Bu ölkədə insanlara vətənpərvər olmağı yasaqlayan xeyli adam var. Tolstoyun bir fikri ilə hamıya möhür vururlar. Əclafların son istinad yeri vətənpərvərlikmiş.

Bu fikir o qədər təkrar edilib və edilməkdədir ki, artıq adamlar əclaf görünəcəklərindən, üstlərinə damğa vurulacağından qorxaraq vətənpərvər olmaq, daha dəqiqi, vətənpərvər olduqlarını gözə çarpdırmamaq istəyirlər.

Beləcə, meydan qalır vətənpərvər olmayan əclaflara.

Əclaflıq insana xas xislətdir, vətənpərvər olanlar da əclaf ola bilirlər, olmayanlar da. Bir insan vətənpərvər deyilsə, bunu sevə-sevə, yeri gəldi-gəlmədi, təkrarlayırsa, əmin olun: əclafın yekəsidir.

Hazırda gənc bir qızın olduqca yanlış mövqeyi, düşüncəsi üzündən bu mövzu çox qabarıb. Qıza amansızcasına hücum edənlərlə yanaşı, qızğınlıqla onun müdafiəsinə qalxanlar da var. Üzücüdür.

Biz qanımıza susamış bir etnik qrupla ölüm-dirim savaşı aparırıq. İsətəsək də, istəməsək də özümüzü qorumağa, başqa sözlə, vətənpərvər, millətsevər olmağa məcburuq, məhkumuq. Yoxsa məhv olarıq. Yoxsa bizi məhv edərlər.

O qız deyir ki, ermənini özünə düşmən hesab etmir. Hətta erməni əsgərini də.

Əlbəttə, bir millət haqqında danışarkən, “onların hamısı bizə düşməndir” demək olmaz, çünki o millətin heç də hamısı militarist ovqatda deyil, onlarda da humanist insanlar, bəşəri dəyərləri hər cür millətçilik təzahürlərindən üstün tutan ziyalılar var. Məsələn, rejisssor Georgi Vanyan, yazıçı Vahe Avetyan və başqaları.

Ancaq əlində silah olan və bizim səngərlə üzbəüzdəki səngərdə duran əsgər artıq düşməndir.

O, 18-20 yaşlı gənc yaxşı uşaq, tam məsum, günahsız biri ola bilər. Onun günahı əlindəki silahdır. O silahın nişangahına bizim əsgərlərdən biri gəlsə, o məsum uşaq ona acımayacaq, tətiyi çəkəcək, özü yaşda bir gənci öldürəcək, qətl törədəcək. Məsum qatil ola bilərmi?

O səngərdə vurulan gənc əsgərimiz ermənini özünə düşmən hesab etməyən qızın qardaşı (əmisi oğlu, dayısı oğlu, sevgilisi, başqa bir əzizi) olsa, o, yenə də o fikrində qalarmı?

Qalarsa, ta heç nə…

Başqa bir məsələ. O qız qeyri-dinc şəraitdə ermənilərin əlinə düşsə, gözünün yaşına baxarlarmı? Baxmazlar. Bundan sonra o, yenə də köhnə düşüncəsində qalarmı, yoxsa ömürlük psixoloji travma alar?

Axı sırf azərbaycanlı olduqlarına görə bu cür zülmlərə məruz qalanlar var. Onlar bu zülmə bizdən biri olduqları üçün qalıblar. Onlara qarşı yönəlmiş aqressiya bizə qarşı yönəlib. Onların hər birinin yerində biz və ya əzizlərimiz ola bilərdi. Budur məsələ.

Əsl insan odur ki, başqasının məruz qaldığı zülmü, haqsızlığı bir az da olsa, öz canında hiss etsin. “Məndən ötdü, qardaşıma dəydi, elə bildim, saman çuvalına dəydi” prinsipi ilə yaşamaq əclaflıqdır.

Lap tutaq ki, biz bu ölkədən, hətta bu materikdən deyilik, planetin o biri yarımkürəsindən gəlmişik, özümüz də bəşəri dəyərləri üstün tutan bir ziyalıyıq.

Gəlib görürük ki, Azərbaycan adlı bir məmləkətin 20 faizi qonşu dövlət tərəfindən işğal olunub, 750 min insan yurdsuz-yuvasız qalıb, bu xalqın bütöv bir şəhərinin əhalisi qırılıb-çatılıb. Əgər bu bəşər faciəsini görə-görə aqressorla onun qurbanı arasında bərabərlik işarəsi qoyuruqsa, bu, artıq əclaflıqdır.

Ancaq bəzilərinin vaxtaşırı sərgilədikləri düşüncələrinə baxsaq, elə çıxır ki, dünya bir tərəfədir, azərbaycanlılar bir tərəfə, hamının azad, firavan yaşamaq haqqı var, amma bizimkilərin yoxdur. Bu, öz xalqına qarşı faşizmdir. Təəssüf ki, politologiya elmində bu durumu izah edən termin yoxdur, eləcə, belələrinə “manqurt” deyib keçirik. Fəqət bu, adi manqurtluq deyil, bu, məhz öz xalqına qarşı faşistlik etməkdir. Heç bir başqa xalqa hücum etmir, onu aşağılamırsan, hamının haqqını verirsən, amma öz xalqına gələndə əfi ilana dönürsən – başqa adı varmı?

Bununla belə, kütləvi şəkildə bir yanlış düşüncəli qızı söymək, ağır sözlərlə təhqir etmək düzgün deyil. Onun səhvlərini başa salmağa çalışmaq lazımdır, başa düşmürsə, daha məhəl qoymamaq, dediklərini ciddiyə almamaq, xəstəylə davranırmış kimi davranmaq lazımdır.

Heç bu yeni türdən olan “faşizm hərəkatı”nın genişlənəcəyindən də qorxmaq lazım deyil. Bu, heç vəchlə genişlənə bilməz. Çünki insanların yüzdə doxsan doqquzunun içində özünüqoruma instinkti var və bu, instinkt təhlükə anında hamını toparlanmağa, istər-istəməz vətənpərvər olmağa vadar edəcək.

Vətən yeganə yerdir ki, biz orada özümüzü təhlükəsizlikdə hiss edə bilirik. Əgər vətənə təhlükə varsa, kiminsə özünü kənara çəkməsi, özü üçün muxtar bir təhlükəsizlik ortamı düzəltməsi də əclaflıqdır.

Bəli, söhbət dönüb-dolaşıb yenidən o yerə gəldi ki, zamanı gəldiyində vətənpərvər olmamaq da əclaflıqdır. Bu, öz vətənpərvərliyini gözə soxan, bundan mənfəət əldə etməyə çalışan dələduzların etdiyi qədər pisdir.

Загрузка...