Borçalılılarla bağlı maraqlı bir xəbər yayılıb. “Rustavi-2″ kanalının məlumatına görə, oradakı azərbaycanlıları çörəyə and içdirib məcbur edirlər ki, prezident seçkisinin ikinci turunda Salome Zurabaşviliyə – hökumətin adamına səs versinlər. Soydaşlarımızı belə qanunsuzluğa vadar edənin Qardabani merinin müavini olduğu deyilir. Milliyyəti açıqlanmır.
Nəyin qarşılığında and içildiyi də məlum deyil. Yəqin ki, ortada maddi maraq var. Hər nəsə oradakı hakimiyyət bizimkilərin “zəif yeri”ni, çəmini, deyəsən, yaxşı tapıb. Bilirlər ki, azərbaycanlılardan ötrü çörək müqəddəsdir, çörəyə and içmək Qurana əl basmaq qədər mənəvi məsuliyyət yaradır. Necə ki, gürcülərdə qırmızı şərab az qala müqəddəsdir, azərbaycanlılar üçün də çörək təxminən həmin dəyərdədir.
Onu da bilirlər ki, bizimkilər bir azca da sadəlövhdürlər, ən əsası, verdikləri andı tutarlar. Ancaq bu and məsələsində iki incə detal var. Əvvəla, Zurabaşvili Türkiyəyə simpatiyası olmayan, Fransa doğumlu birisidir. Ona xətir and içib vəd verməyə dəyməz. Bu – bir. İkinci qəribəlik odur ki, Gürcüstandakı soydaşlarımızın “əli çörəyə” indiki hökumətin yox, məhz Zurabaşvilinin rəqibi Qriqol Vaşadzenin təmsil elədiyi siyası qüvvənin – Saakaşvilinin hakimiyyəti dövründə çatıb. Yəni məntiqlə borçalılılar hazırkı rejimin getməsində maraqlı olmalıdır.
Yeri gəlmişkən, “İvanişvilinin uşaqları”nın hakimiyyət dönəmində Borçalıda neçə-neçə azərbaycanlı kənd, qəsəbə adı gürcüləşdirilib, bu qədim türk yurdunda Azərbaycan məktəblərinin sayı azalıb. Demək, hansısa maddi qazancın qarşılığında hökumət namizədini dəstəkləmək elə indiki siyasəti dəstəkləmək, onun davamına səs vermək, milli maraqlarımızı çeynəmək anlamına gəlir.
İnanmaq istərdik ki, Gürcüstanda səsvermə hüququ olan soydaşlarımızın çoxu heç bir müvəqqəti maddi marağa uymadan Vaşadzeni dəstəkləyəcəklər. Bunu hər şeydən öncə hamımızın virtual olaraq içdiyimiz Vətən andı pıçıldayır.
Üstəlik, siyasi fəhm, intuisiya deyilən anlayış da var. Tutaq ki, azərbaycanlılar Zurabaşviliyə səs verdilər, qalib isə Vaşadze oldu – proqnozlar da bunu deyir. O zaman niyə müxalifət namizədinin – gələcək yeni prezidentin yanında gözü kölgəli olaq? Onu indidən dəstəkləmək lazımdır ki, o da Borçalının problemlərinə bəlkə daha həssas yanaşsın…
Bir də çörək haqqına xilaf çıxmaq olmaz. Çörəyə dürüst işlərə görə, haqqı batildən qorumaq üçün əl basarlar. Bərəkətə haqqın qələbəsi naminə and içmək gərəkir, nəinki saxtakarlığın zəfəri naminə…
Əslinə qalsa, gürcü qonşularımız çörək qədri bilən, etibarlı toplum deyillər. Çörəkləri də həmişə dizlərinin üstündədir. Yaxın-uzaq tarix deyir bunu. Bizim bunca yaxşılığımız qarşısında (hazırda Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkədir, bu ölkənin büdcəsi əhəmiyyətli ölçüdə Azərbaycan hesabına formalaşır və s.), yenə oradakı soydaşlarımızı sıxışdırmaq siyasəti aparmağın ayrı nə adı ola bilər ki. Nə edəsən ki, çörəyimizin “duzu” yoxdur.
Yadınıza gələr yəqin, bu ilin fevralında Marneulidəki (qədim adı Sarvan) bir tədbirdə Gürcüstan prezidenti Georgi Marqvelaşvili azərbaycanlı bir gəncin Xocalı soyqırımı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etmək xahişini rədd etmiş, bununla da Azərbaycan xalqına hörmətsizlik göstərmişdi.
Di gəl, prezidenti 1 dəqiqəlik sükutu bizə çox görən Gürcüstanın o vaxtkı baş naziri Georgi Kvirikaşvili həmin rüsvayçı olaydan cəmi bir neçə gün sonra İrəvana etdiyi səfər zamanı saxta erməni “soyqırımı” kompleksinə əklil qoydu. İndi belə bir hökumətin namizədinə, bu dəyərlərin daşıyıcısına səs vermək caizmi?
Olmaz. Barı, daha yaxşısına dəstək verək, uzaqgörən olaq. Yoxsa Xocalı şəhidlərinin ruhu öz yerində, sağ qalan biz dirilər özümüzə hörmətsizlik və zülm etmiş olarıq…