Xəbər verildiyi kimi, CNN telekanalı ABŞ prezidenti Donald Trampı müxbirinin Ağ Evdən qovulmasına görə məhkəməyə verib.
Amerikanın nüfuzlu “Politico” saytı bununla bağlı maraqlı, eyni zamanda media üçün narahatlıq doğuran versiya ortaya atıb. Saytın verdiyi xəbərə görə, əgər məhkəmə prezidentin xeyrinə qərar çıxarsa, bu, sonuncuya bütün mətbuat nümayəndələri ilə istədiyi kimi davranmaq imkanı verəcək.
Qeyd etmək laızmdır ki, məhkəmənin ilk iclasında Tramın vəkilləri məhz bu xüsusatın üzərində dayanıblar. Onların fikrincə, prezident lazım bildiyi halda, Ağ Evə bütün jurnalistlərin gəlişinə qadağa qoya bilər. “Politico” bunu prezidentin mətbuata ağır zərbə endirmək hazırlığı kimi qiymətləndirib.
CNN isə Ağ Evin kanalın müxbiri Cim Akostanı akkreditasiyasından məhrum etməklə ABŞ Konstitusiyasının 1-ci düzəlişini (mətbuat və söz azadlığını qorumaq) pozduğunu iddia edir.
“Prezidentin Ağ Evə bütün müxbirləri giriş hüququndan məhrum etməyə hər cür haqqı var. Burada 1-ci düzəliş işləmir”,- deyə ABŞ Baş prokurorunun köməkçisi Ceyms Bernem Kolumbiya federal dairəsində baş tutan məhkəmədə hökumətin mövqeyini müdafiə edərkən qarşı tərəfin iddiasına cavab verib.
Federal məhkəmə prosesi gələn həftəyə qədər təxirə salıb.
Prezident adminisrasiyasının gətirdiyi arqumentlər Trampla mətbuat arasındakı münaqişənin olduqca dərinləşdiyini göstərir.
Hazırda 10 xəbər agentliyi, hətta Donald Trampı ən çox müdafiə edən “FOX News” kanalı belə CNN-in tərəfində mücadilə edir.
Musavat.com