hər şeyi öz gözü ilə görəcək.
İstanbulda isə mövsümü olmasa da, küçələrdə, alış-veriş mərkəzlərində çoxlu turist var. İrandan və ərəb ölkələrindən gələnlər üstünlük təşkil edir. Azərbaycandan da kifayət qədər adama rast olmaq olar. Bir də görürsən ki, düz qulağının dibindən səs gəlir: “Aaz, o atovun əyninə olmaz, bunların ölçüsü fərqli olur”; “Gedək, o biri addelə də baxaq”, “Yox, bacı, bizim maqazinlərə baxanda bırda ucuzluqdur” və s.
Dönüb baxırsan ki, azərbaycanlı ana-baladır, cütlüklərdir, ailədir. Bizimkilər belədir: muzeydə itirirsən, gəlib AVM-də taparsan.
Əlbəttə, alış-veriş yaxşı şeydir, “tüstüsüz sənaye”ni ayaqda saxlayır. Əgər bizim ticarət mərkəzləri də bir az insaflı olsalar, 20 dollarlıq ayaqqabını 120 manata satışa qoymasalar, alverləri daha yaxşı gedər. Anadolu türkləri bizim kimi etsələr, bütün sənayeləri od tutub yanar, çox pis tüstülənər, hətta his edər, qurum bağlar. Ancaq onların ağlı kəsir ki, satdıqları malı elə qiymətə versinlər ki, alverləri şıdırğı getsin.
Musa bəy də deyir, sizin ölkənin geniş potensialı var, sağ olun ki, Türkiyədə “Star” zavodu açdınız, bəlkə bu səbəbdən bizdə də yanacağın qiyməti, heç olmasa, sabit qalacaq.
Bəy bunu deyəndə bir anlığa özümü həmin zavodun açılmasına məsul olan şəxslərdən biri saydım, dedim, qardaş qardaşa nə gündə lazımdır, əziz qardaş.
İndi düşünürəm ki, təbiət Türkiyəyə karbohidrogen ehtiyatı verməyibsə də, üç tərəfində “tüstüsüz sənaye”ni inkişaf etdirmək üçün dənizlər, dağlar, vadilər verib. İnsanları da ağıllı, çalışqandırlar, inşallah, özləri demişkən, sırtları yerə gəlməz.