ABŞ-ın müdafiə naziri Ceyms Mettis bu günlərdə maraqlı açıqlama verib. Dünyanın ən qüdrətli dövlətinin hərb naziri etiraf edib ki, Əfqanıstanda “Taliban”la bacarmırlar. Bu, o anlama gəlir ki, taliblərin ölkədə hakimiyyəti ələ keçirməsinə əslində bir şey qalmayıb.
Bu, həmçinin onun etirafıdır ki, demokratiya “ixrac” edilməz. Ən yaxşı halda “idxal” edilər. Yəni bir xalq demokratiyaya hazırdırsa, onu arzulayırsa, o zaman özü onu gətirər – könüllü, kənardan təlimat, göstəriş-filan gözləmədən. Yoxsa hansısa digər ölkənin, – lap olsun “demokratiya beşiyi”, – onu zorla, raketlərin qanadında xaricdən, fantastik paralar hesabına belə, sırıması mümkünsüzdür.
Eləcə də İraq, Yaxın Şərq təcrübəsi, “ərəb baharı” göstərdi ki, demokratiya ixrac olunmayan dəyərdir və ixraca cəhdlər fəlakətli sonluğa, hətta bütöv bir xalqın faciəsinə gətirə bilər. Demokratiya üçün ölkədə minimal zəmin lazımdır. Quyuya su tökməklə orada su qalmaz ki.
Böyrümüzdə Rusiya presedenti də var. Hakimiyyətə islahatçı kimi gələn Boris Yeltsinin dönəmində bu ölkədə xeyli dərəcədə Qərbin maliyyə dəstəyi ilə müəyyən demokratik təsisatlar, söz və media azadlığı, plüralizm bərqərar olmağa başlamışdı. Lakin bu mühit uzun çəkmədi, Rusiyada demokratiya cücərtiləri tezliklə çürüdü. Çünki rus xalqı ona su verib “böyütmək” istəmədi. Niyə?
Ona görə ki, ruslar demokratiyanın Rusiya imperiyasının bütünlüyünə yaratdığı real təhlükədən, daha bir neçə xalqın azadlıq və müstəqillik əldə eləməsindən qorxdular. İmperiyanın bir qədər məzmununu dəyişmiş şərtilə qalıcı olmasını seçdilər. Qısası, “velikorus virusu” işə düşdü. Gerçəyi, ictimai ovqatı nəzərə alan B.Yeltsin isə 2000-ci ildə hakimiyyəti KQB zabitinə – Vladimir Putinə ötürdü.
Putin artıq 18 ildir Rusiyanın sükanı arxasındadır və əlbəttə ki, demokrat dünya görüşlü birisi deyil. Onu Rusiyada təməl insan haqları, azad bazar iqtisadiyyatı, əhalinin güzəranından çox, Rusiyanı nəyin bahasına olur-olsun, indiki sərhədləri daxilində saxlamaq, yenidən “Şər imperiyası”na çevirmək, imkan düşdükcə isə onun ərazisini genişləndirmək düşündürür.
Necə ki, 2014-cü ildə Krım Ukraynadan qopardılaraq ilhaq edildi, ondan az öncə Gürcüstanın iki parçası işğal olundu. Necə ki, eyni hədəf naminə 2000-ci illərin əvvəlində məğrur çeçen xalqı öz tarixində 2-ci dəfə soyqırıma məruz qoyuldu. Üstəlik, bu balaca Qafqaz xalqına qarşı həmin total hərbi kampaniyanın əsas fiqurları “Rusiya qəhrəmanı” adına layiq görüldülər.
Rus xalqı bu qırğına laqeyd qaldı, üstəlik, “Rusiya qəhrəmanları”nı mədh elədi, öydü. Təki imperiya yaşasın. Zatən, ölkənin yeni rəhbəri də bu ovqatı qabaqcadan bildiyi, düzgün hesabladığı üçün bir xalqın milli-azadlıq hərəkatını qan göllündə boğdu. Təbii ki, Putin bununla həm də Rusiyanın formal sərhədləri daxilində yaşayan başqa azadlıqsevər xalqlara (tatarlar, başqırdlar və s.) görk vermək istəyirdi.
Ən əsası, “çeçen kampaniyası” ilə Rusiyada demokratiya bitdi. Putin aydın şəkildə anons elədi ki, onun idarəçiliyi dövründə nələr gözlənilir, nələr isə – yox. Halbuki, Rusiyanın konstitusiyasında tamam ayrı şeylər yazılıb və demokratik ölkələrinkindən ciddi fərqlənmir. Beləcə, rus xalqı özü də buxovda qalmağı azad olmaqdan üstün tutdu. Zira, başqa xalq(lar)ı əsarətdə saxlayan xalq azad sayılmaz…
Sözü ona gətiririk ki, bir ölkədə demokratiyanın da, avtoritarizmin də, monarxiya və mütləqiyyətin də qarantı faktiki olaraq, orada yaşayan dominant (əsas) xalqdır. Gözəl qanunlar, gözəl və bərbəzəkli konstitusiyalar yazıla və qəbul edilə bilər. Ancaq bu, yalnız başlanğıcdır, xoş məramdır. Əgər onların arxasında toplum və onun iradəsi dayanmasa, hamısı kağız parçasına çevriləcək. Neçə-neçə nümunə gətirmək olar.
Və bir xalqa demokratiya yoluna çıxmaq üçün xaricdən səmimi şəkildə kömək göstərmək lazımdırsa, bunu sırf “müalicəvi doza”da, cərrah dəqiqliyi ilə eləmək lazımdır. Axı cəmiyyət də insan orqanizmi kimidir, “qan alma”nın ona bişəkk, faydaları var, gümrahlaşdırıcı təsir göstərir. Bir şərtlə ki, bədəninə baxıb “qan almaq” gərəkir.
Xalqın iradəsinə gəlincə, məsələn, ABŞ-da heç kəs özünü qanundan, hüququn aliliyindən yüksəkdə qoya bilməz. Amerika xalqının iradəsi imkan verməz. Daim işlək və çevik olan hüquqi mexanizm onu dərhal çıxdaş edər. Xalqın hakimiyyəti də elə budur…