İnternet resurslarında Tacikistanın prezidenti İmomali Rahmona aid bir video varmış, dünən sosial şəbəkədə paylaşmışdılar. Maraqlı videodur, əttökən bir mənzərəni əks etdirir.
Videokadrlarda görünür ki, Asiya ölkələrinin hansındansa Rahmonun yüksək mənsəbli qonağı gəlib və o, qonağı ilə birlikdə qırmızı xalının üzərində “Oskar” mükafatı almış kino ulduzları kimi şəstlə addımlayır.
Bu görüntüdə, əlbəttə, pis bir şey yoxdur. Bütün prezidentlər ali qonaqlarının şərəfinə təntənəli qəbul mərasimləri təşkil edirlər. Ancaq tacik prezidentin presedentində fərq odur ki, o və qonağı qırmızı xalının üzərində addımlayarkən hər iki tərəfdə dayanmış milli geyimli gənclər əlahəzrətlərin ayaqlarının altına qızılgül ləçəkləri səpirlər.
Bu, orta əsrlər padşahlarına xas olan hörmət-izzətli pişvaz adətidir və müasir dünyada ciddi prezidentlərin, baş nazirlərin heç biri belə mənasız təmtərağa yol vermir. Padşah keçən yollara gül-çiçək səpilməsi epizodlarını artıq yalnız filmlərdə görmək olar, praktikada hələm-hələm rast gəlinən olay deyil.
Ancaq işə baxın, ucqar və kasıb Tacikistanın Kulyab vilayətinin ucqar və kasıb Danqara kəndində doğulmuş, sırf sovet dövlətinin “bərabərlik mərifəti” sayəsində yetişərək ölkə başçısı olmuş Emomali Rahmon özünü saf qanlı zadəgan nəslindən biriymiş kimi aparır, hesab edir ki, onun qədəm basdığı yerlərə çiçək ləçəkləri səpilməlidir.
Dünyanın ən hündür bayraq dirəyinin Tacikistanda olmasıyla fəxr edən bu Asiya diktatorunun ölkəsinin yüz minlərlə yoxsul mühaciri isə Rusiyanın şəhərlərində ən qara işləri görməklə pul qazanır. Ruslar hərdən kinayə qarışıq zarafatla yazırlar ki, taciklər olmasa, süpürgələrini qoyub tətil etsələr, iki günə Moskvanı zibil basar. Tikintilərdə suvaqçılıq etmək üstündə taciklərlə özbəklərin kütləvi davaya çıxdıqları barədə günaşırı xəbərlər gəlir.
Amma belə bir ölkənin rəhbəri özünü Avropa krallarından artıq sayır.
Bu, nədən qaynaqlanır? Ondan ki, tacik xalqı Rahmonun bu kaprizlərinə, oğlunu Aşqabad meri təyin etməsinə, digər qohumlarına yüksək vəzifələr paylamasına, bu kasıb dövləti varlı kulyablıların idarə etmələrinə şərait yaratmasına “mətanət”lə dözür.
Məsələnin mahiyyəti budur: heç kim durduğu yerdə diktator olmur. Adamı yaxın ətrafı, sadiq və itaətkar tərəfdarları, yaltaq və mənfəətpərəst əyanları, hər sözünü qanun kimi qəbul edən və dərhal icra etməyə çalışan qulbeçələri diktator edir.
Diktatorluq xüsusi bir məziyyət, qabiliyyət, bacarıq deyil. Stalin dirilib gəlsə, müasir Finlandiyada hakimiyyətə gələ bilməz, lap gəlsə də bir müddətdən artıq iş başında qala və diktator ola bilməz. Çünki müasir finlər ona itaət etməz, onun hər şeylə hazır, nökəri, cəlladı olmaq üçün növbəyə durmazlar.
Hitler də artıq müasir Almaniyada siyasi uğur qazana bilməz. Təkcə ona görə yox ki, almanlar ona irad bildirər, “gəlmişdin, gördük, sənə görə almanlar zorlanmışlıq sindromundan hələ də qurtulmayıb” deyərlər. Sadəcə, indilikdə Almaniyada Hitler kimi düşünənlərə yer yoxdur. Gələcəyi isə bilmək olmaz.
Amma Səddam Hüseyn və Müəmmər Qəzzafi bu gün geri dönsələr, İraqda və Liviyada yenidən diktator ola bilərlər. Çünki şərtlər müsaiddir. İraq və Liviya xalqları hələ də “dəmir əlli liderlər” arayır və onların dövründəki qəbiristanlıq sabitliyinin həsrətini çəkir.
Bəlkə də müasir dövrün ən sərt və ən xoflu diktatorlarından biri olmuş İslam Kərimovun yerinə gələn Şavkat Mirziyayev təbiəti etibarilə mülayim, sərtliyə meylli olmayan biridir, amma o, Kərimovun düzüb-qoşduğu idarəetmə mexanizminin başında oturaraq eyni cür işləməyə məhkumdur. Çünki özbək xalqı bu cür istəyir.
Onların qonşuluğundakı qırğızlar isə bu cür idarə edilmələrini istəmirdilər, ona görə Kərimova bab olan Bakiyevi devirdilər. O vaxtdan bəri qırğızlar daha iki dəfə prezident dəyişiblər və artıq heç kəsin onların üzərində diktatorluq etməsinə izn vermək fikrində deyillər.
Taciklər isə Rahmona bu icazəni verirlər. O da öz ayağı altına gül səpdirir.
İnkişaf etmiş ölkələrin insanları bu kimi qədimdən qalmış kral-zadəgan adətlərinə gülür, başlarını bulayır, adamın səviyyəsi haqqında dolğun rəyə gəlirlər.
Şərq gerçəkdən də incə məsələdir, tapdaq altında qalan gül ləçəyi qədər incə…