Ermənistanın nə dərəcədə oyuncaq və qeyri-ciddi dövlət olduğu bir daha məlum oldu. Nikol Paşinyan o gün deyib ki, seçkilərdən sonra ölkə yenidən prezident üsul-idarəsinə qayıda bilər. Guya bunların da dövlətçiliyi-zadı varmış. Guya problem prezidentli və ya parlamentli idarəçilikdə imiş və ikisindən biri onları mütləq ağ günə çıxaracaqmış.
Təbii ki, ilğımdır. Ancaq bizim üçün nə fərqi, işğalçı ölkənin başında duran prezident adlanacaq, yoxsa baş nazir. Onların hamısı xəstə təfəkkür daşıyıcısı deyilmi? Kimsə indi irad bildirə bilər ki, həmin bu qeyri-ciddi ölkə torpaqlarımızın 1/5-ni illərdir işğal altda saxlayır. Doğru. Amma bu, ermənin rusla müştərək işğalıdır. Təkbaşına onun nəyi var ki? Düz-əməlli dövləti də yoxdur. Ermənin nəyi varsa rusun hesabına deyilmi?
Odur ki, ağa-qul münasibətləri nə qədər tez korlansa, bizim üçün bir o qədər yaxşıdır. Heç olmasa, Qarabağ məsələsində müəyyənlik yaranar. Ermənistanın Rusiya üçün önəminin azalması və ya itməsi, heç şübhəsiz, xeyrimizədir…
3 gün sora Ermənistanda parlament seçkiləridir. Ondan sonra ermənilərin inqilab eyforiyası sürətlə yatacaq. Çünki inqilab etmək asan, onun hədəflərinə çatmaq isə çətindir. Ermənistanın “beli”nin Rusiyaya bağlı olduğunu nəzərə alsaq, ikiqat çətindir. Bu, o deməkdir ki, Moskva üçün marionet ölkədə kimin hakimiyyətdə olması əslində bir elə önəm kəsb etmir.
Hələ ki Putin Pasinyanın demokratiya tamaşasına, daha dəqiqi, evcik-evcik oyununa səbir göstərir. Ancaq seçkilərdən sonra Paşinyan Moskva əleyhinə, illah da “Qərbin kartı” ilə oynamağa başlasa, əmin olun ki, o zaman əsl Putini hamı görəcək. “Düyməyə” də onda basılacaq.
Ortada Ukrayna nümunəsi var. Ukrayna hələ Avropa Birliyi ilə birbaşa sərhəddir. Ermənistan isə anklavdakı kimidir: bir tərəfi “düşmən Azərbaycan”, o biri tərəfi “düşmən Türkiyə”, üçüncü tərəfi isə ABŞ-ın “qan düşməni” İran. 4-cü qonşu – Gürcüstan da ki öz başını güclə saxlayır.
Deyirlər, keçmiş dostların düşmənçiliyi yaman olur. Keçmiş müttəfiqlər haqda da bu deyim keçərlidir. Ukrayna presedenti göstərdi ki, ruslar üstəlik, yeri gələndə heç din (pravoslavlıq) və slavyan qardaşlığını da vecə almırlar. Əsas öz mənafeləridir. İndi gör Qriqoryan kilsəsinin inanclısı Pasinyan ayağını azca səhv qoysa, Ermənistanı nə gözləyir.
Aydındır ki, boynuna “Qarabağ ilgəyi” salınmış anklav Ermənistanın demokratikləşməsi müşkül məsələdir. Hələ ki Nikol Pasinyan bunu dərk etməkdən uzaqdır. İnqilab eyforiyası qoymur. Hətta o, belə rəy yaratmağa çalışır ki, Qarabağ probleminin Ermənistana dəxli yoxdur və Bakı ilə Xankəndi özləri danışıb anlaşmalıdır.
Əlbəttə, bu da tər-təmiz blef və illüziyadır. Eyni zamanda, “dəvəquşu siyasəti”dir ki var. Ona görə ki, ərz etdik artıq, Ermənistan möhkəm iplə Moskvaya bağlıdır. İşğalçı ölkə 27 ildir müvəqqəti azadlığa və ya ev dustaqlığına buraxılan, lakin qoluna elektron bilərzik taxılmış məhbusun günündədir: hərəkətləri tam nəzarətdə. Sərkisyan olmasın, Paşinyan olsun, erməni liderlərinin hamısının Moskvadan azadlığı bu qədərdir. Vassal sərbəstliyi yəni. Bədbəxt erməni də elə bilir dövləti var.
İndi Paşinyan bu tilsimi – bilərziyi guya qırıb azad olmaq istəyir. Niyə “guya”? Ona görə ki, o, həm Rusiyadan uzaqlaşmaq , həm də Azərbaycan qarşısında Moskvadan təhlükəsizlik qarantı almaq istəyir. Bir rus politoloqu bu günlərdə yaxşı demişdi: necə olur ermənilər bizim pulumuzu, silahlarımızı həvəslə götürür, amma Gümrüdəki bazanın bağlanmasını tələb edirlər, bizə nifrət bəsləyirlər?
Haqlıdır. Ya olduğun kimi görünməlisən, ya da göründüyün kimi olmalısan. İkisindən biri. Əks halda, heç kəs səni ciddiyə almayacaq. Nə vaxt erməni boynundakı ilgəkdən və qolundakı bilərzikdən bezsə, o başqa məsələ. Bax, onda “demokratik Ermənistan”ın imperiya Rusiyası ilə qarşıdurması qaçılmaz olacaq.
Bişəkk, bizə onların qarşıdurması sərfdir. Ən azından Qarabağa görə. Ermənistanda vəziyyət nə qədər çox qarışsa, Rusiya ona nə qədər çox etimadsızlıq göstərsə və şübhəli nəzərlə baxsa, bir o qədər xeyrimizədir. Qalır, qızıl fürsətin zamanını düzgün hesablayıb dərhal hərəkətə keçmək və… NÖQTƏNİ qoymaq.