Bu gün cəmiyyətdə belə bir deyim var ki, məscidlər insanları aldadır, din üzərində biznes qurulur. Kimdən soruşursan, deyir, məscidin nəzir qutusuna atılan ianələri işçilər özlərinə götürür. Dinə qarşı şübhələr, məscidlərin fəaliyyətindən narazı qalan insanların sayı artır. Budəfəki müsahibimizlə bu suallara aydınlıq gətirməyə çalışdıq.

Məscidlərdəki vəziyyət, məscid işçilərinin aldığı əməkhaqqı, toplanan ianələrin sərf edildiyi yerlər, məscidlərdə göstərilən xidmətlərin rəsmi qiymətləri və s. bu kimi suallarımıza cavabı paytaxtda fəaliyyət göstərən “Əjdərbəy” məscidinin icma sədri, Hacı Həmdüllah Babayevcavablandırıb.

Oxu.Az cəmiyyət arasında “Göy məscid” kimi tanınan məscidin axundu, icma sədri Hacı Həmdüllah Babayevlə müsahibəni təqdim edir:

– Məscid haqqında məlumat verməyinizi rica edərdim. Niyə məhz “Əjdərbəy” məscidi?

Pulu olan məscidə gəlmir, dərdi olan gəlir – MÜSAHİBƏ

– “Əjdərbəy” məscidinin çox qədim tarixi var. Həm tarixinə, həm də fəaliyyətinə görə digər məscidlərdən seçilir. Bu məscidin əsasını Əfşarilər nəslindən olan Hacı Əjdər bəy qoyub. Əfşarilər nəslinin tarixi isə qədim Qəzvin əyalətinə qədər (indiki İran) gedib çıxır. Bu sülalənin yeganə məramı o olub ki, İslam dinində vəhdət yaratsınlar.

Həmişə istəyiblər ki, mənsəblər arasında yaxınlıq olsun. Bu gün İranda Ayətullah Təxsiri adlı bir alim var ki, həmin nəslin davamçılarındandır və bu gün də həmin məramı davam etdirir. O vaxt Çar Rusiyasına müraciət edən Əjdər bəy onlardan 500 nəfərlik bir məscidin tikintisi üçün icazə istəyib. Məscidin tikintisinə icazə verilib və ilk dəfə bu məscid “İttifaq” adı altında açılıb, içərisində eyni anda 500 nəfər ibadət edə bilib.

– Məscidi zaman-zaman müxtəlif adlarla çağırıblar, bunun səbəbi nə olub?

– Bəli, müəyyən dövrlərdə məscid fərqli adlarla tanınıb: “Vəhdət”, “Göy Məscid” , “Tatar Məscidi” və s. Sovet dönəmində azərbaycanlılara tatar dedikləri üçün bu məscidə “Tatar məscidi” də deyiblər. O vaxt Sovet hökumətinin ilk illərində neft çıxarmaq üçün Kazan, Ufa və başqa əyalətlərdən buraya tatarlar gəlirdi.

Sovet hökuməti dağıldıqdan sonra məscidin fəaliyyəti dayandırılmışdı. 1944-cü ildə Stalin Tehran müqaviləsinə gedən zaman o vaxt ona tatarlar da müraciət etmişdi. Və həmin ildən “Təzəpir” və “Əjdərbəy” məscidi yenidən fəaliyyətə başlayıb. Məscidin “Tatar məscidi” adlandırılması da məhz bu ərəfələrə düşür.

– Ümumiyyətlə, bəzən obyektlərə insan adları verilir. Elə ziyarətgahlar da adlarla tanınır, bu, doğrudurmu? Çünki ibadət yeridir və hər kəs Allaha ibadət etmək üçün gəlir.

– Bəli, əslində, məscidlər heç vaxt hansısa insan adı ilə bağlı olmaz. Məscid məsciddir və müsəlmanlar üçündür. Amma bu gün məscidi “Əjdərbəy” məscidi kimi də tanıyırlar, “Göy Məscid” kimi də.

– İlk dəfə bu məsciddə bütün dini mənsəblər ibadət edə bilib.

– Bəli, ona görə də bu məscid “İttifaq” adlanıb. Burada bütün dini mənsəblərə aid insanlar ibadət edə bilir. Bu gün məscidimizdə tatarların dini ayinlərini icra edən molları var, beş nəfər əhli-sünnə imamımız var, beş nəfər şiə mənsəbinə qulluq edən imamımız var. Amma onlar burada qardaş kimi, heç bir problem olmadan öz ibadətlərini yerinə yetirilər.

Bu baxımdan, yeganə məscid bura olub, amma sonradan prezident İlham Əliyevin tapşırıqları əsasında ölkədə multikulturalizm təbliğatı nəticəsində, demək olar ki, bütün məscidlərdə müxtəlif mənsəblərə inanan müsəlmanlar rahat ibadət edə bilir.

– Məscidə ibadət üçün müsəlman ölkələrindən olan turistlər gəlirmi?

Pulu olan məscidə gəlmir, dərdi olan gəlir – MÜSAHİBƏ

– Son vaxtlar ölkəyə Pakistandan, İrandan, Ərəbistandan olan turistlər gəlir. Bəzən sünni və şiə təriqətindən olan insanların bir məkanda ibadət etdiyini görəndə onlar təəccüblənirlər. Çünki ərəblərdə belə şey yoxdur. Ümumiyyətlə, axı heç kim qapı qonşusunun sünni, ya şiə olduğunu bilmir. İslamda bu sualın verilməsi münasib görülmür. Bu, yalnız insan namaz qılan zaman məlum olur.

– Yerli camaatdan məmurlar, iş adamları, vəzifəli şəxslər ibadət üçün məscidə üz tuturmu?

– Hindistan, Pakistan, Əfqanıstan və digər ölkələrin paytaxtımızdakı səfirliklərindən olan insanlar da ibadət üçün bizim məscidə gəlirlər. Bəzən müraciət edirlər ki, məscid üçün nə edə bilərik? Mən isə hər zaman qeyd edirəm ki, ölkə başçısı daim bizi diqqətində saxlayır və zəruri məsələlərin həll olunması üçün müvafiq tapşırıqlar verir. Ölkədə vəzifə sahibləri məscidə gəlmir. Mən görməmişəm. Belə deyək, kimin pulu var məscidə gəlmir, kimin dərdi varsa, məscidə gəlir, Allahdan yardım istəyir. Belə baxanda, dərdli adamlarda da pul olmur. Bu, artıq illərin fəlsəfi sözüdür.

– Necə düşünürsünüz, bu sünni-şiə söhbətləri nə zaman aradan qalxacaq?

– Çox doğru məqama toxunursunuz. Bizim məqsədimiz bu ayrıseçkiliyi aradan qaldırmaqdır. Çünki hər birimiz müsəlmanıq. Bu məsələnin davam etdirilməsi, müzakirə olunması məqbul hesab edilmir.

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin qarşısında dayanan əsas məqsədlərdən biri budur. İspaniyada, Berlində, Daşkənddə konfranslar keçirilib və bu məsələnin geniş müzakirəsi aparılıb. Məqsəd İslam dinində birliyin təşkilidir. Bu gün İslam dininə ləkə yaxmaq istəyənlər o qədər çoxdur ki, bir olmaq yüz il əvvəlkindən daha vacibdir.

– Onların namaz ibadətlərində nə kimi fərq var?

– İbadət zamanı hərəkətlərdə cüzi fərq var. Başqa ciddi fərq yoxdur. Hamısı müsəlmandır, Allah üçün ibadət edir. Sadəcə, belə bir məqam var ki, əhli-sünnilər üçün cümə namazı mütləq şəkildə vacibatdır. Qılınmasa, günah sayılır. Hətta belə fərz var ki, dörd cümə namazı qılmayanın ibadəti havada qalır.

Şiələrdə isə vacibat yoxdur, cümə namazı qılınsa, yaxşıdır, qılınmasa, günah sayılmır. Ona görə bu gün də cümə namazı vaxtı məsciddə daha çox əhli-sünnilər olur. Cümə namazlarında Şeyxin birinci müavini Hacı Salman, eyni zamanda, qazi və bu məscidin imamı Hacı Bəhruz və biri tatar olmaqla, üç imam iştirak edir. Yəni heç kim deyə bilməz ki, mən ibadət üçün “Əjdərbəy” məscidinə getdim, amma ibadət edə bilmədim. Bütün mənsəblərdən şəxslər bizim məsciddə rahat şəkildə ibadət edə bilir.

– Məscid hazırda neçə nəfər üçün nəzərdə tutulub?

– Cənab prezidentimizin tapşırığı ilə məscid yenidən əsaslı təmir edilib. Bu gün “Əjdərbəy” məscidində cümə namazında 1500-2000 nəfərə qədər insan namaz qıla, ibadət edə bilir.

– Belə bir məlumat var ki, məscid fəaliyyətini dayandırdığı illərdə həbsxana, işgəncə yeri kimi istifadə edilib. Bu barədə dəqiq məlumat varmı?

Pulu olan məscidə gəlmir, dərdi olan gəlir – MÜSAHİBƏ

– Məscid Sovet dövrünün müəyyən bir ərəfəsində bağlanıb. Məlum məsələ idi ki, o vaxt dinlərlə mübarizə aparırdılar. Kilsələr, sinaqoqlar, məscidlər hamısı bağlı olub. Bütün bunlar dini mübarizənin nəticələri olub.

Məsciddə heç kimə işgəncə verilməyib, dustaq saxlanılmayıb. Amma 20 Yanvar hadisələri zamanı gülləboran olunub. Bu gün məscidin divarlarında həmin izləri görmək mümkündür.

– Deyirlər, məscid qapısı hər zaman açıq olur. Evsizlər, kimsəsizlər məscidə sığınır?

– İslamda məsciddə yemək  və yatmaq məkrufdur. Bu, bəyənilmir. Məscid dünya söhbətləri, qeybət, vaxt keçirmək üçün məkan deyil. Burada sırf ibadətlə məşğul olmaq lazımdır. Bizim məsciddə yatmaq, gecə qalmaq söhbətləri yoxdur. Dünya od tutub yanır məscidlərin partladılması xəbərləri ilə. Əlbəttə ki, bu məsələlərə görə təhlükəsizlik qorunmalıdır.

– Gün ərzində 2000 nəfərə yaxın insan ibadət edir. Məscidin təmizliyinə nəzarət edilirmi?

– Hər bir yerin gigiyenik təmizliyinə riayət edildiyi kimi, məscidlərdə də buna əməl edilməlidir. Gün ərzində 1500 nəfərə yaxın insanın ibadət etdiyi məscidin təmizliyini təmin etmək üçün xadimələrimiz əllərindən gələni edir.

İbadət təmiz yerdə olmalıdır. Yatsı namazından sonra məscid bağlanır və sabah sübh namazına qədər bizim işçilərimiz təmizlik işləri aparır. Xalçalar təmizlənir, dəstəmaz alınan yerlər yuyulur.

– Bəzən deyirlər ki, dəstəmaz almaq üçün bir dəfə istifadə olunan tərliklər qoyulsa, yaxşı olar. Bu şəraiti yaratmaq üçün məscidlərin maddi imkanı varmı?

Pulu olan məscidə gəlmir, dərdi olan gəlir – MÜSAHİBƏ

– O məsələ həm yaxşı, həm də ciddi məsələdir. Əlbəttə, yaxşı olardı. Amma maddi tərəfini düşünsəniz görərsiniz ki, məscid bunu qarşılaya bilməz. Məscid özünü dolandırmaq üçün çox əziyyət çəkir. Baxın, elə bu gün gəlib məscidin aylıq kommunal xərcləri.

878 manata yaxın işıq puludur, 700 manata yaxın qaz pulu, elə bir o qədər də su pulu. Bütün bunları ödəmək üçün axı əlavə pul ayrılmır. Bunun yuyucu vasitələri, təmizlik işləri üçün lazım olan əşyalar, sabun, süpürgə, dəsmallar və s. heç bunlara aid edilmir hələ.

Ay ərzində məsciddə 1300-1500, maksimum iki minə yaxın ianə toplanır ki, o da elə bu kommunal xərclərə gedir. Dövlət məscidə yox, məscidin din xadimlərinə müəyyən məbləğdə əməkhaqqı verir. Bu gün o ianələrin hara xərcləndiyi ilə bağlı o qədər yanlış məlumatlar yayırlar ki, insanlar məscidə ianə vermir. Din xadimlərinin əməkhaqlarını da ölkə başçısı ayırır. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi etmir.

– Məscidin neçə işçisi var?

– 10-13 nəfər işçimiz var. Onların hər birinə gördükləri işin müqabilində rəsmi maaş verilir. Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) tərəfindən məscidin İmam və beş nəfər müavininə 500 manat, sanitar qovşaqlara baxan, elektrik 330 manat, fəhlə, sürücü, dörd mürdəşirə (iki qadın, iki kişi) isə 230 manat əməkhaqqı verilir.

– Məsciddə vakansiya olurmu?

– Xeyr. Xüsusi qrafikə uyğun işçilər var.

– Məscidlərdə ölülərin yuyulması üçün təyin edilən konkret qiymətlər varmı?

– Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən təyin edilən qiymət 50 manatdır. Amma bəzən insanlar özləri könüllü şəkildə artıq məbləğ ödəyirlər. Bu halda biz onlara qarışmırıq. Amma bizim məscidin işçisi ölü yiyəsindən artıq pul istəyirsə, o ya həmin pulu geri qaytarmalıdır, ya da işindən azad edilməlidir.

Bəzən deyirlər, getdik “Göy məscid”ə, 300-400 manat xərcimiz çıxdı. Onu da izah edim. Bəzən ölü yiyəsi öz cənazəsindən qorxur, gecə evdə saxlamır, gətirir məscidə. Sonra tapşırır ki, kəfən alın, pambıq alın, cəsədi də saxlama yerində saxlayın. Biz də hesablamışıq ki, saxlama yeri bir sutka işləyəndə 20 manata yaxın işıq pulu yazılır.

Qiymətlər hesablanıb üst-üstə gələndə 100-200 manat edir, onda da deyirlər ki, 200 manata ölü yuyurlar. Əvvəla, şəriət qanunlarına görə, hər kəs öz ölüsünü özü yumalıdır. Əgər sən cənazəyə toxuna bilmirsənsə, onu bir başqası yuyursa, sən onun haqqını verməlisən, o haqq səndə qala bilməz.

Neçə dəfə olub, demişəm ki, kommunal xərcləri halal edirəm, girin, öz cənazənizi yuyun, son borcunuzu yerinə yetirin. Deyiblər, yox, qorxuruq. Məsələni birtərəfli danışmaq düz deyil, bu da sizə təfərrüat.

– Son zamanlar ilahiyyatçıların da sayı artıb. Hər biri də başqa-başqa fikirlər səsləndirir. İnsanlar artıq İslamda nəyin doğru, nəyin yanlış olduğunu seçə bilmir.

– Təəssüf ki, bu gün özündən hekayə uyduranların sayı çoxalıb. Adlarını ilahiyyatçı qoyub, camaatın fikirlərini bulandırırlar. Biri deyir ki, peyğəmbərimiz adi insan olub, biri deyir, Əzrayıl yoxdur. Onlar bunu haradan oxuyur, nə düşünür, nəyi təbliğ etməyə çalışır, mən anlamıram.

Peyğəmbər bəşər övladı deyil. Peyğəmbərimiz nümunədir. İnsan birinci sinfə gedəndə müəllim yazı lövhəsinə bir hərf yazır nümunə olaraq. Uşaqlar da baxır ona, davamını yazır. Peyğəmbəri də Allah yer üzünə, bəşər övladlarına nümunə üçün göndərib. Göndərib ki, ona baxın, həyat məktəbində onu nümunə götürün.

Nə üçün onlara məsum deyirlər? Çünki Allahın yolundan bir addım kənara çıxmayıblar. Peyğəmbərimizin bir dənə əbası olub. Ərəbistan, Mədinə şəhəri də o qədər isti olub ki, Xədicə onun əbasını axşam yuyurdu, səhərə quruyurdu. Sübh namazına yenə əbasını geyinirdi. İndiki din xadimləri elədirmi? Maşallah, beş gödəkçəmiz var, yeddi dəst geyimimiz var. İlahiyyatçılar da həmçinin.

– Azan səsindən narahat olan insanlar var.

Pulu olan məscidə gəlmir, dərdi olan gəlir – MÜSAHİBƏ

– Azan səsi insanı necə narahat edə bilər? Biz unitar dövlətdə yaşayırıq. Heç kimi məcbur edə bilmərik ki, namaz qıl. Biz onların haqlarına hörmət ediriksə, onlar da namaz qılan insanların haqlarına hörmət etməlidir. Bizə heç vaxt bu barədə şikayət edilməyib.

Azan həddən artıq güclü səslə oxunmur ki, insanları narahat etsin. Paytaxt ərazisində, demək olar ki, bir-birindən 500 metr aralı məsafələrdə məscidlər var. Azanın o dərəcədə güclü səsləndirilməsinə ehtiyac da yoxdur.

– Cəmiyyət arasında toplanan ianələrin məscid işçilərinin şəxsi mənafeyi üçün xərcləndiyinə dair fikirlər var. İnsanlar məscidlərə nəzir gətirməkdən imtina edir. Bu fikirlər haradan qaynaqlanır?

– Bilirsiniz, bu kimi yanlış təbliğatların aparılması insanları çaşdırır. Onlarda məscidə, dinə inamı azaldır. Bu ianələri başqa məqsədlər üçün istifadə etmək haramdır. Onu heç kimi yeyə bilməz, yeyən insanlar da xeyir tapmaz, əmin olun. Bizim məscidə müraciət edən imkansız ailələr, kimsəsiz insanlar var ki, biz hər bayram onlara ərzaq yardımı edirik.

Toplanan ianələrdən 8-12 ailəyə kömək edilir. Əksər hallarda isə toplanan ianələr məscidin qorunub-saxlanması, kommunal xərclərin qarşılanması üçün istifadə edilir. Ramazan ayında oruc tutan insanlar məscidə iftara gəlir, gəlməyənlərin payını isə israfçılıq olmasın deyə ehtiyacı olan şəxslərin evlərinə göndəririk.

Ölkədə cəmi üç yerdə nəzir pulları yığılır – Mirmöhsün ağa ziyarətgahı, Bibiheybət məscidi və Gəncə İmamzadəsi. Bu üç ziyarətgahdan başqa heç bir yerdə yığılan nəzirlər artıq qalmır. Elə bu yaxınlarda Bibiheybət məscidinin kondisionerləri xarab oldu. Hərəsi səkkiz min manat olmaqla, 16 min manat xərc çəkdilər və iki ədəd kondisioner aldılar.

Yəni bu 16 min manat pul deyilmi? Bəzən insanlar elə düşünür ki, məscid işçilərinin məvacib almağa ixtiyarı yoxdur. Amma elə deyil. Səudiyyə Ərəbistanı torpaqlarına qədəm qoyan əcnəbilərdən “torpaq basdı” haqqı kimi 280 dollar pul alır. Yəni onların nəzir qutusuna ehtiyacı yoxdur.

Milyonlarla insan gedir ora, hər birindən 280 dollar hesablasanız, onlar məscidlərin bütün xərclərini çıxarırlar. Azərbaycanda isə bunlar olmasa belə, ölkə başçımızın tapşırığı ilə məscidlərə və məscid işçilərinə zəruri olan əməkhaqqı da ayrılır, məscidin ehtiyacları da müəyyən mənada təmin edilir.

– Ötən həftə rəsmi şəkildə mərasim evləri və qəbiristanlıqla bağlı qərarlar qəbul edildi. Bu qərarlara münasibətiniz necədir?

– Bilirsiniz, mən bu məsələlər haqqında danışılan söhbətləri sevmirəm. İstərdim məni düz başa düşəsiniz, yaşayanlar özlərini düzəldib ki, indi də keçiblər ölülərə? Başdaşı belə olmalıdır, elə olmalıdır.

Demirəm bəzəkli başdaşı qoysunlar, amma ölülərin başdaşının dəyişdirilməsi bu camaata nə verəcək? Peyğəmbərimiz qələm əhlini insanlara vəsiyyət qoyub. Siz düzgün yazmalısınız ki, insanlar başa düşsün. Ölünü dəfn edəndə israfçılıq, artıq mərmər işləmələrə ehtiyac yoxdur. Sadəcə, bir nişangah kifayət edir.

Mərasimlərdə verilən yeməklərə müdaxilə etmək bizə düşməz axı. İnsan var, sadəcə, çay, halva ilə kifayətlənir. İnsan da var, aş-qara verir və s. Hüquqi dövlətdə yaşayırıq və bu seçimlər vətəndaş olaraq onların haqlarıdır. Amma ifrat dərəcəyə çatdırmamaq şərtilə. “Quran” da ifratı sevmir. Məscidimizdə 80-90 nəfərlik kiçik mərasim zalı var.

Bəzən burada cümə verənlər olanda artıq qalan yeməkləri istəyirlər. Mən məclis sahibindən bir nəfər nümayəndə istəyirəm və onların şahidliyi ilə həmin yerdə qalan yeməkləri məscidin daimi kömək etdiyi 8-12 ailəyə göndərirəm.

– Məscidə daha çox kəbin kəsmək üçün, yoxsa kəbini pozmaq üçün müraciət edirlər?

– Bu məsciddə tapşırmışam ki, kəbini pozmaq üçün müraciət edən cütlüklərlə özüm söhbət etməmiş heç bir iş görülməsin. Həmin şəxslərlə fərdi şəkildə ayrı-ayrılıqda söhbət edirəm. Necə məhkəmə rəsmi nikahların pozulması prosesində cütlüklərə vaxt tanıyır, eləcə də, mən. Bəzən rəsmi nikah pozulmamış gəlib dini nikahı pozmaq istəyirlər.

Şəriət qaydalarına görə, buna icazə yoxdur. Əvvəlcə gərək rəsmi nikah pozulsun. Bəzən 3-4 uşaqlı ailələr olub ki, primitiv səbəblərdən boşanmaq istəyirlər.

– Kəbin vacibdirmi?

– Əslində, gənclər bunun mahiyyətini bəzən dərk etmir və kəbin (imam nikah) bağlamırlar. Şəriət qaydalarına görə, həmin insanlar Allah qatında naməhrəm hesab olunurlar. Ona görə rəsmi nikahdan sonra dini nikahın bağlanması vacibatdır.

– Necə düşünürsünüz, cəmiyyət yaxın gələcəkdə şəriət qanunlarını tamamilə unutmağa doğru gedir?

Pulu olan məscidə gəlmir, dərdi olan gəlir – MÜSAHİBƏ

– Mən elə düşünmürəm. Çünki insan zəkası var, kosmosa raket göndərir, insan da var, bir qələmin içini dəyişə bilmir. 40-50 il bundan qabaq biz düşünərdik ki, nə vaxtsa telefonla uzaq məsafələrdən görüntülü danışa biləcəyik? Adama dəli deyərdilər. Amma “Sehirli xalat” filmində bu gün istifadə etdiyiniz texnologiyalar haqqında məlumat verilib.

Diqqət etsəniz, Rəşid özü ilə kitablarını gələcəyə aparır, gələcəkdə isə ona həmin kitabların elektron versiyasını, fotoaparatın təkmilləşdirilmiş modelini göstərirlər. Bütün bunlar təsadüf deyil. Odur ki, gələcəkdə insan zəkası dini daha yaxşı dərk edəcək. Bu gün cəhənnəm, cənnətin varlığına inanmayan insanlar heç düşünmür ki, bu dünyadan köçəndən sonra ya mövcud olduğunu görsə? O zaman artıq ikinci şans verilməyəcək. Bir insanın səsini, özünü onun xəbəri olmadan çəkə bilirsinizsə, düşünmürsünüz ki, yerin, göyün sahibi bəndə qədər də mi yoxdur? Xəlq olunan öz xaliqini danmamalıdır. Bu dünyadan varlı da, kasıb da 12 metr ağ aparacaq. Orada isə hər birimiz bərabər olacağıq.

– Allahı qəbul etməyən və özlərini ateist adlandıran insanlar, eləcə də, deistlər məscidə gəlib fikir mübadiləsi aparmaq istəyiblər?

– Bilirsiniz, o insanlar səhv yolda olduqlarını yaxşı bilirlər. Buna görə də hər zaman fikir mübadiləsindən qaçırlar. Elə bir halla rastlaşmamışam. Bu qədər prezidentlər, başda Rəcəb Tayyib Ərdoğanın özü “Qurani-Kərim”i əzbər bilir. Belə çıxır ki, ibadət edən insanlar özünü ateist adlandıran insanlar qədər yoxdur? Amma çox əfsus olsun ki, onlar da öləndə kəlmeyi-şəhadət gətirib inanmadıqları Allahın adını çəkirlər.

– Məsciddən oğurluq olurmu?

– Əlbəttə, olur. Bilirsiniz, iki min insan gəlir, onların hər birinə nəzarət etmək qeyri-mümkündür. Davamlı bu məscidə gələn insanlar təhlükəsizlik kameralarının yerini elə yaxşı bilir ki, gördükləri işləri kənarda edirlər ki, dəlil qalmasın. Bəzən gəlirlər namaz qılmağa, çıxanda görürlər ki ayaqqabıları yoxdur. Biz də xahiş edirik ki, əşyalarını diqqətdən kənarda qoymasınlar. Ən çox oğurlanan isə lampalar olur. Bunu ürək ağrısı ilə deyirəm ki, gün olur ki, səhər dəstəmaz alınan otaqlara lampa taxırıq, axşama yaxın görürük ki, artıq yoxdur.

– Bəs ən çox nə xarab olur?

– Ən çox xarab olan su kranlarıdır. Təsəvvür edin, hər gün iki min nəfər namaz üçün məscidə gəlir. Onların hər biri bu kranları iki dəfə açıb-bağlasa, təbii ki, dözməz də. Sıradan çıxır. Hər həftə 200 manat dəstəmaz alınan otaqlara və tualetlərin zəruri avadanlıqlarına pul qoyuruq. Tab gətirmir. Yəni kamera qoyulacaq yer deyil axı, ora da nəzarət edək.

– Məsciddə şahidi olduğunuz ən qəribə hadisə nə olub?

Pulu olan məscidə gəlmir, dərdi olan gəlir – MÜSAHİBƏ

– Birdə görürsünüz, psixoloji durumu yerində olmayan bir insandır, başına bir papaq qoyur, əlinə də bir təsbeh alıb gəlir məscidə. Soruşanda da deyir ki, əstəğfurullah, mən imamam, peyğəmbərəm gəlmişəm sizi ziyarət etməyə. Belə olan halda nə deyək? Çox maraqlıdır ki, bu cür insanlar da ancaq məscidlərə gəlir.

Heç görüb, eşitməmişəm ki, xəstəxanaya, polisə, ya başqa yerə gedib özlərini təqdim etsinlər. Məscidə namaz qılmaq adı ilə çox adam gəlir, əsl məqsədlərinin nə olduğunu bilmək çətin məsələdir. Bir-bir soruşmaq olmaz ki, kimsən, nəyə gəlmisən? Hərdən ibadət adı ilə gəlib oğurluq edənlər də olur, belə xəstə insanlar da. Yadımda qalan bir bu hadisə olub.

– Oxucularımıza nə demək istərdiniz?

– Sizin vasitənizlə bütün insanlara səslənirəm ki, məscidlərdə nəzir qutularına atdığınız ianələr ehtiyacı olan insanların zəruri tələbatlarını qarşılamaq üçün sərf olunur. Yayılan şayiələr ürəyinizə xal salmasın. Heç bir insan haqqı olmayanı yeməz, yesə də, bir gün o halal edilməmiş haqq ondan çıxar. Odur ki, bu məsələdə qaranlıq qalan məqam olarsa, soruşun. Allah hər birinizin köməyi olsun.

Загрузка...