Загрузка...

Cavid Qurbanov “Hafka” və Ziya Məmmədova qarşı - Məhkəmə işi

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək iki şirkətə qarşı iddia qaldırıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ADY iddia ərizəsində “Trans Qafqaz Transport” MMC və “Baghlan Group” FZCO-nu cavabdeh tərəf kim göstərib.

Cavid Qurbanovun sədri olduğu “Azərbaycan Dəmir Yolları” bu iki şirkətdən öhdəliklərinə görə yaranmış borcun ödənilməsini tələb edib. Lakin məbləğin nə qədər olduğu bəlli deyil.

Nəsimi rayon Məhkəməsi qətnamə çıxararaq iddianı qismən təmin edib. Bu şirkətlər qərarla razılaşmayıb və apellyasiya şikayəti veriblər.

“Trans Qafqaz Transport” MMC və “Baghlan Group” FZCO-nun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır. İş hakim Elşən Kazımovun icraatındadır.

Məlumata görə, “Trans Qafqaz Transport” MMC 2002-ci ildən “Azərbaycan Dəmir Yolları”nın ali fraxt agenti olub. MMC-nin fəaliyyətinin əsas sahəsi “Azərbaycan Dəmir Yolları” fraxt siyasətinin ərazisində beynəlxalq səviyyədə “Avropa-Qafqaz-Asiya” dəhlizi vasitəsi ilə neft və neft məhsullarının daşınmasının həyata keçirilməsi olub. Bu şirkət keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə məxsusdur.

“ADY”nin iddiası ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün internet resurlarında qeyd edilən nömrə ilə əlaqə saxladıq. Bizə bu şirkətin bağlandığı, artıq fəaliyyət göstərmədiyi bildirildi.

“Baghlan Group” FZCO isə Z.Məmmədovun keçmiş ortağı, “Hafka” ləqəbli Hafiz Məmmədova məxsusdur.

Qeyd edək ki, Ziya Məmmədov Nəqliyyat naziri olan vaxt və ondan əvvəlki dövrlərdə Cavid Qurbanov, Hafiz Məmmədov və keçmiş nazir ortaq olublar, uzun illər birgə biznes fəaliyyəti göstəriblər. Sonralar onların arasında yaranan problemlər ayrılıqlara səbəb olub, hətta “Hafka” ilə Z. Məmmədovun qarşıdurması ilə bağlı materiallar da mətbuatda dərc olunub. Ölkənin ən böyük biznes sahiblərindən olan bu üç şəxsdən biri-Hafiz Məmmədov 2010-cu illərin əvvəllərindən müflis olub, Ziya Məmmədov vəzifəsini itirəndən sonra faktiki “Hafka”nın taleyini yaşamağa məcbur qalıb. Üçüncü şəxs Cavid Qurbanov isə daha da dirçələrək keçmiş ortağı Ziya Məmmədovun bir vaxtlar nəzarətində olan “Azərbaycan Dəmir Yolları”na rəhbər gələrək öz imkanlarını genişləndirməyi bacarıb. Görünən budur ki, indi o, keçmiş ortaqları ilə haqq-hesab etmək məcburiyyətində qalıb. Çünki “Azərbaycan Dəmir Yolları” Z. Məmmədovun nəzarətində olan vaxt bu qurumun əsas korrupsiya mənbəyi olması heç kəsə sirr deyildi. Belə çıxır ki, C. Qurbanovun bu məsələləri araşdırandan sonra keçmiş ortaqlarından hesab sormaqdan başqa çıxış yolu qalmayıb.