“Bu povestdə təsvir olunmuş hadisənin çox uzaq bir keçmişə aid olduğunu əvvəlcədən xəbər verməyi özümə borc bilirəm. Həm də bu əhvalat tamamilə uydurmadır”
(Nikolay Qoqol, “İvan İvanoviçin İvan Nikiforoviçlə dalaşması haqqında povest”dən)
Bir qrup şagird və müəllim “Ölkəmizi tanıyaq” projesi çərçivəsində Qəbələdə hoteldə yemək yeyib Şəkiyə gedərkən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıblar. Xoşbəxtlikdən hamı salamatdır (əlbəttə, bu bir tavtologiyadır – xoşbəxtlikdən xəsarət almaq mümkün deyil; hərçənd, nə biləsən, adam var quymaq yeyəndə dişi sınır, rektor vardı çaxır çəlləyində boğuldu), uşaqları evə buraxıblar. Məncə, onlar üçün bu proje artıq başa çatmışdır – ölkəmizi sözün əsl mənasında tanıdılar.
Elə Biləcəridə Füzuli küçəsində kanalizasiya xəttindən dana kəllələri çıxaran fəhlələr də ölkəmizi artıq yaxından tanıyırlar. Yoxsa kimin ağlına gələrdi inəyi kəsib kəlləsini kanalizasiyaya atasan. Yeraltı sərvətlərimiz sırasına dana başları da əlavə olundu. Rayonun keçmiş icra başçısı Xaləddin müəllim “Təmiz Binəqədi” projesi elan edərkən yəqin bunu nəzərdə tuturmuş. Əlinə keçəni bas kanalizasiyaya, təki üstdə təmiz görünsün. Sonra nə olar olar. Harada qırılsa – el dilində desək.
Sözgəlişi, rəhmətlik şairin adının Biləcəridə küçəyə qoyulması təsadüfi deyildir, çünki Məhəmməd Füzuli mədəniyyətimizin Biləcəri sınırını aşmış sənətkarlarımızdan biridir. Şair uzaqgörənliklə bu kanalizasiya problemini də qələmə almışdır. Gəlin oxuyaq: “Mən eşq gazərgəhində xakəm, Elcümlə bilir məni ki, pakəm!” Yəni şair burada demək istəyir ki, Biləcəri (gazərgəh) eşq bağçasıdır, mənim adıma orada torpaq var və həmin torpağın (xak) sənədləri yerindədir (pak), vaxtında Xaləddin müəllimin adamlarına (elcümlə) haqqını ödəmişəm, narahat olmayın. Bələdiyyədən çıxarışı da vardır. Kanalizasiyanı isə zəhmət çəksin Anar Cəbrayıllı (ki) açsın.
Tema açılmışkən, böyük şairimiz şərab, saqi, badə söhbətlərini vaxtında yüksək dəqiqliklə, uzaqgörənliklə açıqlamışdır. Bəlkə də Fazil müəllim oxusa az içərdi, xəstələnməzdi, indi yenə vergilər naziri işləyib uca millətimizə xidmət göstərərdi. Misal üçün, görün şair nazirin dilindən nə deyir: “Saqi, mədəd et ki, dərdməndəm! Qəm silsiləsinə paybəndəm”. Bu şeiri sözbəsöz təhlil edərdim, ancaq oxucular özü başa düşsələr bəsdir. Bircə onu qeyd edim ki, burada “mədəd et” yardım elə mənasını verir. Füzulinin “Bəngü Badə” adlı poeması isə bu temanı kökündən açır, onun açması Opium və Badə deməkdir. “Gecə qatılaşır, yüzillik şərab kimi” – bunu isə ispan şairi Federiko Qarsia Lorka yazıbdır. Bizim Abel müəllimin Madriddəki vəziyyətini əks etdiribdir.
Poeziyaya çox aludə olduq, mövzu yadımızdan çıxdı. Heç indi bilmirəm nədən yazacaqdım. Bəlkə YAP-çı keçmiş deputat Əli müəllimə nazirliklərin qapısında salam verilmədiyindən? Şair demişkən, salam verdim, rüşvət deyil… Lənət şeytana. Bu şeiriyyat bizdən əl çəkmir. Görünür, həyatımızın gözəlləşməsi, poetikləşməsi ilə bağlıdır. Ancaq Əli müəllimə demək istəyirəm qəm çəkməsin, YAP-ı yaradanların bir çoxunun taleyinə baxanda o, hələ yaxşı qurtarıbdır. Əli İnsanov türmədə adam döyür e. Rəsul müəllim uzun sürən xəstəlikdən sonra vətənə qayıtmaq istəyir (o vaxt onu azarladığı üçün spikerlikdən çıxartmışdılar). Yox, açığı, bu mövzular nə məni, nə hörmətli oxucularımızı cəlb etmir. Bəs nədən yazmalıydım? Bəlkə Faiq Ağayevin deputat olmaq arzusundan? Ya Mətbuat Şurası sədri Əflatun müəllimin Saatlı zəhmətkeşləri ilə futbol oynayıb UEFA liqasında iştirak xəyalından? Bilmirəm. Məncə, bunlar da deyildi.
İndi söz əlaqədar təşkilatlarındır – babat temalar verin, yazaq.