Dünya bir tərəfədir, biz bir tərəfə, bizim öz arşınımız var. Özü də bu arşın bütün məsələlərdə keçərlidir. Yer üzündə nə baş verir-versin, başqaları onu necə qiymətləndirir-qiymətləndirsin, biz hadisəyə, prosesə öz arşınımızla yanaşacağıq.
Məsələn, o gün dünyanın ən məşhur adamlarından biri olan, ABŞ tarixində silinməz izlər qoymuş eks-prezident Corc Buş (ata) 94 yaşında ölüb, hazırda bütün dünya adamın tarixdəki rolundan yazır, danışır, tərifləyirlər, mərhumun “centlmen siyasətçi”, “mahir diplomat” olduğunu qeyd edirlər, amma bizim Corc Buşa münasibətimiz əsasən belədir: “Cəhənnəmə vasil odu”; “İndi odlarda cayır-cayır yanır” və s.
Əcəba, bizimkilər Corc Buşu nədən axirətin orta hərarət göstəricisi normadan artıq olan guşəsinə transfer edirlər, görəsən?
Heç nə. O vaxt o, Səddama Hüseynə hücum edibmiş. O vaxt – yəni 1991-ci ildə. Pahoo! Nə ağır, nə bağışlanmaz, nə antibəşəri cinayət!
Bu hansı Səddamdır? İraqın qanuni seçilmiş, islahatçı, humanist prezidentimi? Axı tarixdə beləsi olmayıb.
Bu o Səddamdır ki, İranla 8 il müharibə apardı, yüz minlərlə müsəlmanın, lap ötəsi, azərbaycanlının ölümünə bais oldu. Amma bu kov deyil. Əsas odur ki, bu müsəlman lideri xristianlar devirdi, asdırdı. Sırf buna görə bizdə bu qəddar diktatora rəğbət hissləri var.
Bu o Səddamdır ki, diktator olanda İraqdan belə xəbərlər gəlirdi: “Səddam Hüseyn İordaniyaya qaçmış iki kürəkənini – gənc generalları öldürtdürdü”; “Səddamın böyük oğlu Uday müğənni qadını zorla ələ keçirmək istədi, nişanlısıyla atışdı, belindən güllə yarası aldı, əlil arabasına məhkum oldu”; “İraq prezidentinin kiçik oğlu Kusay Asiya çempionatında məğlub olmuş futbolçulara sıraya düzüb şapalaqladı”; “Səddam Hüseyn tanınmış müxalifətçini sulfat turşusu doldurulmuş hovuzda əritdi”; “Səddam Hüseynin göstərişi ilə Fəlluca şəhərində minlərlə adam kimyəvi silahla məhv edildi” və sair və ilaxır.
Adamın insanlığa qarşı cinayətlərinin hamısını saysan, gərək “ardı var” qrifi ilə yeddi köşə yazasan.
Amma işə baxın, belə bir hərbi canini işğal etdiyi Küveytdən çıxarmaq üçün hərbi əməliyyata başlamaq əmri vermiş Corc Buş cəhənnəmə gedəcəkmiş. Bu məntiqlə yəqin ki, Səddam özü cənnətdə olar – hurilər sağında, qılmanlar solunda, “kimyəvi Əli” adlı cəllad da böyründə.
İldə dörd dəfə “öldürdüyümüz” Qorbaçova münasibətdə isə bir neçə arşınımız var. Onu da çoxdan cəhənnəm yolçusu eləmişik, bu heç. Amma həmvətənlərimizin onu cəhənnəmə itələmələrinin motivləri başqa-başqadır. Bir qrup adam Qorbaçovu ona görə qəddar İnkir-Minkirin istintaqına yollayır ki, o, Qarabağ münaqişəsində ermənidən yana olub və 20 Yanvar faciəsini törədib. Başqa bir qrup Qorbaçova ona görə cəhənnəm alovu tələb edir ki, o, SSRİ-ni dağıdıb. Bir başqası da Qorbaçovla 1987-ci ildə Siyasi Büro üzvlüyündən azad edilən liderlərin davasını aparır.
Dünyanın arşını başqadır, dünya Qorbaçovu alqışlayır, mükafat verir ki, o, SSRİ-ni dağıdıb, nəticədə Azərbaycan və 13 başqa müttəfiq müstəmləkə respublikası müstəqil, Şərqi Avropa dövlətləri Kremlin basqısından azad olub.
Bizim müstəqil dövlətçilikdən ağız dolusu danışa-danışa Qorbaçovu SSRİ-ni dağıtmaqda suçlayaraq lənətləməyimiz başqalarına absurd görünə bilər, ancaq dediyim kimi, bu, bizim hər şeyi özümüzə görə ölçə bilən arşınımızın məhsuludur.
Ümumiyyətlə, deyəsən, dünyaca məşhur mərhumların cənnət və cəhənnəm arasındakı transferinə biz baxırıq (bu tenderi nə vaxt udmuşuqsa…) Məhz biz müəyyənləşdiririk ki, məsələn, Stiven Houkinq kimi bir alimin əbədi istirahət məkanı hara olacaq. Düzdür, adam fiziki baxımdan şikəst olsa da, bəşəriyyətə böyük xidmətlər göstərib, amma dəxli yoxdur, ateist idi, yeri cəhənnəmdir (hərçənd mərhum alim israrla bildirirdi ki, belə bir məkan mövcud deyil).
Bizə görə, Ronaldo cənnətə düşəcək, çünki Fələstinə yardım edib, Messinin yeri isə cəhənnəmdir, qol vuranda xaç çevirir…
Biz ciddi-ciddi inanırıq ki, haqlıyıq, düz yoldayıq, fransızlar isə haqsızdırlar, düz yolda deyillər. Və bizim yerimiz cənnətdə başdandır, onlarınkı isə, təbii ki, cəhənnəmdir. Amma fransızlar bu fikirdə deyillər, onlar 3-4 gün öncə Parisi cəhənnəmə döndərdilər ki, bu dünyada 3-5 gün rahat yaşasınlar, od qiymətinə yanacaq almasınlar. Onların da öz arşını var.