“ilahi, bir səbəb sal
mətbəxdə qab yuyan o qadının
dodaqları qaçsın”
(Rasim Qaraca)
Hüquq-mühafizə orqanı əməkdaşlarımız Qırğız Respublikasının keçmiş tamojna sədri Adamqul Yunusov müəllimi Bakı aeroportunda tutub qoduqluğa salıblar. Qırğızlar onu axtarışa veribmişlər, hansısa cinayətlərdə suçlanır. Görün, bizdə korrupsiya ilə mübarizə, gömrükdə qayda yaratmaq halları artıq hansı səviyyəyə çatmışdır! Biz indi beynəlxalq aləmdə gömrüyü düzəldirik. Halal olsun.
Ümid edək, Rusiyada gəlinimizin saçını qırxıb üstümüzə yollayan cinayətkar qayınana-ər dəstəsi də hansısa şəkildə ədalət qılıncımızın kəsərini dadacaqdır. Yoxsa bu nə həyasızlıqdır? Adamı döyüb işgəncə veriblər, indi Rusiyada sakitcə oturub “Ay Zaur” verilişinə intervü verirlər. Bizdə olsalar bunu edə bilərdilərmi? Qətiyyən. Əlaqədar orqanlar dərhal işi nəzarətə götürüb tədbir görmüşdülər və bu saat biz AzTV efirində gəlinə işgəncə verənlərin özünün keçəl olunması videolarını izləyib rahatlaşardıq. Rusiyada qayda-qanun yoxdur, dərəbəylik yerdir. Gah Putin kimisə döyür, gah Ramzandan üzr istəyirlər… Sözgəlişi, həmin Ramzan az öncə Bakıya gəlmişdi, gördünüzmü özünü necə quzu balası kimi aparırdı? Başqa cür ola da bilməz, çünki bizdə dövlətçilik ənənələri güclüdür.
Keçən dəfə söz verdiyim kimi, bu gəlinlərin aktivləşməsi temasına da qayıtmaq istərdim. Dünyada 2017-ci ilin oktyabrından “Mee Too” qadın hərəkatı başlanmışdır. Bunun mənası “Mən də” deməkdir və qadınlar bu həştəq altında öz başlarına gələn seskual zorakılıq hallarını sosial şəbəkələrdə paylaşırdılar. Xeyli tanınmış qadınlar – aktyorlar, jurnalistlər, siyasətçilər bu aksiyaya qoşuldu, nəticədə məşhur prodüser Harvi Vaynşteyni türməyə saldılar. Yeri gəlmişkən, Amerikada bu söhbətin binasını qoyan ictimai fəalın adı Təranə Berq-dir. Zəncidir, ancaq adına görə ehtimal edirəm əsli hardansa bizim Aran rayonlarındandır.
Bax, heç kim bilmir ki, əslində o “mee tu” hərəkatının özülünü də azərbaycanlı qadınlar başladıbdır. 2014-cü ildə! Yadınıza gəlirsə, o zaman bizdə bələdiyyə seçkisi zamanı bir jurnalist kişi Yasamalda qutuya topa-topa bülleten dolduran Əfruz müəlliməni çəkmişdi. Qanunsuz olaraq. Çünki bizdə el adəti var, müəllimə qutuya bülleten doldurar da! Müəllimə dərs demək üçün deyildir ki. Nə isə, həmin jurnalist qırığı ilə Əfruz müəllimin, daha doğrusu müəllimənin – gərək düz yazaq – dialoqu zamanı müəllimə deyirdi: “Nədir, məni döyəcəksən?”. Bu isə bütün dünya qadınlarını ruhlandıran, kişi zorakılığına qarşı mübarizəyə səsləyən şüara çevrilmişdir! Elə “Mee too” ifadəsindəki “mee” bizim “müəllimə” sözünün qısaldılmış, əzizləyici formasıdır. Görürsən şagirdlər çox istədikləri pedaqoqa adətən “məə” deyirlər.
Daha sonra qaçan gəlinlər aktivləşdilər. Hara baxırdın gəlinlər toyu, bəyi, yengəni, sütunsuz şadlıq sarayını, qudaların təbrikini, əməkdar artist Manıs müəllimin oxuduğu “Aynadan gözəl” mahnısını atıb qaçırdılar. Elə bir gün olmurdu qəzetlər, sayıtlar (bizim dildə belə yazılır) başlıq qoymasın: “Daha bir gəlin toydan qaçdı”. Riçard Gir və Culiya Robertsin baş rol oynadığı, 1999-cu ilin “Qaçmış gəlin” kinosu yalan olmuşdu, bizim həyatımız gerçək.
Ancaq qadınlarımız sosial aktivliyin yalnız qaçış mərhələsi ilə kifayətlənə bilməzdilər. Bu, qorxaqlıq kimi də qiymətləndirilərdi. Axı bizim, Vəzirov demişkən, heykəli düzəldiləsi qadınlarımız çoxdur (bir az ayrı cür demişdi, bilənlər bilməyənlərə danışsın). O üzdən, ictimai fəal qadınlarımız metroda corab dəyişmək, iki qadının birləşib bir erkəyi şapalaqlaması kimi aksiyalar, fleşmoblar da etdilər. Bunlar hamısı olduqca gözəl idi. Qadınlar üsyan etməsə, bu ölkə düzələn deyildir, biləsiniz. Əhalinin yarıdan çoxu qadındır, ancaq onlar əsasən qul kimi susmağa məcburdur. Elə bil ölkənin yarısını paralic vurubdur, burda nə həyat olar? Şair demişkən: “Qadın gülərsə şu ıssız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək!”. Sözgəlişi, kişilərin ölkəmizə UZİ aparatı gətirib qadınları hələ bətndə ikən məhv etməsi əsl soyqırım aktıdır.
Uzun sözün qısası, qadınların aktivləşməsi azərbaycanlı erkəkləri narahat etmişdir. Mənim fikrimcə, saçı qırxılan qadının videosunun yayılması, bu ətrafda mənasız, bambılı diskussiyaların aparılması qadınların, gəlinlərin gözünü qorxutmaq, azadlıq, üsyan yolundan çəkindirmək cəhdidir.
Sən söhbətə bax, deyir, ərinə Rusiyada xəyanət edibdir… Başa düşmürəm, azərbaycanlı ərlər Rusiyada illərdir xəyanət edirlər, hansısa gəlin buna görə ərinin tutub başını qırxıbmı? Varmı belə fakt? Yoxdur. Əksinə, yazıq şəkildə, süpürgə kimi küncdə oturub illərlə bu erkəkləri gözləyirlər. Uzağı vatsapda-zadda acı zarafat edirlər: “Bir gün səni də Xoşqədəmin verilişində axtaran uşaqların Rasiyadan gələcək”. O uşaqlar isə zarafatsız gəlirlər.