Qış mövsümü yaxınlaşdıqca xizək sürmək istəyənlər ilk qarın yağmasını həvəslə gözləyirlər. Lakin bu il Alp dağlarında xizək sürmək eşqində olanlar əllərini ciblərinə daha dərin salmalı olacaqlar, çünki qiymətlər getdikcə bahalaşmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İstehlakçılara İnformasiya Cəmiyyəti yayıb. Avstriya, Almaniya (Bavariya), Şimali İtaliya (Cənubi Tirol) və İsveçrədə yüzdən artıq xizəksürmə mərkəzlərinin qiymətlərini müqayisə edən təşkilat ötən illə müqayisədə bu il günlük giriş kartlarının orta hesabla 2,8 faiz, 6 günlük kartların isə 3,4 faiz bahalaşdığını müəyyən edib.
Avstriyada ən bahalı xizəksürmə regionu ənənəvi olaraq Kitzbühel qəsəbəsi olub. Ümumilikdə 215 kilometr uzunluqda xizəksürmə zolaqlarına sahib olan bu elitar regionda bir günlük giriş kartının qiyməti 57 avroya yüksəlib (ötən il 55 avro).
İsveçrə isə qiymət siyasətində qonşusunu geridə qoyub. Bu ölkədəki Sankt Morits, Davos, Lentserhayde və Flims-Laaks-Fallera kimi tanınmış xizəksürmə regionlarında gündəlik giriş kartlarının qiyməti 61-74 avro arasında dəyişir. Sankt Moritsdə yerləşən xizəksürmə mərkəzləri bu il yenilik tətbiq edəcəklər. Belə ki, müştərilərin az olduğu günlərdə giriş qiymətləri nisbətən ucuz olacaq, tələbat artdıqda isə qiymətlər müştəri axınına görə yüksələcək. Ekspertlər müştərilər üçün heç də xoş olmayan bu fəndin tezliklə Avstriya və Almaniyadakı mərkəzlər tərəfindən də həyata keçiriləcəyini ehtimal edirlər.
Qiymət siyasətində sonuncu yerdə Almaniya dayanır. Bavariyadakı xizəksürmə mərkəzlərində bir günlük giriş 33-44,50 avro arasında dəyişir. Cəmiyyətin ekspertləri bunu həm xizək liftlərinin azlığı, həm də Bavariyadakı topoqrafik vəziyyətlə izah ediblər. Elə də yüksək olmayan dağlara görə bura turist axını üçün əlverişli ərazi hesab olunmur.