Загрузка...

Bu gün Azərbaycanda Belarus haqqında danışanda, ikitərəfli münasibətlərimizlə bağlı müəyyən hadisələri yada salanda bizim cəmiyyətdə həmişə çox müsbət hisslər yaranır. Vacib olan odur ki, bizim dostluq əlaqələrimiz ölkələrimizin cəmiyyətləri tərəfindən də çox müsbət qəbul edilir.

Medianews.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham ƏliyevMinskdə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə təkbətək görüşdə səsləndirib.

“Bilirəm ki, Belarusda da Azərbaycana çox xoş münasibət bəsləyirlər, Azərbaycanda isə Belarusu, həqiqətən, qardaş ölkə və nəinki keçmiş SSRİ məkanında, həm də dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab edirlər.

Bunun səbəbləri çoxdur, o cümlədən Sizinlə şəxsi münasibətlərimiz. İnsanlar bütün bunları – bizim məsələləri necə həll etməyimizi, qarşıya qoyulmuş hədəfə doğru necə getməyimizi görür və qiymətləndirirlər.

Son illər bizim münasibətlərimizin fəallaşması, Sizinlə razılaşdırdığımız məsələlərin həlli dövrüdür. Münasibətlərimiz məhz onunla fərqlənir ki, biz razılığa gəldiyimiz bütün məsələləri yerinə yetiririk”, – deyə dövlət başçısı bildirib.

İlham Əliyev qeyd edib ki, Azərbaycan və Belarus bütün beynəlxalq qurumlarda bir-birini dəstəkləyir, əməkdaşlıq edir:

“Sizin qeyd etdiyiniz kimi, ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir. Sənaye kooperasiyası çox fəal inkişaf edir.

Hərbi-texniki, mədəniyyət, təhsil sahələrində əməkdaşlığın da yaxşı tarixi var. Yəni, biz bütün istiqamətlərdə müsbət, yaxşı əhval-ruhiyyə, konkret nəticələr görürük və əlbəttə, əminəm ki, mənim budəfəki səfərim həm görülmüş işləri müzakirə və təhlil etmək, onlara müəyyən yekun vurmaq, həm də gələcək əməkdaşlıq, yaxınlaşma yollarını müəyyən etmək üçün bir imkandır. Əminəm ki, bu gün biz bu istiqamətdə mühüm qərarlar qəbul edəcəyik”.