“Can Azərbaycanımızın torpaqları azad edilənə qədər Ermənistanla sərhəd qapıları açılmayacaq”

Türkiyədə fəaliyyət göstərən əsassız erməni iddiaları ilə mübarizə dərnəyi ASİMDER-in başqanı Göksül Gülbeyin Ermənistan TIR-larına Trabzon Limanının açıldığı barədə dedikləri geniş müzakiərlərə səbəb olub. Türkiyə və Azərbaycan mediasında yer alan bu mövzuya Türkiyənin Azərbaycandakı səfirliyindən də reaksiya verilib və iddia təkzib olunub. Həmçinin Trabzon Limanı müdiri Muzaffer bu iddiaları yalanlayaraq bildirib ki, ermənilərin dünyaya açılan qapısı Trabzondur. “Amma bu qapının açılması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir”- Ermiş deyib.

Məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı sabiq səfiri Türk Dünyası Parlamentlər Birliyinin xarici əlaqələr üzrə baş koordinatoru Hulusi Kılıç Musavat.com-ın suallarını cavablandırdı.

-Hulusi bəy, bir neçə gün öncə bizə müsahibənizdə Qarabağ uğrunda şəhid olmağa hazır olduğunuzu növbəti dəfə dediniz. Sizin səfir olduğunuz dönəmdə həm Türkiyə, həm də Azərbaycanı şərəflə təmsil etdiyinizi çox yaxşı bilirik. Hazırda Türkiyədəsiniz, yəqin ki, Trabzon qapısı ilə bağlı səslənən iddialar barədə şəxsən araşdırma aparmısınız. Sizdə bununla bağlı nə kimi bilgilər var?

-Öncə təşəkkür edirəm. Bakıdan İstanbula yenicə gəlsəm də, can Azərbaycan üçün, Bakı üçün darıxmışam. Burda işlərimiz var. Amma fürsət düşən kimi Azəraycana növbəti dəfə gələcəyəm. Sizin vasitənizlə Azərbaycandakı bütün dostalara, qardaşlara salam söyləyirəm. Səslənən iddialara gəldikdə, ola bilsin bu yük maşınları Gürcüstan üzərindən keçir. Amma mən bunu dəqiq bilirəm ki, Ermənistanla sərhədlər bağlıdır. Trabzondan açılan qapı Gürcüstana aparır, buna əmin olun. Türkiyənin Gürcüstanla üç qapısı var: Sarp, Türkgözü və Cıdır-Akdaş. Mənim dediklərim rəsmi olmaya bilər. Amma bunu dəqiq bilirəm ki, sərhəd açıq deyil, bağlıdır. Trabzon zatən Sarp tərəfə yaxındır. Ola bilsin gürcülərə gedən yükləri sonradan da gürcülər onlara satır. Bunu rəsmi olaraq bilmirəm. Amma təxmin edirəm ki, belədir.

-Belə iddialar var ki, Ukraynanın da içərisində olduğu bir layihə var və ildə 200 TIR-ın Türkiyəyə keçməsi izni alınıb. Bu, nə dərəcədə ciddi iddiadır?

-Mən qeyd etdim ki, Türkiyə ilə Ermənistan sərhədi bağlıdır. Amma hardan gedir, onu bilmirəm. Sərhəd məsələsi ilə bağlı Türkiyənin mövqeyi dəyişilməzdir. Sərhədin bağlanmasına səbəb olan hallar aradan qaldırılmayıb. O şərtlər yerinə yetirilməyib. Ortaya qoyulan şərtlərə əməl olunsa, biz sərhədi aça bilərik. Türkiyənin mövqeyi budur. Başqa mövqe ola bilməz. O 200 maşın başqa yerdən gedə bilər, Rusiyadan da, başqa ölkədən də. Amma Türkiyənin Ermənistanla ortaq sərhədindən keçə bilməz. O sərhəd bağlıdır, ta ki, şərtlər yerinə yetirilənə qədər bağlı qalacaq. Mən sizi əmin edirəm. Türkiyənin bu mövzuda mövqeyi heç zaman dəyişməyəcək.

-Hulusi bəy, biz də qardaş Türkiyədən ancaq bu mövqeni gözləyirik. Elə bu günlərdə Türkiyə prezidentinin köməkçisi növbəti dəfə bəyan etdi ki, işğal altındakı Azərbaycan əraziləri azad olunmalıdır. Ankaranın prinsipiallığı bizi məmnun edir…

-Təbii, bizim istəyimiz də budur. Azərbaycan torpaqları azad olunarsa, Ermənistan da bundan faydalanar, erməni xalqı da bölgədəki rifahdan, inkişafdan payını ala bilər. Bizim arzumuz işğala son verilməsidir. Həmçinin bizim heç bir xalqla düşmənçiliyimiz yoxdur. Biz erməni xalqı ilə illərlə iç-içə yaşadıq, həm Türkiyə, həm Azərbaycanda. Amma siyasətçilərin bu mövzuda daha diqqətli olmaları lazımdır.

-Bəzi iddialar var ki, 2009-cu il Sürix protokolları başqa formada yenidən masaya qoyula bilər. Bu, mümkündürmü?

-Onlar boş iddialardır. Heç vaxt gündəmə gələ bilməz. Çünki Türkiyənin, cümhurbaşqanımızın mövqeyi dəyişməz. Bunlar Türkiyə-Azərbaycan münasibətlərini pozmaq üçün söylənən şeylərdir. Bunlara qulaq asmayın! Türkiyə hər zaman sizin yanınızdadır. Biz birlikdə daha da güclüyük. O baxımdan heç kimin ağlına başqa şey gəlməsin. Can Azərbaycanımızın torpaqları azad edilənə qədər Ermənistanla sərhəd qapıları açılmayacaq. Zamanında ortaya qoyulan şərtlərə əməl olunanadək sərhədlər bağlı qalacaq.

Elşad PAŞASOY,
Musavat.com

Загрузка...