Bizdə iqtisadiyyatın bütün sahələri, həmçinin ticarət yüksək səviyyədə dövlətin himayəsi altındadır, o baxımdan mən Bakıda kiminsə dükanın içinə maşın sürməsi xəbərini görəndə həyəcanlanmışdım. Fikirləşirdim bu adam ya dəli olubdur, ya da müxalifətçilər təzə mübarizə üsuluna keçibdir, indən belə maşını dükana sürəcəklər. Axı xaricdə də etiraz aksiyalarında olur, görürsən mitinqçilər dükan-bazarı dağıtdılar, yandırdılar. Şükür, dünən nigarançılığım aradan qalxdı, sən demə, maşının yiyəsi idman məşqçilərimizdən birisiymiş. İdmana dövlət qayğısı dükanlara dövlət qayğısından az deyil ki, çoxdur. Bəlkə də çox deyil ki, azdır (söz oyunu üçün yazıram, mənası yoxdur, hesab edin oxumadınız). Rəhbərlik elədiyin komanda heç bir uğur qazanmasa belə, sənə dəyib-dolaşan olmayacaqdır. Əksinə, ən hörmətli adamlardan sayılacaqsan. Misal üçün, elə o dükana girən maşının azı 50 min manat qiyməti vardı.
Əlbəttə, daha baha maşınlar sürən insanlarımız da var, ancaq maraqlıdır ki, biz onları adətən işdən çıxarılandan sonra tanıyırıq. Görürsən xəbər lentində başlıq getdi: “Filankəsin işdən çıxarılan rəis oğlunun bahalı maşınları”, “Adam vuran nazir nəvəsinin lüks avtomobilləri”, nə bilim, “Sabiq nazirin oğlunun eyni nömrəli, yüksək qiymətli maşınları aşkara çıxdı” və sairə. Bəs bu maşınlar adam vəzifədə olanda niyə görünmürmüş? Yəqin ki, vəzifə maşına gözəgörünməzlik qazandırır. Başqa nə olasıdır? Qanunçuluq şəraitində, bütün vətəndaşların dövlətçiliyə hörmətinin gen-bol olduğu durumda yaşayırıq. Hər bir məmur vaxtında gəlir deklarasiyası verir, dövlət idarələri, hüquq-mühafizə orqanları kimin nəyi var, nə qədər vergi ödəyir, bu tip şeyləri gözəl bilirlər. Ancaq bəzi maşınlar gözəgörünməz düzəldilir, burda nə edə bilərsən? Heç nə. Yalnız adamı işdən çıxartmaq lazımdır ki, sehrli iksir də maşının üstündən yuyulub, buxarlanıb getsin.
Bu arada zəhmətkeşlərimizi qarşıdan gələn Donuz ili, dünya azərbaycanlılarının həmrəylik günü kimi bayramlar münasibətilə təbrik edirəm. Dedim indidən eləyim, birdən sonra yadımdan çıxar, biabır olarıq. Hərçənd mən heç bilmirəm biz Donuz ilinə necə girəcəyik, çünki murdar və Allahın xoşuna gəlməyən heyvandan söhbət gedir. Bunun əti kitabda haram buyurulubdur. (Yəqin bu da xarici qara qüvvələrin, ermənipərəst ünsürlərin işidir, istəyirlər Donuz ilinə girib günaha bataq, axirətdə cəhənnəmdə yanaq. Allah sizə lənət eləsin). Həmişə bu məqamlarda açıqlama verən Şamaxı rəsədxanası, AMEA-dan Əkrəm Həsənov kimi ziyalı alimlər, şeyxin idarəsi də nədənsə susur. Camaat çox narahatdır, hətta bir nəfər Sumqayıtda nəzir qutusundan pulları oğurlayarkən tutulub, tərəfimizdən aşkar edilib götürülmüşdür. Məncə, çıxış yolu odur ki, biz Donuz ilinə girməyək, birbaşa sonrakı il nədirsə, ona girək. Hətta iqtisadi potensialımız imkan verir özümüzün il təqvimimizi düzəldək. Örnək üçün, qoy gələn il Bozqurd ili olsun. Ya da Gəlin ili – trendə uyğun olaraq.
Axı haçana qədər çinlilərin ardınca sürünəcəyik? Üstəlik, proseslər Çin kimi heyvərə dövlətin Azərbaycandan öyrəndiyini göstərir. Dünən orada dissidentlərə, müxalifətçilərə qarşı maraqlı tədbir görüldüyündən xəbər vardı, deyir Çin kommunist rejimi dissidentləri… kurorta göndərir. Sözün əsl mənasında. Hansısa rəsmi tədbir hazırlananda (bizdəki “Eurovision”, İslam, Avropa oyunları tipində) dissidentlər gözə görünüb bəzəyi pozmasın deyə hökumət onları bir müddətə Çinin gəzməli, görməli yerlərinə mədəni sürgün edirmiş. Bu zaman bütün xərclər, o cümlədən dissidenti müşayiət edən polislərin xərcləri dövlət tərəfindən ödənirmiş. İçki, mehmanxana, yemək puluna qədər. İndi deyəcəksiniz bizdə belə olsa kef çəkərdik, hamı birdən müxalifət olardı, 13 nömrəli kolonda daş tozu udmaqdan neçə nəfər xəstə düşübdür… Doğrudur, bizdə tam olaraq da belə təcrübə yoxdur. Ancaq yadınıza gəlirsə, 5-6 il qabaq müxalifət hansısa aksiya edəndə polislər onları maşına mindirib Qobustan qoruğuna aparıb buraxırdılar. Düzdür, geri gətirmirdilər, ancaq hər halda, Qobustan dünyada tanınan turizm ərazisidir, ora nə cür getsən savabdır. Bəlkə də elə bizim müxalifəti orada görən hansısa çinli turist bu təcrübə haqda ölkəsinə xəbər vermişdir.
Siz də fikirləşin, Donuz ilinə təzə ad tapsanız yazın. Hələ vaxtımız var.