“Nə üçün kişvəri-İran
Olur şəxsiyyətə qurban?
Məgər bayquş sevir viran,
Və ya tale zəbun oldu?
Səbəb boynu yoğun oldu!”
(Sabir)
Donald Tramp söhbəti hərlətdi-fırlatdı, nəhayət, İrana sanksiyaları qoydu. Deyirlər bu, indiyə qədər cənub qonşumuza qoyulmuş sanksiyaların ən kəskinidir. Neft sata bilməyəcək, texnologiya, maşın, hətta dərman ala bilməyəcəklər. Artıq İranın iqtisadiyyatında bunun təsirləri hiss olunur, onsuz dəyərdən düşmüş yerli valyuta – rial ölməkdədir. Şübhəsiz, bunun bizə də təsiri olacaqdır. Qonşuluqdan başqa, orada 40 milyona yaxın soydaşımız yaşayır. Şimali Azərbaycanda çox ailələrin Arazın o tayı ilə hansısa keçmiş və indiki qohumluq bağları var.
Artıq maliyyə naziri Samir müəllim qonşu valyutaların ağır günə düşməsinin manata təzyiqləri artırdığından danışıbdır. Bunu anlaşılan dilə çevirsək, manatı növbəti devalvasiya gözləyə bilər. Son iki devalvasiyanın yaralarını yalayıb sağaltmamış, manat daha bir zərbədən hansı kökə düşər – bunu düşünmək belə istəmirik. Guya düşünsək nə olacaq? Əsas odur hökumət düşünsün, bizdən onsuz da soruşan yoxdur ayın neçəsidir.
Trampın İran sanksiyaları hansısa nəticələr verəcəkmi? Təcrübə bunun ehtimallarının az olduğunu göstərir, çünki İran 1985-ci ildən bəri müxtəlif Amerika sanksiyaları altındadır, ancaq molla rejiminin siyasətində hansısa dəyişiklik görünmür. Doğrudur, arada sanksiyalara BMT-nin qoşulması (2010-cu ildə) hardasa effekt verdi, İran nüvə proqramını dayandırdı. Bundan sonra Barak Obama İrana sanksiyaları qaldırmış, ölkəyə müəyyən fürsət vermişdi. Ancaq İran nəinki bu fürsət pəncərəsindən yararlandı, əksinə, ölkənin yenidən qazanmağa başladığı pulları pis məqsədlər üçün işlətməyə girişdi. Suriyada diktatora hərbi-iqtisadi dəstək verməkdən, Yəməndə savaşa qədər. Bu bir az da bizim bir vaxt yaşadığımız SSRİ-nin pis təcrübələrini yada salır. Ötən əsrin 70-ci illərində dünya, Qərb SSRİ ilə yaxınlaşma xətti tutmuşdu. Amerika prezidenti Nikson Moskvaya səfər etmişdi, amerikalılar ruslarla “Soyuz-Apollon” birgə kosmik uçuş proqramı başlamışdılar. Bu, soyuq savaş erası üçün olduqca fantastik, uğurlu görünən siyasi mənzərə idi, insanlara ümid vermişdi. Ancaq SSRİ, kommunist rejimi bu fürsəti necə dəyərləndirdi? Əfqanıstana qoşun yeritməklə.
Bu arada, bizim hökumətin iqtisadi sanksiyalarının ABŞ sanksiyalarına nisbətdə daha uğurlu nəticələr verdiyini mütləq qeyd etməliyik. Britaniya enerji sektoru ilə qardaş münasibətlərimiz sayəsində biz indi Londonda istənilən oğrumuzu tutub dama basırıq. Beynəlxalq bankirimiz Cahangir müəllim Bakıda, arvadı isə Londonda dustaqdır. Həyata bax… Gör necə ibrətlik əhvalatdır. Arzu edərdik ardı gəlsin, xalqımızın pullarını oğurlayan hər kəs Zamirə xalanın taleyini yaşasın, ilahi, amin! Zamirə xanım 500 min funt girov qoyub ev dustaqlığına çıxmaq istəsə də, ingilis prokurorlar haqlı olaraq buna da icazə verməyiblər. Yeri gəlmişkən, xanımın vəkilləri vasitəsilə məhkəmədə qaldırdığı arqument saxtakarlığın, yalanın qırmızılığı ilə diqqətimi çəkdi. Təsəvvür edin, adam deyir, məni Azərbaycana təhvil verməyin, çünki orada mən adam oğrularının qurbanı olmuşam. Ancaq haçan? Əsas məsələ budur axı. Polkovnik Hacı Məmmədov Zamirəni 2005-ci ildə oğurlamışdı, iki aydan sonra azad edilmişdi. Bundan sonra adamın qızı MTN şefinin oğluna ərə gedib, öz əri isə Beynəlxalq Bankı aşsüzənə döndərib. Cibində limitsiz bank kartlarını gəzdirdiyin ölkəyə “orada məni oğurlayıblar, qayıda bilmərəm” desən, adamın ağzı əyilməlidir, dodağına Azərbaycan zəhmətkeşləri hesabına qoyduğu silikon partlamalıdır.
Qaldı bəzi yoldaşların “bunlardan çox yeyənlər var, azadlıqda gəzir” deməsinə… Ata sözü var, deyir, qoyunu qoyun ayağından asarlar, keçini keçi ayağından. Bizə nə lazımdır? Əsas odur qanunsuzluq edənlər cəza alsın, kimliyindən asılı olmayaraq. O cümlədən, dövründən asılı olmayaraq. Bax, hazırda Almaniyada 94 yaşlı kişinin məhkəməsi gedir. Onu 1944-cü ildə Polşadakı faşist əsir düşərgəsində nəzarətçi işləməkdə suçlayırlar. Deməli, ədalət bəzən çox gec də olsa qalib gəlir. Deməli, qan həmişə batmır. Şər tələskəndir, xeyir isə astagəldir – bu, onların önəmli fərqlərindən biridir.
Bir az romantik bitirdik, ancaq zərəri yoxdur.