Загрузка...

Xalqdan oğurlanan pullarla xaricdə şahanə həyat tərzi keçirən, milyonları sağa-sola səpələyən, iş quran həmvətənlərimizin adları keçən ajiotaj səngiməmiş məşhur futbolçu Kriştiano Ronaldonun da bənzər bədxərclik etdiyi barədə xəbər yayılıb.

Xəbərə görə, portuqaliyalı futbolçu xanımı Corcina və oğlu ilə birlikdə Londonda yerli otellərdən birində bir gecə üçün 10 min avrodan çox pul ödəyib. Restoranda isə Ronaldo 15 dəqiqə ərzində şəraba 31 min avro verib. Onlar əvvəlcə qiyməti 20 min avro dəyərində olan şərab içiblər, daha sonra isə 10 min avroluq başqa bir şəraba keçiblər.

Bu London nəymiş belə? Buradakı şərabların bir şüşəsi nədən 10-20 min avrodur? Nədən düzəldirlər bu şərabı? Üzümdənmi, qızıldanmı, jenşendənmi?

Amma bu başqa söhbətin mövzusudur. Kapitalist dünyasında varlıları soymaq üçün uydurulan “dünya brendi”, “eksklüziv məmulat” kimi şeylərə görə hər il milyardlar qazanılır. Qısaca onu deyək ki, dünyanın ən keyfiyyətli pambığından, ipəyindən hazırlanan corabın qiyməti 3-4 avrodan artıq olmaz, ancaq varlıların bir cüt coraba 150-200 avro verdikləri də olur. Brendmiş!..

Əlbəttə, Ronaldonun öz xanımıyla 10-20 min avroluq şərab içməsi ilə Zamirə Hacıyevanın tək-tənha 3 min avroluq şərab içməsinin arasında fərq böyükdür. Təkcə ona görə yox ki, şairimiz demişkən, “şərabı yarsız içəndə bir az da qəm gətirir”.

Əsasən ona görə ki, Ronaldonun şəraba və yaxud Mərakeşdəki kişi dostunun yanına uçmaq üçün kirayəlidiyi xüsusi təyyarəyə ödədiyi pulun qaynağı bəllidir. Adamın aylıq qazancı milyonlarla ölçülür. Bəzən onu da vergidən yayınmaqda suşlayırlar, amma ortada olan odur ki, bu məşhur futbolçu çox qazanır, çox vergi ödəyir və çox xərcləyir.

Ronaldo xərclədiyi pulu heç kəsdən oğurlamır. Bu, onun 90 dəqiqə boyunca yaşıl meydanda at kimi qaçmasının, ayağına, dizinə dəyən təpiklərin, belinə, böyrünə vurulan dürtmələrin, milyonlarla insana yaşatdığı sevinc hissinin əvəzidir.

Bir də var, adamın biri heç bir xüsusi istedadı, qabiliyyəti, bacarığı olmadan, özünün olmayan, ona etibar və əmanət edilmiş milyonların üzərinə qonsun və onu ata malı kimi xərcləsin.

Bunlar çox fərqli şeylərdir. Bir adama yüksək, məsuliyyətli vəzifə tapşırılanda avtomatik olaraq ona talançılıq hüququ verilmir. Fəqət bizdə, eləcə də dünyanın əksər yerlərində özünə sərvət toplamaq istəyənlər cəzasız qalacaqlarına əmin olan kimi xalqın, dövlətin malını oğurlamaqdan çəkinmirlər.

Bu, əsasən ona görə baş verir ki, bu adamlar özlərindən başqa da çoxlu oğrular görür, onların cəzasız şəkildə, arın-arxayın yaşadığına tamaşa edir, özlərini oğrular aləmində asudə sayırlar. Bu isə əvvəl-axır onların məsuliyyət hissini tamam öldürür, elə bilirlər ki, hər şeyi oğurlaya, yerli-dibli silib-süpürə bilərlər.

Bu artıq oğruların “bal tutan barmaq yalar” imtiyazını aşmaları deməkdir, heç kəs milyardları oğurlayanlara göz yuma bilməz, güzəştə getməz.

Könül istər ki, dövlətin büdcəsini, xalqın cibini soyan, hazırda Avropada – Çexiyada, Fransada, Almaniyada, İsveçrədə, eləcə də ABŞ-da, İngiltərədə yaşayan və xalqdan oğurladıqları pulları Zamirə Hacıyeva kimi göstərə-göstərə olmasa da, kef-damağa xərcləyən oğruların hamısı ifşa olunsun.

Bütün büdcə oğrularının taladığı milyonları, milyardları yenidən bir büdcəyə, fonda toplamaq mümkün olsa, Azərbaycan boyda ikinci ölkə təsis etmək, saxlamaq, inkişaf etdirmək olar.

Biz ona görə dünyanın ən inkişaf etmiş ölkələrinin sırasına qoşula bilmədik və bilmirik ki, oğrular ölkəni talayıblar, bir çoxu qaçıb xaricdə özlərinə təhlükəsizlik çənbərləri düzəldiblər, bəziləri isə yığdıqlarını yığıb, dərin sular balıqları kimi dibə çəkiliblər, unudulmaq istəyirlər. İş başında olanların dərdi isə tamam başqadır.

Biz o oğruların içində yalnız həddini aşanları tanıyırıq, təvazökar oğrularla işimiz yoxdur. Onlar özlərini hədəfə çıxarmır, villalarını, bahalı lüks avtomobillərdən ibarət qarajlarını gözə soxmur, gündə bir 200 min manatlıq saat taxmır, 10 min avroluq şərabı camaatın gözü qabağında içmir.

O havaya sovrulan, Londondakı, Parisdəki “brend”lərin milyarder sahiblərinə qapdırılan pullar bu dövlətin, bu xalqın, bu ölkədə yaşayan hər bir vətəndaşın haqqıdır.