Beynəlxalq Əfv Təşkilatı Myanmar lideri Suu Çiiyə verdiyi “Vicdan Elçiliyi” mükafatını geri alıb.
Musavat.com-un məlumatına görə, bu barədə təşkilatın rəsmi səhifəsində məlumat dərc olunub. Açıqlamada qeyd olunur ki, Suu Çii Bir zamanlar müdafiə etdiyi dəyərlərə utancverici şəkildə xəyanət edib. Bu səbəbdən də 2009-cu ildə ona verilən “Vicdan Elçiliyi” mükafatı geri alınıb.
Beynəlxalq Əfv Təşkilatının baş katibi Kumi Naidoo Myanmar liderinə məktub yollayaraq mükafatın geri alındığı barədə məlumat verib.
Məktubda deyilir: “Bu gün ümidin, cəsarətin, insan haqları müdafiəsinin simvolu olmadığınız üçün dərin təəccüb içindəyik”.
Qeyd edək ki, 2017-ci ildən sonra Arakandan qaçıb Banqladeşə sığınanların sayı 720 min nəfərə çatmışdı. Beynəlxalq insan haqları təşkilatları yüzlərlə kəndin yox edildiyini peyk görüntüləri ilə sübut etmişdi. Yerindən didərgin salınanların sənədləşməsinin aparıla bilməməsi səbəbindən Myanmar və Banqladeş arasında imzalanan anlaşma həyata keçirilmir.
Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq insan haqları təşkilatları arakanlı müsəlmanlara qarşı şiddəti etnik təmizlik və soyqırımı adlandırır.