Sovet vaxtı bütün ittifaq miqyasında dolaşan bir lətifə vardı. Beləydi: Rusun ürəyi qızıldır, yəhudinin – başı, erməninin – əli, azərbaycanlının – dişi.
Hər lətifədə bir həqiqət payı olduğundan gülüb keçər, qızıl dişlərimizi parıldadar, bununla da lətifənin bizə aid hissəsini əyani şəkildə təsdiqləyərdik.
Heç yəhudi professorların başının və erməni ustaların əllərinin qızıl olmasına da etiraz edən yox idi. Fəqət ittifaq miqyasında boynumuza qoymuşdular və biz də sovet xalqı olaraq boynuma almışdıq ki, rusun ürəyi qızıldır.
Beləcə, “ürəyi qızıl olan rus”un Özbəkistanın “ağ qızıl”ını, Gürcüstanın “qızıl sular”ını, Ermənistanın qızıl balığını, Azərbaycanın “qara qızıl”ını, Qazaxıstan və Ukraynanın qızıldan qiymətli, kəhrəba rəngli buğdasını, eləcə də o biri müttəfiq respublikaların əlində-ovcunda olan sair “qızıl”ları Moskvaya daşımasına göz yumurduq. Ürəkləri qızıldır axı… Onlar olmasa, hamı batıb gedər, Amerika bizi tutub qul edər (guya ki, amerikalıya və ya rusa qul olmağın fərqi vardı).
Xalq arasında bu “qızıl ürəkliik” barəsində əfsanələr dolaşırdı. Rusiyaya yolu tez-tez düşənlər gəlib deyirdilər: “Allah versin rusa. Sən öl, burada 500 rubla düzəlməyən işi iki dənə ”Stalişni” (“Stoliçnaya” – araq markası) ilə həll edirsən; “Kamandirin qabağına bir butulka konyak, 5 kilo da nar qoydum, oğluma bir həftə opuska (otpusk – məzuniyyət) verdi, getdik Moskvada qəstində (qostinitsa – mehmanxana) qaldıq, çasta (çast – hərbi hissə) qayıdanda da xlebaris (xleborez – çörək doğrayan) qoydular” və sair və ilaxır.
Hamı deyirdi, Moskvada kartofun kilosu 9-10 qəpikdir, ət 2-3 rubldur, kərə yağı 3-4 rubldur, kostyum, palto, köynək, ayaqqabı bizdəkindən qat-qat ucuzdur. Bizdə isə o əmtəələr 5-6, hətta 7-8 qat bahaydı – hələ o da tapılsa.
“Çox dürüst millətdir, satıcı 1 qəpiyi adamın dalınca atır, deyir, vozmite svoi meloçi, nam ne nado” (yəni “öz xırda pulunuzu götürün, bizə lazım deyil”) – bu da bir əfsanəydi.
Məşhur rus mütəfəkkiri Karamzinin Rusiya haqqında məşhur ifadəsi unudulmuşdu. O ifadə belədir. Bir dəfə Karamzinə deyirlər: “Rusiyanı bir sözlə necə ifadə etmək olar?” O da bircə kəlmə ilə cavab verir: “Voruyut” (“Oğurlayırlar”).
Düzdür, sovet vaxtı oğurlama, çırpışdırma, əkişdirmə ənənəsi xeyli zəifləmişdi, amma yenə də qalırdı. Əslində bütün müttəfiq respublikaların əkib-becərdiyi, tikib-toxuduğu, hasil etdiyi maddi sərvətlər qanuni şəkildə Rusiyaya daşındığından xırda-para çırpışdırmalara ehtiyac yox idi. Bir adamın öz əlindəkini gətirib könüllü şəkildə sənə verməsinə “şərait yaratmısansa”, ta niyə oğurlayasan, niyə qarət edəsən?
Amma SSRİ dağıldıqdan sonra o biri ölkələrdə olduğu kimi, gözəlim rus xalqı da Karamzinin dediyi yerə qayıtdı.
İndi Maqadandan Kalininqrada, Həştərxandan Novoya Zemlya adasına qədər hər yerdə oğurlayırlar. “Qızıl ürək”dən əsər-əlamət qalmayıb. “Qızıl ürəklər”in əlləri qızılla oynayır, keçici qırmızı bayraqların yerini qızıl unitazlar, korpusu qızıldan olan telefonlar, köpək zənciri yoğunluqdakı qızıl boyunbağılar, lüks avtomobillər, qızıl saraylar alıb.
Sovet vaxtı da kasıbçılıq çəkən sadə xalq yenə də firavan yaşayış həsrətindədir. İndi-indi məlum olur ki, sadə xalqın ürəyi də qızıldan-zaddan deyil, əksinə, gəlmələrə qarşı kin-küdurətlə doludur, elə bilir ki, “möhtəşəm rus diyarı”nın müstəmləkələri müstəqil dövlətlər olmasaydılar, onlar daha yaxşı yaşayardılar.
Budur, “qızıl ürək”li ruslar öz qan qardaşlarına – ukraynalılara qızıl güllə atırlar, “vurarıq, vurarıq” deyirlər.
İndi rusların quraşdırdığı lətifələrinin məzmunu da dəyişib: gürcülər pederastdır, estonlar gerizəkalıdır, latşlar nanəcibdir, ukraynalılar peysərdir, asiyalılar kütbeyindir, azərbaycanlılar alverçidir, çeçenlər quldurdur, bir dənə ruslar intellektual, dürüst, qeyrətli və hazırcavabdırlar.
Köhnə əfsanələr isə unudulub gedir. Artıq postsovet məkanında hamı hər şeyin fərqindədir. Hamı istəyir ki, “rus ayısı” pəncəsini, çirkli caynağını, eləcə də qızıl gəmirəcək dişini ondan uzaq eləsin.