“Sən allah, xanım, bircə bunu səndən soruşacaqdım ki, görəsən, o kişi kasıbların da ölüsünü dirildir, ya bircə dövlətli adamlarınkını? Vallah, xanım, bu gün o qədər fikir eləmişəm heç bilmirəm nə qayırıram”.
(Mirzə Cəlil, məlum əsərindən)
Dünyada elə bir xalq, millət tapılmaz ki, onun şeyxi olmasın. Hətta qurdalasan Sakit okeanda təyyarəyə dua edən qəbilələrin də öz şeyxləri vardır. Sadəcə, çox millətlər şeyxlərini öpüb-qucaqlayıb ovuclarında, yağ içində böyrək kimi saxlayırlar, bizim millətin isə cəmi bir şeyxi var, onun qədrini bilmirik. Dünən mən uca şeyximizin intervüsünü oxuyanda acı hisslər keçirtdim. Başımı kompüterə çırpdım. Saçlarımı yoldum, burnumu qanatdım, üzümü cırdım. Günah olmasa intihar edərdim. Bu nə gündür biz yaşayırıq? Şeyxə qarşı elədiyimiz pisliklərin əvəzində göydən ölkəmizə asteroid düşsə azdır.
Şeyximiz, yeri gəlmişkən, şikayət edən, ağlaşma quran adamlardan da deyil. Onda Əyyub peyğəmbər səbri, dəyanəti vardır. İllərdir millət, onun bambılı jurnalist-murnalistləri uca şeyximiz haqda nələr uydurmadılar… Çexiyada mülkü var, Praqada biznes qurub, Bakıda kartof işinə baxır, filan yerdə villası, beşməkan yerdə obyekti… Ancaq şeyx bunlara dözmüşdür. Elə son intervüsündə də müxbir soruşmasa heç dərdini açıb demir. Yalnız müxbir sual verəndən sonra (yəqin pis-pis suallara görə bu müxbirin qələmi yaxın vaxtlarda quruyacaqdır) deyir ki, haqqında yazılanlar yalandır. Praqada biznesi, mülkü yox imiş. Bəs orada şeyxin adına çıxan ev nə imiş? Hə, bax, bunu biz gərək diqqətlə yadda saxlayaq. Çünki həmin məsələyə görə başımıza daş yüz faiz düşəcəkdir.
Şeyx həzrətləri ərz edir ki, əslində onun Çexiyaya müalicə məqsədilə gedib-gəlməyi varmış, orada hər il müəyyən müddət qalmalı olurmuş. Namaz qılmaq, dua eləmək-filan kimi dini işləri isə Çexiyada hər yerdə eləmək olmaz, ora kafər məmləkətidir, mundar yerdir. Ağlın Azərbaycan, Ərəbistan, İran kimi pak, saf yerlərə getməsin. Çexiyada bəlkə də küçəni pivə ilə yuyurlar. Uzun sözün qısası, dostlar şeyxə məsləhət görüb ki, Çexiyada 20-nin 24-ə, ya da 20-24 kvadratmetr – dəqiq yadımda qalmayıb – bir otaq alsın, orada namaz qılsın, dəstəmaz alsın, oruc tutsun, nə bilim, neyləsin – dini savadım kasaddır, bir şeyx daha nələr edə bilər, yaxud etməlidir, bunu bilmirəm. Şeyx də otağı alıbmış. Lakin biz burada düşükcəsinə səs-küy qopardandan sonra şeyx otağı verib, çıxıb gəlibdir, deyir ta mənə lazım olmadı.
Ey vah. Bəs indi şeyx Çexiyaya gedəndə harada dəstəmaz alacaqdır? Yoxdur belə yer. Bizim üzümüzdən qalmadı. Deməli, şeyx namaz qılıb dualarında bizi də qoruya bilməyəcəkdir. Elə bil Narmobayl-ın stansiyasını sökürsən, sonra deyirsən nəsə telefonum tutmur, balam… Tutmaz da. Rabitə üçün qüllə lazımdır, dua eləmək üçün də təmiz otaq. Artıq şeyx qoruma qalxanını məmləkətin üstündən çəkibdir, ehtiyatlı olmalıyıq.
Yenə deyirəm, özü də bizim şeyx qızıl, platin, hətta deyərdim brilyant kimi adamdır. Biz isə ona layiq deyilik. Baxın, başqa millətlər şeyxlərini necə sevirlər… Xristianlar kilsə haqda min dənə uşaqbazlıq-zad söhbətləri çıxsa da yenə papa papamobilə minib Vatikandan küçəyə çıxanda az qalırlar təkərləri yalasınlar. Ərəblərdə yüzlərlə şeyx var, hərəsinin qızıldan otaqları, dəvə sürüləri, arvad sürüləri, bahalı maşınlar, adam mişarlamaq dəstələri, nə bilim, şokolad vannaları… Gör heç bir nəfər həmin şeyxləri dilə-dişə salır? Biz isə cəmi bir şeyxin qədrini bilmədik. Çexiyada otağı varmış… Ölün elə. Ölək elə. Allah göydən üzümüzə tüpürsə azdır.
İndi yadıma düşdü, 1994-cü ildə hansısa qəzet yazmışdı ki, Azərbaycanda prezident seçilən şəxslər 3 şeyə and içirlər: Konstitusiyaya, Qurana, bir də şeyxlə Polad Bülbüloğluna dəyməyəcəklərinə. O vaxtdan çox sular axıb, Polad müəllim daha mədəniyyət naziri deyil. Konstitusiyamız min dəfə dəyişib, indi heç bilinmir ilkin variantdan orada nəsə qalıbdırmı. Hətta Quranı da, əstəğfürullah, amerikalı kafirlər vaxtaşırı yandırırlar. Yeganə şeyx cənablarıdır ki, bu keşməkeşli illərdə toxunulmaz qalıbdır, müsəlman idarəmizin “Titanik” gəmisini aysberqlər arasından məharətlə sürübdür. Biz bundan dərs çıxarmaq yerinə, ağzımıza gələni yazırdıq.
Məncə, hələ gec deyil, pul yığaq, nəzir verək, şeyx üçün Praqada təzə dəstəmaz otağı alaq. Kim bilir, bəlkə onun duasıyla asteroid Kürdəmirə dəyməyə 50 metr qalmış havada əridi, suya döndü, axıb getdi.