Uzun müddət Rusiyada yaşayıb-işləmiş bir qohumumuz var, adi vaxtda söhbət edərkən, bir də görərsən, ayrıca götürülmüş cümləni rus dilində dedi. Bəzən saatlarla söhbət edər, bir kəlmə rusca deməz, amma hərdən belə edir. Bu cür vərdiş eləyib.
O gün onunla həkimə getmişik. Düzü budur ki, o, bizim həkimlərə inamsızdır, savad və səriştələrindən quşqulanır. Amma variant yox idi, ona görə də yerli həkimə getdik. Müayinə, analiz, söhbət-filan kimi prosedurlardan sonra qohum gözlənilmədən həkimdən məmnunluğunu ifadə etdi.
Bilirsinizmi, nəyə görə? Ona görə ki, həmişə bizimlə ana dilimizdə səlis danşan həkim arada onunla rus dillndə danışıb (bu rusca nə deyibsə, həkim də o dildə cavab verib) və məlum olub ki, həkim əslində rusca təhsil alıbmış.
Vəssalam. Bu bəs edib ki, qohumumun ona etimadı yaransın.
Bizdə belə bir stereotip var axı, adam rusca bilirsə, yaxşı danışırsa, hətta rusdursa, demək, savadlıdır.
Dünən baxıram ki, Rey Kərimoğlu da uyğun mövzuda belə bir status paylaşıb: “Bir rusdilli (ali təhsilli) adam tanıyırdım. Rus dilində də həftəbecər danışırdı. Bir gün bəlli oldu ki, bu adam Tolstoyu tanımır! Oxumayıb yox ey, ümumiyyətlə, Tolstoyu tanımır. Sonra bəlli oldu ki, adam heç Çexovu, Dostoyevskini, Lermontovu da tanımırmış!”
Bu da həmin məsələdir. Biz rusdilliləri, rusları gözümüzdə o qədər böyütmüşük ki, heç cür qəbul edə bilmirik: rusca təhsil almış adam necə ola bilər ki, Tolstoyu, Çexovu tanımasın.
Amma ola bilər. Bu, o deməkdir ki, o adam dili çulunu sudan çıxaracaq səviyyədə bilir və əslində rusca təhsil almayıb, eləcə, rusca sözlər öyrənib, cümlə qurmağı bilir, aeroportda, dəmiryol vağzalında yol-riz soruşa, bilet ala, marketdə bazarlıq edə, yeri gələndə küçədə kiminləsə “spor” edə, “ço, padles, a nu-ka katis otsyuda”-zad deyə bilər. Yəni bu kimi şeylər. Yoxsa hər rus dilini bilənin mütləq klassik ədəbiyyatın bilicisi olması, beynəlxalq siyasətə dair politoloji şərhlər verməsi mümkün deyil.
Rusiyanın ucsuz-bucaqsız çöllərində milyonlarla adam var ki, orta məktəbi zor-bəla bitiriblər, ömürlərində bir dəfə şeir əzbərləməyiblər, Puşkinin eləcə adını eşidiblər, Tolstoydan bir sətir oxumayıblar, amma rusca danışa bilirlər. Bu gün onlardan biri ölkəmizə gəlsə, ağzını açıb “zdraste” desə, çox adam elə biləcək ki, o, MQU-dan gəlib. Niyə? Rusca danışır axıE
Ona qalsa, bizdə də minlərlə adam var ki, ana dilimizdə rəvan danışır, amma Füzulidən, Vaqifdən bir misra da bilmir, heç Mirzə Cəlilin, Haqverdiyevin yaradıcılığından da xəbəri yoxdur. Bir az dəqiqləşdirsək, məlum olacaq ki, adam heç ərizə də yaza bilmir, hətta “ərizə” sözünün özünü “ərzə” yazır.
Yəni bir insanın hansısa dildə danışması hələ onun savadlı adam olması deyil. Dünyanın yarısı ingiliscə danışır, amma bu o demək deyil ki, onların hamısı Kembric və ya Oksford universitetlərinin məzunlarıdır.
Bircə bizim bu kimi stereotiplərimiz dağılsaydıE Amma oxşamır. Bu gün bir şirkətdə vakansiya olsun, o yerə iki adam iddia eləsin – biri İqtisad universitetinin Azərbaycan sektorunu qırmızı diplomla bitirən azərbaycanlı, digəri hansısa universitetin Dağıstandakı filialını ölüm-zülüm bitirmiş rusdilli. Bilirsiniz, o vakansiyanı kim tutacaq. Rusdilliyə üstünlük verəcəklər. Çünki adam rusca danışa bilir. Tolstoyu tanıyır, tanımır, dəxli yoxdur, əsas odur ki, rus dilində ləhcəsiz “privet, kak dela” deyə bilir.
Son vaxtlar camaat bu üzdən övladlarını rus bölmələrinə qoymağa kütləvi şəkildə meyllənib. Görürlər ki, rusca danışa bilmək matça 1:0 öndə başlamaq deməkdir. Hamı da istəyir ki, övladı qabağa getsin.
Bu ölkədə xeyli ingilis dilini bilən də var. Amma nə işdirsə, bu, elə də fərli üstünlük sayılmır. Hamıya elə gəlir ki, rusdilli olmaq ingilisdilli olmaqdan daha üstündür.
Tərs kimi, ingilis dilini bilənlər öz ana dillərini də bilirlər və özlərini bir az sadə, ingiliscə bilmirmişlər kimi aparırlar. Bir çox rusdillilər isə ana dilində zəif bildiklərini xüsusi üstünlükmüş kimi gözə soxurlar.
Bu da hər nədirsə, fenomenal hadisədir.
Hər halda, gərək bundan belə harada bir rusdilliyə ürcah olsaq, gərək, maraqlanaq, görək Tolstoyu tanıyırmı. Desə, tanıyıram, onda bir də soruşaq: “Tolstoyun ”Mühəndis Qarinin hiperboloidi” romanını oxumusunuzmu?”