“Cismi mərmər, həlqə zülfləri qara,
Onu görən məcnun olur – avara,
Hörüb saçlarını, salıb qatara,
Düzüb telə, həm qotaza bənəfşə”.
(Molla Pənah Vaqif)
8 noyabrda metro zəhmətkeşlərinin peşə bayramı günü idi, doğrusu, heç bilmirəm həmin gün tarixdə nə baş veribdir. “Xalqlar dostluğu” metrosunun keçidində erməni Vartanla azərbaycanlı Mamed öpüşüb şəkil çəkdiriblər, ya polis nəfəri Qulu müəllim “20 Yanvar” stansiyasının altında qanunsuz halda beşi bir manatdan Lənkəran limonu satmağa cəhd edən Xeyransa xalanı təpiklə vurub birbaşa “İnşaatçılar”ın qabağına atmışdır – bunlar tarixin əsrarlarıdır. Bəlkə də uzaq 67-ci ildə (eramızdan öncə) maşinist Tağı müəllim ilk dəfə qatarı depodan “Nərimanov”a dartıb gətirməyi bacarmışdır. Hər halda, metro işçiləri bu 8 noyabrı bayram edirlərsə, mütləq həmin gün bizdə yerin altında nəsə olubdur. Bunun bizə – əziz oxucularımıza ümid edirəm, o qədər dəxli yoxdur, o üzdən dəqiqləşdirmirəm. Nəyimizə lazımdır? Ona qalsa, metro işçiləri də 22 iyul mətbuat gününü qeyd eləmirlər. O cümlədən biz jurnalistlər və metro işçiləri üçün 20 sentyabr neft-qaz sənayesi işçilərinin bayramı böyük önəm daşımır. Həmçinin biz jurnalistlər, metro işçiləri və neft-qaza baxanlar 5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı gününü xüsusi qeyd etmərik. Məncə, burada nəfəs dərək, dayanaq, çünki bizdə peşə bayramları hədsiz dərəcədə çoxdur. Başqa ölkələrdə heç bu qədər peşə bayramı olmur, çünki avara millətdirlər, bizim kimi iş-güclə məşğul olmurlar. Məsələn, mən dəqiq bilirəm, Almaniyada xalçaçı günü qeyd olunmur. Fransada isə prokurorluq və vergi işçilərinin bayramı yoxdur. Nə isə. Söhbəti uzatmayaq.
Bax, həmin metro bayramı günündə jurnalistlər idarənin keçmiş müdiri Tağı müəllimi qutlamış, “bir kaç kəlmə” xoş sözlər eşitmək, arzularını, diləklərini yazmaq istəmişdilər. Tağı müəllim isə demişdi: “Əəə, bir-bir…” Yox, üzr istəyirəm, o ayrı açıqlama idi, oxudunuzsa pozun. Metronun əski müdiri o əziz bayram günündə çox qəmgin, kədərli danışmışdı: “Bu bayram mənlik deyil. Ömrümü metroya sərf eləməyim boş şey imiş. Qurtardı, getdi”.
Doğrudan da, 40 il yerin altında köstəbək kimi əziyyət çəkib maaşını yeməyib, içməyib yığasan, axırda da Akif Çovdarov gəlib 3 milyon dollarını tutub ala – dözüləsi hal deyildir. Bəs niyə mən “Barselona” futbol klubunun doğum günü olan 29 noyabrda bizim metronu yada saldım, indi, nəhayət, bunu izah edim.
Dünən internetdə bir video yaymışdılar, hansısa zənən xeylağı metro vaqonunda kamali-ədəblə ayağını uzadıb corabını dəyişirdi. Əslində burada “ədəb” və “dəyişmək” bir az yerinə düşmür, çünki xanımın ayaqları dövlətçiliyimizin icazə verdiyindən müəyyən dərəcədə açıq idi, corabları isə çıxarıb oturacağa atırdı. Əlbəttə, mənim fikrimcə, o qadının videosunu üzü görünən formada yaymaqla bəlkə də düz eləmirdilər. Necə olmasa xalqımızın anası-bacısıdır. Qədim bir kinomuzda deyilən kimi, “acından belə eləyirdilər”. Avropada-zadda camaat metroda ondan açıq dolaşar, lakin kimsənin vecinə olmaz, qəzetlər də bunu “Biabırçılıq!” başlığıyla yaymaz. Aclıq pis şeydir.
Başqa tərəfdən, yuxarıda yazdığım kimi, bu metrodan heç ona 20 il rəhbərlik edən xeyir görməyibsə, o qadından nə istəyirik? Maraqlanmaq lazımdır, bəlkə o elə perronda qatar gözləməkdən islanıb qan-tərə batmış corablarını bezdiyindən çıxarıb atırdı? Bakı metrosunun bərbad havalandırma sistemini, yayda bürküdən, qışda basabasdan boğulduğumuzu bilirik axı. Stansiyaların tikintisi az qala Marsda stansiya qurmaq qədər baha başa gəlir. Dünyada yeganə metrodur ki, burada sənə qatarın haçan gələcəyini yox, haçan getdiyini dəqiqə və saniyəsi ilə göstərirlər. Absurd bir şeydir. Sanki mənə çox maraqlıdır qatar haçan gedibdir. Az qalırsan oturub romantik şeir yazasan, maşinistin arxasıyca ağlayasan. Qəzet satmağa qoymurlar, jurnalistlər metrodan bir qəpik xeyir görmür. Dövlət də bu metrodan ziyandadır, haçan görsən ağlaşmadır, deyirlər filan qədər dotasiya ayırırıq, əslində gediş qiyməti filan qədər olmalıdır, bizə qurban olasınız və sairə.
Necə deyərlər, belə olan şəraitdə müsbət təşəbbüsləri boğmaq lazım deyildir. İmkan verin, camaat metroda corabını dəyişsin, ayaqqabısını çıxartsın. Bunun sonrası da var. Altı-üstü striptiz olan mübarək vətənimizin qədrini bilməliyik. Kimin xoşu gəlmir, taksiyə minsin. Bizdə indi, maşallah, taksi metrodan ucuzdur.