İki adamın davası nədən bu qədər ümummili problem həddinə çatdırılsın ki? Üç gündür saytlar bu barədə yazır, sosial şəbəkələrdə isə “qırğın” gedir.
Mat qalmalı işdir. Çox da ki, qovğa tərəflərindən biri tanınmış rejissor-aktyor, o biri məktəb direktorudur.
Bu qovğa ətrafında mübahisə edənlərin əsasən iki tirəyə ayrılması isə ifrata çatmış şəkildədir və ehtiraslar son dərəcə qızışıb.
Yəni bu nədir? İqtidar-müxalifət qarşıdurmasıdırmı? Deyil. Rejissor Rza Rzayev də hakimiyyətə yaxın adamdır, məktəb direktoru Tural Mirzəliyev də dövlət qulluqçusudur.
Onların mübahisəsinin predmeti isə siyasi motivli, ideoloji səciyyəli deyil, sırf məişət xarakterlidir.
Bəlkə ortada bir ictimai yönümlü haqq-ədalət davası var? O da yoxdur. Mübahisənin məğzinə diqqət yetirdikdə, açıq-aşkar görünür ki, bu, başqalarının bitərəf qalmalı, münaqişənin həllini tərəflərin özünə buraxmalı olduğu məsələdir.
Ancaq maraqlıdır ki, dünənə qədər müəllimləri, xüsusilə də məktəb direktorlarını seçki saxtakarlığında ittiham edən, qınayan, pisləyən bir çoxları bu məsələdə məhz direktorun tərəfindədirlər, onu zərərçəkmiş, az qala dissident elan edirlər.
Eyni zamanda Rza Rzayevin də çoxsaylı dostları qızğın şəkildə onun yol verdiyi hərəkətə haqq qazandırırlar.
Ortada olan anormal durum ondan ibarətdir ki, iki nəfərin arasında olan məişət xarakterli yaxalaşma-itələşmə dövlət rəsmilərinin, hüquq-mühafizə orqanları rəhbərlərinin münasibət bildirməli olduğu böyük cinayət hadisəsi kimi qələmə verilir.
Düzdür, əlbəyaxa olanlar yüngül xəsarətlər alıblar, amma bu, sonu polis bölməsində barışıqla bitməli olan bir qovğadır, ortada cinayət yoxdur, inzibati xətadır. Yox, cinayət varsa, onda hər iki tərəf həbs edilməlidir. Çünki hər ikisinin əl-qolunda, üz-başında sıyrıqlar var. Onlardan birini azadlıqda buraxıb, digərini həbsə atmaq ədalətsizlik olar.
İndi necə olsun, adamlar əsəblərini cilovlaya bilməyərək bir-birinin yaxasından yapışıblar deyə aylarla məhkəmədə sürünsünlər, bir neçə illik məhbəs həyatı yaşasınlarmı?
Bu, bir acı şillə yemiş hikkəli birisinin aqressiv rəqibinə ölüm cəzası tələb etməsi qədər “ədalətli” iddia olar.
Hər bir hərəkətin, qəbahətin öz uyğun cəzası var. Elə hərəkətlər də var ki, hər kəs onu özünə böyük təhqir kimi qəbul etsə də, heç kəs təhqir edənin cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmir, üzbəüz olaraq şəxsən reaksiya verir, məsələ bitir.
Rejissor-direktor qovğasında elə bir hərəkətdən bəhs edilir. Ancaq çox adam bunun üstündən keçərək, tərəflərin hirsli başla söylədiyi ayrı-ayrı ifadələrə, bəzən isə ləhcəyə fokuslanırlar.
Bir adamın haralı olması, harada doğulması onu hər mübahisədə haqlı etmədiyi kimi, haqsız da etmir. Bu amilə vurğu salınması isə çox yanlışdır, məsələnin mahiyyətini başqa müstəviyə keçirməkdir.
Tam əminliklə demək olar ki, əzizinin müdafiəsinə qalxaraq direktora sərt təpki göstərmiş, inzibati xətaya yol vermiş Rza Rzayevin yerində ölkənin başqa mahalında doğulmuş biri olsaydı, o zaman ictimai rəyi məktəb direktoruna qarşı yönəldənlər çox olacaqdı.
Necə ki, ötənlərdə İH başçısını güllələyən şəxsi qəhrəman elan edənlər çox idi.
Bizdə bir hadisəyə qiymət verərkən məsələnin məğzindən çox ixtilaf tərəflərinin siyasi mənsubiyyətinə, hansı bölgədə doğulduğuna, sosial təbəqədəki mövqeyinə nəzərən rəy bildirir, səf (cərgə) tuturlar.
Əgər mübahisə tərəflərindən biri rəy bildirənin yerlisidirsə, o, həmin şəxsin nə dərəcədə haqsız olmasına fikir verməyəcək, onun haqlı olduğunu bəyan edəcək. Münaqişə tərəflərindən biri dövlət məmurudursa və haqlıdırsa, ictimai rəydə haqsız duruma salınacaq. Adam müxalifətçidirsə, amma günahsızdırsa, bu dəfə də hakimiyyət tərəfdarları onun təqsirkar elan edəcəklər.
Yavaş-yavaş hamının müstəntiqə, hakimə, eləcə də vəkilə çevrildiyi duruma gəlirik. Bütün bu cür hadisələr haqq-ədalətə zərbədir. Baş vermiş hansısa hadisəyə münasibət bildirərkən din və təriqət birgəliyi, siyasi və regional mənsubiyyət, peşə və nəsil həmrəyliyi, cinsi təəssübkeşlik kimi amillər rol oynamamalıdır. Belə olanda ədalətli olmaq olmur.
Bir çox hallarda isə bitərəf qalmaq mümkündür. Buraxın, tərəflər öz problemlərini özləri öz aralarında və hüquq-mühafizə orqanlarının vasitəsilə həll etsinlər. Belə hadisələr bizim çırmanıb qarşı duran səngərlərə girməyimiz üçün çox xırda məsələlərdir.