Söhbətə rəhmətlik Molla Nəsrəddinin bir lətifəsi ilə girək, necə çıxarıq, söhbətin gedişatı göstərər.
Demək, bir gün Molla oturubmuş evində, ömür-gün yoldaşı ilə göft-gu edirmiş. Birdən qapı açılır, mollanın başı-gözü yarılmış qonşusu təpilir içəri, deyir, qonşu, başına dönüm, qoyma, arvad məni öldürür. Molla qonşusunu fərməşin dalında yerbəyer edərkən qonşunun əli oxlovlu, at maralı arvadı girir içəri, ərini hədələyir, deyir, bu tərəfə çıx, qurumsaq. Kişi bir az da küncə qısılır, Molladan yardım istəyir.
Molla və arvadı araya girirlər, hiddətlənmiş qadını sakitləşdirir, altına mütəkkə qoyub oturdurlar. Qonşunun nə üstə döyüldüyünü dəqiqləşdirməyən Molla görür ki, arvad artıq sakitləşib, istəyir, ortalığı bir az şirinləşdirsin, deyir, ailədə belə şeylər çox olur, barışın getsin.
Daha sonra o, başı və qorxusundan zəhri-bağrı yarılmış qonşusunu naqolay durumdan çıxarmaq üçün deyir, əşi, vallah, bizim arvad da hirslənəndə çox sərt olur, o gün evdə saqqalımdan yapışıb sürüdü məni.
Qonşu bunu eşitcək kişilənir, fərməşin arxasından deyir: “Yox, əşi, mən saqqalı ələ verən kişilərdən deyiləm”.
İndi Mollanın sözü olmasın, ailə söz-söhbətsiz, dava-şavasız olmaz. Dünyanın çox yerində belədir. Bu, təkcə qadına şiddət məsələsi deyil, bir çox hallarda kişilər də şiddət görür. Fiziki cəhətdən kim güclüdürsə, öz ömür-gün yoldaşını, sevgili yarını, nazənin dildarını basıb döyür. Bizim ölkədə kişilər fiziki cəhətdən daha güclü və çevik olduqları üçün hələlik xal hesabıyla qalib durumdadırlar.
Amma elə ölkələr var ki, orda çoxu caydaq, 80-90 kiloluq, xasiyyətcə at maralı, üstəlik, idmançı cüssəli qadınlar yaşayır. Di gedin, alın, döyün görüm. Mümkün deyil. Adamı, saqqalı varsa, yapışıb itsürütməsi edər. Bəstəboy, zərif qadınlara zor tətbiq etməyə nə var ki.
Oğul ona deyərəm ki, uşu-sanda, taekvondo, dzü-do üzrə çempion olmuş, hətta gümüş və ya bürünc medal qazanmış qadına əl qaldırsın və dalında dursun. Çətin olar. Hadisə yerinə təcili yardım maşını gələr və şil-küt edilmiş güclü cinsin nümayəndəsini travmatologiya xəstəxanasına aparar. Görünür, ona görə sıravi adamlar, idmançı keçmişi olmayan oğlanlar hələm-hələm idmançı xanımlarla ailə qurmurlar. İdmançı xanımlar çox zaman idmançı oğlanlara ərə gedirlər və xoşbəxt olurlar. Çünki tərəflər bir-birinin zəif və güclü cəhətlərini bilir. Məsələn, boksçu ər əliuzunluq eləsə, cüdoçu xanım onu yerə çırpıb boğucu fənd tətbiq edər, əlini üç dəfə döşəməyə çırpmasa, nəfəsini kəsər.
Hərçənd heç kim özünə həyat yoldaşı seçərkən “gün gələcək, mən bunu döyəcəm, qoluma qolay olanı almalıyam” kimi düşüncələrin içində olmur. Müasir ailələr bir çox halda “ləv stori” ilə başlayır, skrinşotlarla bitir. “Eşqdir mehrabı uca göylərin, eşqsiz, ey dünya, nədir dəyərin” modunun yerini, gün gəlir ki, Şərq əlbəyaxa döyüş növləri fəndlərinin tətbiqi alır.
Bu, hər cütlükdə olmaya da bilər. Çünki “əlbəyaxa” olmazdan əvvəl şərti olaraq “dilbəyaxa” adlandırıla biləcək mərhələ də var. Bax, burada tərəflər münaqişənin dinc yolla tənzimlənməsinə dair danışıqlar prosesinə başlamalı, mərhələli və ya paket həllinə üstünlük verilməlidir. Beynəlxalq birlik də zor tətbiqini dəstəkləmir, hesab edir ki, münaqişənin dinc mexanizmlərlə tənzimlənməsi imkanı tükənməyib.
Yazının bu yeri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Uorlikin çıxışlarına oxşasa da, reallıq budur: müasir həyatda ailə təsərrüfatını idarə etmək lokal münaqişələr olmadan mümkün olmur. Amma gərək hər saat təmas xəttində gərginlik yaratmayasan, atəşkəs rejimini pozmayasan.
Bilmək lazımdır ki, hər bir zəif tərəfin arxasında qüdrətli güc dayana bilər.
Məsələn, bir dostum danışır ki, onun bir əmisi var, yeganə və ərköyün qızını öz bacısıoğluna verib. Gənc ərlə arvadın sözü çəpləşən kimi, qız zəng edib atasına şikayət edir, o da gündüz, ya gecə olmasına baxmayaraq, gedib kürəkən bacıoğlunu tapıb şillələyir ki, köpəyoğlu, mənim qızıma güldən ağır söz deyə bilməzsən.
İdeya vermək kimi olmasın, ailə münasibətləri elə olmalıdır ki, qayınata və ya böyük qayın gecə saat 2-də adama “qonaq” gəlməsin.
P.S. O qədər istedadlı, gözəl və populyar müğənni Sıla da əri tərəfindən döyülürsə, ta, bu dünyanın nəyindən küsürsünüz, əziz şiddət görən qadınlar?