“Qar üzərindəki izlərdən bəlli ki,
bu cığır ilə
artıq neçə gündür
yalnız iki nəfər gedib-gəlir
mən və dovşan…”
(Azər Əhmədov, “Dovşan” şeirindən)
Orta əsrlərdə belə afyorizm vardı, deyirdilər bütün yollar Romaya aparır. Gürcü-sovet rejissoru Tengiz Abuladzenin 1984-cü ildə çəkdiyi “Tövbə” filmində isə sual qoyulmuşdu: “Əgər yol məbədə aparmırsa, o yol nədən ötrüdür?” Biz indi deyə bilərik ki, bizim nəqliyyat-yol infrastrukturumuza baxan yoldaşların qabiliyyəti üzündən Bakı Beynəlxalq Avtovağzalı hər iki afyorizmi özündə birləşdirməkdədir. “Bütün yollar Bakı Beynəlxalq Avtovağzalı adlı məbədə aparır”. Dünən bu avtovağzala növbəti mətbuat katibinin qoyulduğunu oxuyanda ağlıma gəldi ki, bunun özü də ərazinin müqəddəsliyinin daha bir isbatıdır. Çünki Bakı avtovağzalına hər il azı 3-4 mətbuat katibi qoyulur, lakin bu gözəl insanlar vəzifənin ağırlığına, məsuliyyətinə uzun müddət dözə bilmirlər. Nə edəsən, çox çətindir. Bütün günü jurnalistlər zəng vurur, mesaj yazır, elektron poçt, vatsap, şatşap, sosial şəbəkə, carçı, poçtalyon, xəbərçilər, qaraçı poçtu və sairə vasitəsiylə öyrənməyə çalışırlar ki, Ucara gedən avtobus haçan çıxacaqdır, Salyandan gələn avtobusun təkərinə balıq sümüyünün batması doğrudurmu, Yeni il qabağı Şəkinin Gələrsən-görərsən hissəsinə əlavə marşrutlar xəttə buraxılacaqmı və sairə və ilaxır.
Sözgəlişi, BBA-da təyinatlar biz jurnalistlər üçün də böyük həyat stimulu verir. Gör ora yeni mətbuat katibi təyinatı haqda nə qədər yazılar, xəbərlər, köşə yazıları (bunu da sayın) verilir… Sayı yoxdur. Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin bir forması da bu deyilsə bəs nədir?
Tema açılmışkən, əlaqədar orqanlardan bir-iki xırda-para xahişimiz vardır. Nəhayət, avtovağzalın içindən avtobusları yola salmaq olarmı? Yoxsa Ziya müəllim o boyda bina tikib yadigar qoyub gedibdir, ancaq camaat avtovağzalın böyür-başından maşına minib cəhənnəm olur. Arif Quliyevin 80-ci illərdə məşhur olan yumorunda deyilən kimi, “ətrafında” dolaşırıq. Əlbəttə, anlayıram və yuxarıda təsdiq elədiyim kimi, bizim avtovağzal müqəddəs, qutsal yerdir, ora bəlkə ayaqqabı ilə də girmək düz olmaz. Ancaq hər halda, oranı, nəhayət, təmir edib qurtarsaq yaxşı olardı, yoxsa bir azdan camaat uçan taksilərə minəcək, bina batıb gedəcək.
İkinci xahişim “Bakubus”un, türkün məsəli, qabağından minilib dalından düşülən yeni, qırmızı bəy maşını kimi avtobuslarına aiddir. Bunlara gündə bir nömrə verilməsini, camaatın beyninin qarışmasının mənasını anlayıram, müharibə şəraitindəyik, ermənilər Bakıda təxribat etmək fikrinə düşsə heç bilməyəcək hansı avtobusa minib hara getmək olur. Ancaq köhnə avtobuslarda böyür tərəfdə plastik lövhələr üzərində gedilən dayanacaq və istiqamətlər ixtisarla da olsa göstərilirdi, indi isə yalnız avtobusun alnında qaçan qırmızı hərflərlə bir-iki söz yazılıb, anlamırsan bu merət hara gedir. Məcbursan sürücüdən soruşasan, bu Bakubus-da sürücülər isə təzə gəlin kimi (o cümlədən qaçan gəlinlər) nazlı olur, mənalı şəkildə susurlar (bunun dava-şavalara səbəb olması haqda videolar internetdə vardır), ya da deyirlər bu haqda ancaq BBA mətbuat katibindən məlumat almaq olar. Sən də mətbuat katibinə zəng eləyənə qədər maşın tərpənir. Ümid edirəm, o lövhəciklər bərpa olunar. Kağıza yazıb tüpürcəklə möhkəm yapışdırmaq da olar.
Sonda təhsil sferasından gələn xoş xəbərə də münasibət bildirim, çünki orada bizim gələcək avtobus sürücülərimiz, mətbuat katiblərimiz, köşə yazarlarımız yetişir. Deyir, təhsil qanunu deputatxanada müzakirə olunub, qərara alınıb ümumi məktəbli forması bütün ölkə boyunca tətbiqat tapsın. İndiki halda formanı müəyyən etmək hər məktəbin öz ixtiyarına buraxılıbmış. Məncə, bütün uşaqlar başdan-ayağa qara geyinsələr, respublikamızdakı ümumi dəbə uyğun olar. Ya da zolaqlı forma olsun. Türmə paltarı mənasında yox, əstəğfürullah. Mən respublikamızda vəziyyətə bu cür baxmıram. Sadəcə, pələng kimi uşaqlardır. Biz isə pələnglər yurdu olmuşuq – keçmiş ekologiya nazirinin intervüsündən oxumuşam.