Загрузка...

Bakıda fəaliyyət göstərən “EGE Hospital” Qurbanov Həsən Tapdıq oğlunu kor edib.

Bu barədə 65 yaşlı xəstənin oğlu Məcid Qurbanov məlumat verib.

Oğlunun sözlərinə görə, atası Qurbanov Tapdıq cari il iyunun 8-də beyin qanaması keçirib. Bir ay müddətində Gömrük xəstəxanasında qalan xəstə, daha sonra reabilitasiya üçün evə buraxılıb.

Bundan sonra reklamda Türkiyədən məşhur neyrocərrahı Özkan Tehlinin “EGE Hospital”a dəvət olunduğunu görən ailə üzvləri adıçəkilən həkimin yanına gediblər.

Xəstə hospitala getmək gücündə olmadığı üçün onun tomoqrafiya nəticələrini, analizləri və s. həkimə təqdim edilib.

Analizlərlə tanış olan Özkan Tehli xəstənin ailə üzvlərinə təkrar qanaxma ola biləcəyini bildirərək, Həsən Qurbanovu müalicəyə gətirməyi məsləhət görüb. Nəticədə Tapdıq Qurbanov avqustun 21-də “EGE Hospital”a yerləşdirilib.

Bu zaman Özkan Tehli hər şeyin yaxşı olacağını, gələcəkdə bəlkə iş qabiliyyətini də bərpa edə biləcəyini deyib.

Oğlunun sözlərinə görə, atasının ilk insult vaxtlarında gözündə mikrob olub. Sözügedən sağlıq ocağına aparılanadək gözü evdə tam müalicə olunub:

“Özkan Tehli xəstənin gözünün müayinəyə ehtiyac olduğunu bildirdi. Dedi ki, atanızı mənim doktorum müayinə etməlidir. Biz isə gözün müalicəyə ehtiyacı olmadığını, yaxşı olduğunu bildirdik. Özkan Tehli cavabında bizə dedi ki, mənim komandamda pis həkim ola bilməz. Siz müalicə işlərinə qarışmayın, bayram münasibətilə mənim xanım qonağım gəlib, infeksiya həkimidir, ciyərini də ona həvalə edirəm. Nəysə, atam “EGE Hospital”da 20 sentyabra qədər qaldı. Bu müddətdə biz Özkan doktordan hər gün xəstəylə bağlı gözəl sözlər eşidirdik. Son günlərdə xəstədə hərəkətsizlik oldu. Nəhayət evə çıxacağmız gün Özkan doktor yoxa çıxdı. Yüksəl adlı şəxs bizə yaxınlaşdı və Özkan doktorun adından danışmağa başladı. Dedi ki, Özkan doktor telekanalda qonaqdır, sizinlə əlaqə saxlaya bilməyəcək. Onun əvəzinə sizə mən məlumat verəcəm. Bildirdi ki, xəstənin qanında infeksiya 2 qat artıb, amma başqa hər şey normaldır. Buna qədər “EGE Hospital”a artıq 20 min manatdan artıq pul ödəmişdik. Atamı evə çıxardıq,lakin vəziyyəti çox ağır görünürdü. Başqa həkimlərlə məsləhətləşib sabahısı beynini tomoqrafiyaya saldırdıq. Məlum oldu ki, atam həmin hospitalda yatdığı vaxt təkrar beyin qanaması keçirib. Bir neçə gün sonra “EGE”dəki göz doktorunun müalicəsinin nəticəsi olaraq, atamın sol gözü kor oldu. Təxminən 2 həftə öncə qardaşımla hospitalın sahibi Yalçın bəyin yanına getdik. Dedik, heç olmasa bura necə gəlmişdisə, elə də evinə qayıdaydı. Beyni müalicə edə bilmirdiniz, heç olmasa gözünü bu günə salmazdınız. Yalçın bəy dedi ki, məsələni araşdırıb, sizə 1-2 günə ətraflı məlumat verəcəyik. 2 gün oldu 2 həftə. Nəhayət özü də cavab vermədi. Köməkçisi dediyi adam, Sənan adlı şəxs zəng etdi dedi ki, biz sizə heç cür köməklik edə bilmərik”.

//Yeniçağ.az