“Seyyida, pərdəni çox açma, işi faş eləmə”
(Seyid Əzim Şirvani)
Keçən nömrədə söz verdiyimiz kimi, bugünkü temamız qurd yağıdır. Təhsil və elm sahəsində aparılan islahatlarımız özünü hər sahədə göstərir. Keçən həftə telekanalizasiyalardan birinin süjeti bu cür başlıqda getmişdi: “Bakıda dəhşət! Kişi qonşusunun dükanına qurd yağı sürtdü!” Doğrudan da dəhşətli hadisə idi. Hətta türkün məsəli, qandonduran da adlandırmaq olardı. Savadsız, elmsiz camaatlar belə proseslərə zarafat, xürafat kimi yanaşır, biz isə qurd yağının necə dəhşətli silah olduğunu çoxdan bilirik. Bu yağı sürtməklə nə qədər ailələr dağılıb, obalar xaraba qalıb, gəlinlər evdən, kişilər ocaqdan, uşaqlar məktəbdən, müəllimlər repetitorluqdan, məmurlar idarədən didərgin düşmüşlər.
Özü də bu yağın bir neçə növü vardır. Şimalda yaşayan ağ tundra canavarının yağını adama sürtəndə sorağı Maqadandan gəlirmiş. Meksika koyotunun piyi dəymiş evin yerində kaktus bitir. Ancaq alimlərimizin araşdırmalarına görə, ən təhlükəlisi bozqurd yağıdır. Əgər bunun bircə damcısını supermarketin qapısına sürtsən, vergi inspektorlarından siçan-pişik idarəsinəcən min cür adam oradan 3 ay əl çəkmirmiş. 6 ay ərzində dükanda siftə eləmək mümkün olmurmuş. 9-cu ayın tamamında dükan yiyəsini məşhur hipermarketlərdən birinin qapısı ağzında ölü tapırmışlar.
Ancaq əlbəttə, dərdi verən dərmanını da verir, cin çıxartma alimlərimiz olduğu kimi, qurd yağının zərərli təsirlərini önləmək üçün də AMEA Canavar Araşdırmaları İnstitutunda geniş tədqiqatlar aparılmışdır. Nəticədə kəşf olunmuşdur ki, qurd yağı sürtülən yerə yeddi dəfə “Canis lupus” sözlərini oxuyub üfləsən yağın təsiri demək olar yoxa çıxır. Təbii, tam da itmir, bunun üçün elmi araşdırmalarımız hələ davam edir.
Sevindirici haldır ki, son dövrlər bizdə başqa aləmlərə, sehrli dünyalara, paralel kainatlara, parapsixologiya, yoqa, şamanizm kimi ciddi elmlərə maraq artan sürətlə gedir. Mən Bakıda doğum evində UZİ aparatının üstündə göz muncuğu asıldığını görmüşəm.
Hələ indiyəcən o aparata girən bir qadından qız uşağı kimi ziyanverici əmələ gəlməyibdir, hamısı oğlan doğur. Baş həkim var, nəvələrini çöpçüyə, çıldağa, pirə, ocağa aparır, maşallah, hamısı sappasağlamdır, turp kimidirlər. Buna “öz xəstəxanasına etibar etmir” demək olarmı? Olmaz. Əksinə, yeni üsulların öyrənilməsi deməliyik. Tibbi sığorta qanunu gələn il də qüvvəyə minməyəcək. 19 ildir artıq bu qanun ölü doğulub. Niyə həyata keçmir? Çünki qanunu qayıranda o vaxt bunun üstünə dağdağan çubuğu, qoyun qığı, dana kəlləsi, qoç buynuzu asmağı yaddan çıxardıblar.
Alternativ elmlərdən şamanizm də inkişaf edir. Dünən bir şamanımızın intervüsünü oxudum, çox sevindim. Hərçənd adam bir az gecikibdir, bu projeni neft pullarının çox gələn vaxtlarında dürtə bilsən qəşəng pul var idi. Misal üçün, şəhərin qəşəng bir yerində Şaman Araşdırmaları Mərkəzi qayırmaq olardı. Abbreviaturası da çox abırlı olardı: ŞAM. Şair demişkən, şam əgər yanmırsa, oğlu artıq səfir işləmir.
Ancaq bizdə şamanizmin qabaqlar da geniş yayıldığı məlumdur, sadəcə, camaat bunun şamanizm olduğunu bilmirdi. Bunlardan qeyd edə bilərik Məzahir müəllimi. Əsl şamandır. Örnək üçün, görürdün seçki oldu, ölülər gəlib səs verdilər. Ölüləri qaldırıb məntəqəyə gətirmək ancaq şaman ayinləri ilə mümkündür. Yaxud mən Zabratda bir dəfə deputat seçkisində müşahidəçi olmuşdum, orada tarix müəllimi vardı, məntəqənin sədr müavini idi, deyirdilər Zabrat-Maştağa zonası haqda kitablar qayırıbdır. Çox sirli, mistik adam idi. Səslər sayılanda məlum oldu bizim müxalifətçi burada qalib gəlibdir, ancaq tarix müəllimi (əslində şaman – biz o zaman hələ bunu bilmirdik) yekun protokolu götürüb qeybə çəkildi. Gecə saat 2-yə qədər bunu axtardıq, quş olub uçmuşdu. Nəhayət, səhərə yaxın əlində qar kimi ağappaq, üstündə bir dənə də cızmaqara olmayan protokolla göydən düşdü, gördük bizim namizəd bir yana, ümumiyyətlə, burada seçki olmayıbdır! Bakıda “SUM”un yanında bir məktəbdə isə direktor dua oxudu, seçki qutusu havaya qalxdı, müşahidəçilərin burnundan qan gəldi, ATƏT-in eksperti paralic oldu.
Şaman elmini dərindən qavrayan yoldaşlardan uçaskovı və icra hakimlərimizi də qeyd edə bilərik, oxucular istəsə, salamatlıq olsa, buna qayıdarıq. Salamatlıq isə bu temada mühümdür, çünki qorxuram bu yazıdan sonra qələmim qırılsın.