Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə Qran Pri yarışının son günü Azərbaycan millisi üçün uğurlu olub.
Oxu.Az xəbər verir ki, üç cüdoçumuz mötəbər turnirin qızıl medalına layiq görülüb.
Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerskaya (+78 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Mehdiyev finalda döyüşmədən qalib gəlib. Belə ki, onun macar rəqibi Kristian Tot yarımfinalda türk idmançısı ilə görüşdə zədə aldığından, tatamiyə gəlməyib.
Olimpiya mükafatçımız olan Qasımov isə finalda Bakıda keçirilmiş dünya çempionatında qarışıq komanda yarışında gümüş medal qazanmış fransalı Aleksandr İdirlə qarşılaşıb və ona ipponla qalib gəlib.
Beləliklə cüdoçularımız Daşkənd turnirini üç qızıl və bir bürünc medalla başa vurub. Xatırladaq ki, yarışın ilk günü Nicat Şıxəlizadə bürünc medala sahib olmuşdu.