Загрузка...

Azərbaycanda azadlığın məhdudlaşdırılması yeni cəza növünə məhkum olunmuş 500 nəfərə yaxın şəxs üzərində elektron qolbaq tətbiq olunmaqla probasiya nəzarəti həyata keçirilir.

Ədliyyə Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Şəki Apellyasiya Məhkəməsində bölgənin məhkəmə sədrləri və hakimlərinin iştirakı ilə keçirdiyi geniş müşavirədə deyilib.

Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirak etdiyi müşavirədə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər, mövcud nöqsanlar və qarşıda duran vəzifələr müzakirə olunub.

F.Məmmədov ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlərdən, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsindən, hakimlərin Avropada nümunə kimi göstərilən şəffaf seçimindən, “Elektron məhkəmə” informasiya sisteminin və yeni məhkəmə infrastrukturunun yaradılmasından bəhs edib, ölkə Prezidentinin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli sərəncamının icrası üzrə görülən işlərdən danışıb.

Bildirilib ki, Cinayət Məcəlləsinin dekriminallaşması nəticəsində yeni qanunun təsiri altına düşən 5.700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib, o cümlədən 1.700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub, azadlığın məhdudlaşdırılması yeni cəza növünə məhkum olunmuş 500 nəfərə yaxın şəxs üzərində elektron qolbaq tətbiq olunmaqla səmərəli probasiya nəzarəti həyata keçirilir.

Müşavirədə sərəncamla məhkəmələrin üzərinə düşən mühüm vəzifələr diqqətə çatdırılaraq insan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında hakimlərin yüksək məsuliyyəti vurğulanıb.