Bu gün Vyanada Avstriyanın Aİ Şurasına Sədrliyi və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə 5-ci Şərq Tərəfdaşlığı Biznes Forumu keçirilib. Forumun ardınca dekabrın 7-də Şərq Tərəfdaşlığı İllik Konfransı keçiriləcək. Hər iki tədbirdə Aİ və onun altı Şərq Tərəfdaş ölkəsi – Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukraynanı təmsil edən yüksək vəzifəli nümayəndələr iştirak edəcək. Məqsəd regionda sosial-iqtisadi inkişafa yardım etməkdir.
Tədbir öncəsi Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Yohannes Han bunları deyib: “Şərq Tərəfdaşlığı Biznes Forumu və İllik Konfransı, bu günə qədər Şərq Tərəfdaşlığı və “2020-ci il üçün 20 praktiki nəticə” çərçivəsində əldə olunan müştərək nailiyyətlərimizi vurğulamaq üçün əla fürsətdir. Buna əsaslanaraq kiçik və orta müəssisələr üçün lazımi işgüzar mühitin təmin edilməsi və gənclərin təhsil almaq, işləmək, cəmiyyətin bütün sahələrində tam şəkildə iştirakına dəstək məqsədilə yeni imkanlar yaratmaq üçün Avropa İttifaqı islahatların aparılması təklifi ilə çıxış edəcək”.
Vətəndaşların rifahı və həyat səviyyəsinin yaxşılaşdırılmasına kömək etmək və bununla da regionda sabitliyin gücləndirilməsi məqsədilə iqtisadiyyatları və cəmiyyətləri daha da inkişaf etdirmək yollarını müzakirə etmək üçün sözügedən tədbirlər bir platforma rolunu oynayacaq. Panel müzakirələrə isə KOM-lara əlavə dəstək, xarici birbaşa sərmayələrin cəlb olunması, Tərəfdaş ölkələrdə məşğulluq imkanlarının yaradılması və qorunması, o cümlədən bazarın tələblərinə uyğun olaraq peşə bacarıqlarının inkişafına yönəlmiş fəaliyyətlər müzakirə ediləcək.
Hər iki tədbir Şərq Tərəfdaşlığının 10-cu ildönümü ərəfəsində keçirilərək hökumət, Aİ təşkilatları, beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri, Avropa Parlamentinin üzvləri, eləcə də analitik mərkəzlərin, vətəndaş cəmiyyətinin, biznes, gənclər təşkilatları və ali təhsil müəssisələrinin nümayəndələri daxil olmaqla, təqribən 500 nümayəndəni bir araya gətirəcək.
Tarixçə: 2009-cu ildən etibarən birgə siyasi təşəbbüs kimi icra olunmağa başlayan Şərq Tərəfdaşlığı (ŞT), Avropa İttifaqı (Aİ), ona üzv ölkələr və altı şərq qonşusu – Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukrayna arasında əlaqələri dərinləşdirmək və gücləndirməyə yönəlmiş birgə siyasi təşəbbüsdür. Sözügedən çərçivədə bütün tərəfdaşlar diqqəti 2020-ci ilə qədər 20 praktiki nəticənin əldə olunmasına yönəltməklə öz vətəndaşlarının gündəlik həyatına gözəçarpan dərəcədə mənfəət gətirməklə bağlı razılığa gəliblər.
Avropa İttifaqı özünün EU4Business təşəbbüsü çərçivəsində KOM-lara maliyyə mənbələrindən istifadə imkanı təmin edərək, yeni bazarlara ixrac imkanlarını dəstəkləyir və altı tərəfdaş ölkədə fəaliyyət göstərən kiçik müəssisələrə qabaqcıl bilik və təcrübələrdən yararlanmaq imkanı verir. 2009-cu ildən etibarən şirkətlərə 1,96 milyard avro dəyərində kreditlər ayırmaqla və 28 min yeni iş yeri yaratmaqla 70 min müəssisəyə dəstək verən Aİ adı çəkilən ölkələrə 348 milyon avro dəyərində maliyyə yardımı ayırmışdır.
Avropa İttifaqının Şərq Tərəfdaşlığı ilə əməkdaşlığının ana xəttini gənclər üçün gələcək planların yaxşılaşdırılması təşkil edir. Bu günə qədər Avropa İttifaqı təxminən 23 min insanın liderlik və sahibkarlıq bacarıqlarını inkişaf etdirib; 80 mindən artıq gənc, gənclər sahəsində çalışanlar, tələbə və müəllim heyətinin Erasmus+ proqramı çərçivəsində mübadilə imkanlarından faydalanmağına şərait yaradıb; Şərq Tərəfdaşlığı Avropa Məktəbini istifadəyə verib.
https://d.radikal.ru/d01/1812/f7/3eb196ae26eb.jpg
https://d.radikal.ru/d19/1812/09/eb16f3a6c6f0.jpg
https://b.radikal.ru/b23/1812/82/826c21d5859d.jpg