“Homerə inansaq, Sizif fani varlıqların ən müdriki və tədbirlisi idi. Doğrudur, başqa bir mənbədə deyilənlərə görə, Sizif həm də adi bir qarətçiymiş. Ancaq mən burada heç bir ziddiyyət görmürəm. Onun necə cəhənnəm fəhləsinə çevrilməsi ilə bağlı çoxlu fərziyyələr var”.
(Alber Kamyu, “Sizif haqda mif”)
Azərbaycan xalqı niyə rüşvətxorluğa, korrupsiyaya, qaçaqmalçılığa müsbət yanaşır? Çünki bu işlərdə xeyrimiz vardır. Doğrudur, bu xeyir qısamüddətlidir, ağıllı yazarlar demişkən, uzun perspektivdə işə yaramır, əksinə, ziyan vurur, ancaq uzaq gələcək kimə lazımdır? Dünya beş gündür, nağd olsun, soğan olsun. Sabahı fikirləşmək üçün başqa millətlər var, canları çıxsın fikirləşsinlər. İki isti örnək göstərəcəyəm.
Biri budur ki, Nazirlər Kabineti xaricdən adambaşına vergisiz siqaret və araq gətirmək limitini xeyli azaldıbdır. Qabaq hər adam 3 litr gətirə bilirmişsə, indi litr yarıma icazə var, siqaret sayı 200 dənəyə düşübdür. Hökumət bununla daxili bazarı qorumaq istəyirmiş. Deməli, ölkəmizin gələcəyi üçün bu, lazımlı addımdır. Eyni zamanda xeyli insan məhz bu gün həmin vergisiz malları gətirməklə dolanırdısa, onların axırı nə olacaq? Gömrükdə rüşvət azalanda, əliəyri işçilər damlananda dövlət prinsipcə qazanır, ancaq dükanlarda qiymət qalxdı. Çünki qabaq gömrükçü ilə “danışıb” ödədiyi rüşvət indi rəsmi verdiyi rüsumdan az olurdu. Bu da sənə korrupsiya ilə mübarizənin xeyri.
Paytaxt lift idarəsinin bir başıbəlalı müdiri vardı. Qızına 400 min dollarlıq toy eləməyi ilə dilə-dişə düşmüşdü. Ən ölü saytı qaldırsan, oradan bu dəqiqə Qüdrət müəllimi cırıq-cırıq edən azı 40 dənə yazı çıxar. Kişidə “qüdrət”in yalnız “ət” hissəsi qalmışdı, camaat da bundan döymə eləyirdi. Qazancımız nə oldu? Buyur, dünən lift remontunun təzə müdiri Xalid müəllimin açıqlaması yayıldı, deyir, Tarif Şurasına müraciət göndərmişik, istəyirik lift pulu 5 dəfə artırılsın. Lap o Mollanın fil əhvalatı kimi bir şeydir.
Doğrusu, mən kasıb adamam, həyət evində yaşayıram, lift pulu da hazırda nə qədərdir, artıb neçə olacaqdır – bunu bilmirəm. Eyni zamanda düşünürəm ki, bizdə liftdən yararlananlar çox pul verməyə borcludurlar. Niyə? Çünki Azərbaycanın inkişafı yuxarıdan daha yaxşı görünür. Əgər sən hər gün yuxarı mərtəbəyə qalxıb uğurlu daxili və xarici siyasət sayəsində cənnətə dönmüş vətənimizə baxmaq istəyirsənsə, zəhmət çək, haqqını ver. Hazırda bizim kosmosda 3 dənə peykimiz uçur, üçü də ziyanla işləyir. Ancaq biz proqramı davam etdiririk, çünki yuxarıdan aşağı baxmağın ləzzəti ayrıdır. Odur, amerikalılar Marsa növbəti qurğunu endirdilər. Nələrinə lazımdır? Heç Meksika sərhədində Texasa doluşmağa çalışan honduraslıların qabağını ala bilmirlər, məntiqlə Marsda nə gəzirlər? Əsas odur yuxarıda olasan. Hamıdan. Altda qalanın canı çıxsın – el məsəlimizdə deyilən kimi.
Qayıdaq liftimizə. Məntiqlə, bizə köhnə müdir sərf edirdi, aldığı 20 qəpikləri yığıb qızına toy eləsə də. İndikinə 1 manat verəcəyik, bəlkə də iki qızı var. Yenə Qüdrət müəllim toy eləyib doymuşdu. Doğrudur, başqa sahələrdə aparılan islahatların bənzəri kimi, ola bilər daha liftlər qırılmasın, vaxtında remont olunsun, ancaq yuxarıda yazdığım kimi: ona qədər ya xan ölər, ya eşşək.
Ümumiyyətlə, biz elə bil qapalı dairəyə düşmüşük. Hara getsək fırlanıb qabaqkı yerə qayıdırıq. Kənd təsərrüfatı naziri deyir ki, kəndliyə nə əkməyi məsləhət verəcəyik, özbaşınalıq olmasın və sairə. Ondan da qabaq kimsə demişdi kəndlilər birləşsin, torpaq sahəsi yekəlsin, hərəyə düşmüş bir-iki hektar torpaq payı ilə fermer təsərrüfatı qayırmaq çətindir. Bunlar kolxoz quruluşunun yenidən tətbiqinə çağırış deyilsə, nədir? Adını “məsləhət” qoyursan, sonra məcbur edirsən. Pambıq yerinə sarımsaq əkənləri də “kulak” elan etməliyik. Ayrı yolumuz yoxdur.
Yeganə olaraq baş nazirin aparatında real islahatlar aparılır. Dünən Novruz müəllimin sərəncamı ilə Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin Xidmət və Təchizat Sektorunun müdiri Ənvər müəllim vəzifəsindən azad edilərək həmin idarənin (İşlər İdarəsinin – Z.H.) Nəqliyyat Xidməti Şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.
Mənə elə gəlir ki, zəhmətkeşlərimiz bu sərəncamdan irəli gələn müsbət dəyişiklikləri tezliklə özləri görəcəklər.