Загрузка...

Almaniya jurnalist Camal Kaşıkçının qətlinə görə Səudiyyə Ərəbistanına silah tədarükünü dayandırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Rheinische Post” nəşri Almaniyanın İqtisadiyyat nazirliyinə istinadən məlumat yayıb.

Hazırda Almaniya hökuməti yeni müqavilə imzalamaqdan imtina edib və mövcud razılıqların necə dayandırılmasını öyrənir. Nazirlik rəsmisinin sözlərinə görə, hakimiyyət “silah tədarükünün qarşısını müxtəlif yollarla alacaq”.

Hökumətin qərarının qüvvəyə minməsindən sonra Almaniya tərəfinin neçə müqavilə pozacağı bəlli deyil. Məlumdur ki, Səudiyyə Ərəbistanına 20 patrul kateri tədarük etməli olan “Wolgaster Lürssen” şirkəti zərər görəcək. Qeyd olunur ki, bu katerlərdən ikisi artıq Səudiyyə Ərəbistanına göndərilib, daha səkkizinin isə tikintisi başlayıb.

Qadağanın nə qədər davam edəcəyi də məlum deyil. Nazirlikdə qeyd ediblər ki, Avropa İttifaqının digər dövlətlərindən də Ər-Riyada qarşı eyni tədbirlərin görülməsini tələb edəcəklər.

Bildirilir ki, Fransa prezidenti Emmanuel Makron Berlinin bu təklifini rədd edib.

Sentyabr ayında Almaniya Ər-Riyadda silah tədarükünə dair 416 milyon avroluq müqavilə imzalayıb. Daha sonra Kaşıkçının qətli ilə əlaqədar razılıq dondurulub.

Almaniya Səudiyyə Ərəbistanına silah tədarükünə görə dünyada dördüncü ölkədir. İlk üçlükdə ABŞ, Böyük Britaniya və Fransa qərarlaşıb.