Загрузка...

“Lider maqazin” verilişinin aparıcısı Türkan Heydərova teleqraf.com-a müsahibə verib.

Medianews.az müsahibəni təqdim edir:

– Bəlkə də elə tamaşaçılar var ki, sizin aparıcılıqdan öncə müğənni kimi fəaliyyət göstərməyinizdən xəbərsizdir…

– Müğənnilikdən çox özümü aparıcı kimi təsdiqləyə bildim. Məni müğənni kimi çox adam tanımadı. Aparıcı kimi tanıyanlar isə çox oldu.

– Yolunuzu kəsənlər oldumu?

– Allah açan yolu heç kim kəsə bilməz. Amma zaman-zaman mənim də yoluma daş qoyanlar olub. Ürək bulandırdılar. Amma hər zaman olduğu kimi sudan quru çıxdım.

– Aparıcılıqla birgə müğənniliyi davam etdirmək çətin deyil ki?

– Əslində həyatda asan heç nə yoxdur. Aparıcılıqla yanaşı ifaçılıq fəaliyyətimi də davam etdirirəm. Meyxanaçı Vüqar Abdulovla duet oxudum, amma o mahnı sevilmədi. İndi başqa meyxanaçı ilə işbirliyi qurmaq niyyətindəyəm.

– İndi müğənni, yoxsa aparıcı olmaq asandır?

– Hər ikisi çətindir. Hazırda musiqimiz korlanıb. İndi gündəmə gəlmək asandı, yaddaşda qalmaq çətin. İndi hamı gündəmdə qalmaq üçün çalışır.

– Bəs siz gündəm üçün nə edirsiz?

– Çalışıram. Amma nə qədər bacardığımı tamaşaçılar deyə bilər. Mən üzərimdə daim işləyirəm. Müəllim yanına gedirəm. Estrada üzrə təhsil almışam. Yəni bu sənət aləmində təsadüfi adam deyiləm.

– Müğənni kimi ifanızla kimlərdən yaxşı oxuyursuz?

– Çoxundan yaxşı oxuyuram. Bu gün əksər müğənnilər Damlanı qınayır. Amma indi sən çıxıb özündən populyar adamı tənqid edirsənsə, çoxları hesab edir ki, özünü reklam edirsən. Ona görə də mən ad çəkmək istəmirəm. Röyaya, Aygünə də paxıllığım tutmur. Mən evdə oturanda onlar iş görüb. Amma reallıq budur ki, ifamla bir çox müğənniləri yerlərində otuzduraram.

– Şou-biznesin hazırkı vəziyyəti necədir?

– Şou-biznes ayrı, qıjı biznes ayrıdır. Bu fikri Səidə Sultan da demişdi. Çox doğru sözdür. İndi qıjı müğənnilər gündəmdədi. O insanları səhnələrə kim buraxıb? Çoxunun səhnə mədəniyyəti də yoxdur. İndiki dövrdə aparıcıların çoxları ləhcəylə danışır.

– Niyə bəzi qadın müğənnilərə “ailə dağıdan” deyillər?

– Od olmayan yerdən tüstü çıxmaz. Amma bu sözü mənim haqqımda deməyiblər. Çünki bu günə qədər kiminsə ailəsini dağıtmamışam.

– Bəs evli kişi ilə münasibət quran qadınlara münasibətiniz?

– Məncə, günah xanımda yox, evli kişidədir.

– Evli bir kişi sizi sevsə, münasibətiniz nə olar?

– Baxır evli kişiyə… Əgər bir insan ailəsinin boğazından çörəyi kəsib mənə gətirirsə, bu mənə lazım deyil. Amma əgər bir evli kişinin xanımı İspaniyada dincəlirsə və o kişi hər tərəfli ikimizə də vaxt ayıra bilirsə, razı olaram. Çox istəyərdim ki, belə bir evli kişi məni sevsin.

– Nikahdan kənar övlad dünyaya gətirərsiz?

– Bu sualı mənə 5 il sonra versəz, razı olaram. Amma indi yox. Uşaq qanunla olmalıdır. Özüm atasız böyüdüyümə görə övladımın da atasız olmasını istəmirəm. 40 yaşından sonra görsəm ki, uşağım yoxdur, bu yola əl ataram.

– Atasızlığı hiss etdinizmi?

– Atam dünyasını dəyişib. Uşaqlar var ki, atalı-analı evdə böyüyürlər, amma evlərində hər gün dava və maddi problemlər olur. Onlar da psixoloji problemlə böyüyürlər. Amma məndə əksinə olub. Atasız böyüsəm də anam, nənəm, babam mənə maddi sıxıntı yaşatmayıblar. Atasızlığı indi-indi hiss edirəm. Hansısa oğlan məni almaq istəyən zaman ailəsi deyir ki, atasız qız almaram. Ailə qurmağıma təsir edib.

– Elçi düşənlər olub?

– Bu günə qədər mənə elçi gələn olmayıb. Özümə də çox maraqlı gəlir. Bəzən xasiyyətimə və görünüşümə görə deyirlər ki, əsl alınası qızsan.

– Bəs kasıb oğlanla ailə qurarsız?

– Bu günə kimi özüm qazanmışam. Kasıb və ağıllı olsa, hə deyərəm. Evi, maşını yoxdursa, desə ki, kirayədə yaşayaq, razı olaram. Amma gəlib mənim evimə girəcəksə, razı olmaram.

– Maddi tərəfə önəm vermirsiz?

– Çox önəm verirəm. Mənim üçün 100 faizlik normal kişinin 30 faiz ağlı, 30 faiz pulu, 40 faiz də yaraşığı, xarakteri olmalıdır.

– Bu sadaladığınız amillər şou-biznesdə olan bir bəydə olsa, ailə qurarsız?

– Heç vaxt… Amma bu günə qədər nəyə heç vaxt demişəmsə, başıma gəlib. Ona görə də heç vaxt deməyim.

– Şou-biznesdə gəlinlik geyinmədən də ailə quran xanımlar var…

– Müsabiqələrin birində iştirak zaman Röyanın “Əlvida gedirəm” mahnısını oxumuşdum. Həmin zaman münsiflər heyətində xalq artisti Faiq Ağayev otumuşdu. Mahnını oxuyan zaman gəlinlik donu geyinib, başıma da fata qoymuşdum. İfa zamanı fatanı qoparıb yerə tulladım.

Faiq bəy mənə söylədi ki, etdiyin hərəkətin mənasını bilirsən? Dedi, ya cəsarətlisən, ya da etdiyin hərəkətin fərqində deyilsən. Fatanı yerə atan qızlar heç bir zaman gəlinlik geyinə bilmirlər. Mən də uşaq olduğum üçün etdiyim hərəkətin fərqində deyildim.

– Ananız işlərinizə müdaxilə edirmi?

– Uşaq vaxtımdan anamla söhbətimiz oldu. Ona dedim ki, sən mənim işlərimə qarışsan, sənin istədiyin kimi edəcəm. Amma sonda nəsə pis olsa, deyəcəm ki, bunu sən etdin. Ona görə, də anam hər şeyi mənim seçimimə buraxıb. O vaxt söylədim ki, qardaşım, qohumlarım da mınim işimə qarışmasın. İndi həyatda hər şeyə özüm qərar verirəm. İndiyənə qədər nə olubsa, öz səhvimdən olub.

– Həyatda özünüzü xoşbəxt hesab edirsiz?

– Kiçik nüanslarla xoşbəxt ola biləcək adamam. Nəyim varsa, ona da şükür edirəm. Ən azı bir ildir həyatımda heç kəs yoxdur. Yəni heç kəslə görüşmürəm. Sevgilim yoxdur.

– Bu günə qədər sizə bağışlanan ən böyük hədiyyə nə olub?

– Mənə 105 min dollar dəyərində maşın hədiyyə etdilər. Amma bu hədiyyə məni bədbəxt etdi. Düşündüm ki, həyatda ondan dəyərli hədiyyə mənə verilməyəcək. Elə ona görə də Allah elə etdi ki, qəza keçirdim, içindən sağ çıxdığım üçün şükür etdim. Dəyər-dəyməzinə satdım. Əvəzində 10 min dollarında maşın aldım.