“Cahan ki, solmayan bir bağça-bağdır,
Burda rəvamıdır gülmədən ölmək!
Yazıq o şəxsə ki, qaraqabaqdır,
Nə qədər yaraşır insana gülmək!”
(Mikayıl Müşfiq)
Bu yaxında bir qəribə xəbər gördüm: “Gülə bilməyən iki nəfər evləndi”. Sən demə, bu yazıqlar hansısa nadir sinir xəstəliyindən əziyyət çəkirlər, həmin xəstəliyin simptomları isə sifət sinirlərinin tam iflicidir. Ancaq xəbərin əsas qəribəliyi onların azərbaycanlı olmadığı idi.
Gülə bilməmək bizim millətin hazırda əsas simptomlarından biridir. Təbii, mən “gülüş” deyərkən küçə və parklarda əsəbi şəkildə, ifadəyə görə üzr istəyirəm, anqıraraq gülən bəzi isterik gənclərin ətraf aləmə reaksiyasını nəzərdə tutmuram. O cümlədən şit yumorlu telekanalizasiya verilişlərimiz, bərbad filmlərdə dişlərini ağardıb hırıldayanlar buraya daxil deyildir. Mən o gülüşdən, təbəssümdən, sevincdən bəhs edirəm ki, kökü insanın ürəyində olsun. Dalğaları hardasa əsəblərimizin alt qatından qalxsın. Biz çoxdandır belə gülüşə həsrətik. Səbəb nədir?
Bu yaxında havalar soyuyanda özümə gödəkçə almaq istədim, 2-3 yarmarkaya getdim, ancaq onların heç birində istədiyimi tapmadım. İstədiyim isə qeyri-adi bir şey deyildi, sadə, rəngli bir kurtka idi. Bizim dükan-bazarda isə qara gödəkçələrdən başqasını tapmaq imkansızdır. Necə deyərlər, burada qaradan artıq rəng yoxdur. Sözün bütün mənalarında. “Sədərək” yarmarkasının uzun ticarət zolaqlarında asılmış yüzlərlə qara gödəkçə yadıma düşdükcə indi də xoflanıram, məni tər basır. Kabus kimi bir xatirədir. İroniya qurdu da bir tərəfdən beynimi gəmirir: “Buyur, Qarabağı itirmişik, əvəzində qara kurtkalarımız var”. Hələ qurd orada şairdən misra da zümzümə edir: “Yeri, yeri, qara paltarlı qadın…”
Anlayıram, qara alicənab rəngdir, ciddi rəngdir, kasıba-varlıya hər mənada sərf edən rəngdir, çirkləndiyini gec görürsən (lap istəsən görməmək də olar) və sairə və ilaxır. Eyni zamanda anlamaq istəmirəm. İstəmirəm millətimiz qara geyinib qara zolaqda uzun müddətdə qalsın. Ağ yola çıxmalıyıq. Sözgəlişi, Ağ yol Cəbrayılla Füzuli arasında bir yerin adı idi. İndi işğaldadır.
Niyə üzümüz gülmür, bunun da səbəbi var, biləsiniz. Azərbaycan xalqı dünyadakı başqa xalqlardan nə qaraqabaqdır, nə də şəndir. Eyni insanıq hamımız. Sadəcə, gülmək üçün, gülüşün, necə deyərlər, təzahür tapması üçün vacib olan əsas element üzrə problemimiz var. Bu, dişdir. Diş olmayanda adam gülə bilmir. Şəxsi təcrübəmdən bilirəm. Mən sağa-sola, rastıma çıxan hər kəsə gülümsəməyə çalışan adamam, amma bir ara qəfildən ağlıma gəldi ki, son çağlar az gülümsəyirəm, gülümsəyəndə isə üzümün bir tərəfini əlimlə tuturam. Özümdən asılı olmayaraq. Çünki o tərəfdən dişimi çəkdirmişdim. Bir köhnə Şəki məzəsi var. Birinin dişləri yoxmuş, dostu ona deyir: “Gəl, səni aparaq diş həkiminə, ağzına işıq çəkdirək”. İndi, maşallah, diş həkimi də çoxdur, hər cür müasir dental klinikalarımız var, ancaq millətin dişi yoxdur. Diş qoydurmaq bizim şərtlərdə olduqca baha başa gəlir (Bu yerdə “dünyanın hər yerində stomatoloji xidmət bahadır” deyən varsa ona əks arqument kimi bunu göstərə bilərəm: “Parisdəki Eyfel qülləsi də bizim bulvardakı Paraşüt qülləsindən uzundur”).
Epiqraf verdiyim şairimiz bizim ədəbiyyatda “işıq başlanğıcını” (yanılmıramsa ifadə Ramiz Rövşənə məxsus idi) yaratmışdı. Mikayıl Müşfiqin poeziyasında sevinc, təbəssüm, işıq doğrudan seçilirdi. Özü də bu, dövrünün bəzi şairlərindəki saxta, propaqanda gülüşü, “ələmdən nəşəyə” istiqaməti deyildi. Saf, insani işıq idi. Ancaq biz onu öldürdük. İndi isə sümüklərini axtarırıq. Dəhşətli söhbətlər var. Biri deyir, tros bağlayıb sürüyüblər. Başqası deyir, İncəsənət Muzeyinin (!!!) zirzəmisində diri-diri divara hörüblər. Ölkə yox, sanki italyan mafiyasıymış. “Qabiliyyətimizi” nəzərə alanda, hamısı doğru çıxa bilər. Yusif Səmədoğlunun 1980-lərdə yazdığı “Qətl günü” romanında yadelli hökmdar məmləkəti ələ keçirdir, şairləri yığıb onlara qiymətli daş-qaş hədiyyə edir. Ancaq onlar bundan imtina edirlər, deyirlər bir şair var, onun başını kəs. Padşah təəccüblə gülür, deyir ki, bu ölkə xaraba qalmalıdır, çünki, şairləri şairlərinin başını istəyir. Hərçənd, bunu yazan yazıçı özü də “şair başı” istəyən idarənin rəhbərlərindən birinə çevrilmişdi.
Qanınızı qaraltmaq istəmirdim.