“Hər dərədə bir at öldürüb, baytar olub”
(ata sözü)
Uşaqların zərərli informasiyalardan qorunması haqda qanun qüvvəyə minmişdir. Doğrusu, mən qanunu bir az oxudum, heç zad qanmadım. Örnək üçün, indi biz qəzetin üstündə harasa “12+”, “16+”, nə bilim, “6-” yazmalıyıqmı? Erotik məlumat, zorakılığın təbliğatı, nə bilim, intihar üsullarının göstərilməsi deyiləndə nə başa düşülür? “Əjdaha” ləqəbli aktyor basıb məktəb direktorunu döysə, mətbuat direktorun fənərli göz fotosunu çap etməlidirmi? Şagirdlər bunu görsələr təhsilimizin nüfuzu yerə düşərmi? Məktəbə gedən yolun üstündə dana kəlləsi asmaq məkruhdurmu, yoxsa haramdır?
Yaxşı yadıma düşdü, bu yaxında bir qrup şagird gördüm, siqaret püskürdə-püskürdə gedirdilər. Bəzənsə biz görürük siqaret qutularının üstündə xərçəng xəstəliyinə düçar olmuş adamın ciyərinin fotosu verilibdir. Şagirdlər üçün belə şəkillər nə dərəcədə uyğundur? Yaxşı olmazmı məktəblilər üçün siqaretlərin qutusunda Nizami Gəncəvinin, Dəmir Gədəbəylinin, Zakir Fəxrinin, Rəşad Məcidin gözəl şeirlərindən misralar həkk edilsin?
Suallar çoxdur, əlaqədar orqanlar da, maşallah, çoxdur və inşallah, tezliklə bütün bu həlli vacib sosial məsələlərə əncam çəkilər. Sözgəlişi, oktyabr ayında Britaniyada intiharları önləmə naziri təyin edildi, bu, dünyada ilk belə nazir idi. Məncə, biz də bu təşəbbüsə qoşulub Qənirə xanımı nazir qoya bilərik. Yoxsa indi bəzi saytlara baxırsan, intihar eləməyin üsullarını xırdalıqlarına qədər göstərirlər. İnformasiya üçün bildirim ki, bəzi sivil dünya ölkələrində kimsə intihar edəndə bunu necə elədiyini yazmaq qadağandır. Qısaca “intihar elədi” yazırlar, vəssalam. Bizdə isə görürsən qaçangelinler.az saytında kiminsə özünü sabunlu ipdən asdığı, bundan qabaq siçan dərmanını sirkəyə qatıb sulfat turşusu ilə birgə içdiyi və İpək yolu körpüsündən tullandığı, yerə düşməyə az qalmış biləyini doğradığı və maşın altında qaldığı, sonda isə üstündən qatar keçdiyi bildirilir. Elə bil müxbir manyakdır, bütün bu təfərrüatları yazmaqdan həzz alır. (Açığı, mən özüm də özümdən bir az şübhələndim indicə). Bu qeydlərim jurnalistika fakültəsinə sənəd verməyə hazırlaşan sarıdimdik gənclərimiz üçün idi. Onlar belə yazmasınlar. İndi yazanlardan artıq əlimizi üzmüşük.
Yeni dövrün, yeni əsrin, üçüncü minilliyin tələblərinə uyğunlaşmalıyıq. Bu yaxında İnterpola az qalmışdı rus polisi sədr qoysunlar, o zaman yankilər çığır-bağır saldılar ki, Rusiyada cinayətkar rejimdir, rusu ora sədr qoymaq tülkünü toyuq fermasına müdir qoymaqla eynidir. Bənzətmə uğurlu seçilmişdi, elə bu əks-təbliğatın üzündən rus general Prokopçuk-u sədr seçmədilər. Ancaq bənzətmənin iki tərəfi vardı axı. Tülkü aydındır, bəs toyuqlar kimdir? Belə çıxır yankilər dünyada ədalət axtaran, hüququnu qorumaq istəyən (hesab edək guya İnterpol bu işlərlə məşğuldur – camaat gedib konsulluqda adam mişarlayırsa, nə İnterpolbazlıqdır?) adamları da toyuq sayır. Çıxır deyəndə, elə bu cürdür. Güclü olmalısan. Çağdaş dünyada gücün yoxdursa səni cücə kimi qızardıb plovun üstünə qoyacaqlar.
Bu mənada kənd təsərrüfatımızın, qeyri-neft sektorunun inkişafı bizi sevindirir. Təzəlikcə Kənd Təsərrüfatı Nazirliyindən bir dəstə cavan uşaq uca millətimizə gözaydınlığı verdilər, deyir hazırda qoyun ətinə tələbatımızı 100 faiz ödəyirik. Mal əti üzrə 90 faizə, toyuq əti üzrə də 100-ə çatdıracağıq. İnşallah. Qida çekistlərimiz də faydalı işləyirlər, mundar ətləri, qurdlu kartofları, çürük almaları vaxtında aşkar edib poliqonda məhvinə nail olurlar. Bir də idarədən bildirdilər ki, kənddə pambıq əkini sahəsini daha artırmaq fikrimiz yoxdur. Əlbəttə. Sahə artdıqca məsuliyyətsiz adamlar da görürdün özlərini orda-burda artistliyə vurdular, guya zəhərləniblər. Hökumətdən kompensasiya istəyirdilər.
Nazirliyin brifinqində pambıq məsələsinə verilən bir izahı isə mən çox bəyəndim. KTN Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov bildirdi ki, indi biz pambığı əkirik, onu yığıb mahlıc emal etməyə zavodlarımız vardır. Ancaq mahlıcı ipliyə, ipliyi parçaya, parçanı paltara çevirmək işində zəifik, potensial faktiki çox azdır. Bu saat dövlətin qarşısında duran əsas məsələ odur ki, pambığı mahlıca, mahlıcı ipliyə, ipliyi parçaya, parçanı paltara elə burda, özümüz çevirək. Düzü, bilmirəm buna mane olan kimdir, ancaq mən Bakıda dükandan “Puma” firmasının idman köynəyini almışam – Gürcüstanda istehsal olunmuşdu və deyəsən gürcülər heç pambıq əkmirlər.
Qaldı izahatı niyə bəyənmişdim, onu da yazım. Çünki çox tanış gəlirdi. Düz tapmısınız, Molla Nəsrəddində bu proses var. Orda biri gəlir Molladan borcunu almağa, Molla çöllüyü göstərib deyir: “Bax, burdan qoyun sürüsü keçir. Onların yunu kollara ilişib qalır. Mən o yunları yığacağam, əyirib ip düzəldəcəyəm, ipdən corab toxuyub bazarda satacağam, sənin pulunu qaytaracağam”. Adam əsəbdən dəli olur, başlayır buna gülməyə, Molla deyir: “Hə, aşna, deyəsən işin düzəlib, gülürsən”.