“Yaxşı bloqçuya blok qoymazlar, bir blok mənzil verərlər”
(Azərbaycan ata sözü)
Rusiyalı bloqçu İlya Varlamov da bizim hökumətin jurnalistlərə dövlət qayğısı proqramından yararlanmaq fürsəti qazandı, onu qutlayırıq. Düzdür, bir az qanqaraçılıq olmuşdu, onu sərhəddən, təyyarənin trapından enən kimi qovmuşdular, sonradan üzrxahlıq, gül buketi, təndir kababı və sairə ilə birtəhər qaytarıb gətirdik. Ancaq atalar deyib, çəkişməsən bərkişməzsən. Görüşməsən gülüşməzsən. Öpüşməsən sevişməzsən. Nəsə, söhbəti çox uzatmağın mənası yoxdur, indən belə Varlamovla bizim hökumətin dostluğu ümidvarıq möhkəm olacaqdır. Çünki bu brat (vəziyyət ruscadır) 2016-cı ilin oktyabrında – söz vaxtına çəkər – Azərbaycana gəlmişdi, çoxlu tənqid yazmışdı. Öz bloqunda Bakının kasıb məhəllələrini, uçuq evləri, keçilməz səkiləri, nə bilim, işıq yanmayan göydələnləri fotoreportaj eləmişdi. Təxminən sanarsan hazırda dustaq həyatı yaşayan bloqçumuz Mehman Hüseynovun hərəkətlərini yamsılamışdı. Yağış yağdı, küçə daşdı, nazir özünə villa qayırdı, yetimlər isə acından öldü və sairə. Adama deyərlər, sənə nə? Yetim bilər, nazir bilər. Bəlkə yetimə bu cür xoşdur? Nöşün ətlə dırnağın arasına girirsən?
Əlbəttə, bu Varlamov Rusiya vətəndaşı olduğundan onu Mehman müəllimin yanına – 14-cü kolona istirahətə göndərmək imkanlarımız zəifdir, o səbəbdən qovub qaytarmaq, məncə, bəs elədi. İndi böyük ehtimalla dərs çıxaracaq, ölkəmizin inkişafından qürur duyacaq, gölməçə-qurbağa fotoları deyil, çiçəklənən müasir işıq dirəklərinin, istirahət parklarının şəkillərini paylaşacaqdır. Belə də lazımdır, nəyə gərək nöqtə boyda problemləri qabardırsan? Düşmən dəyirmanına su axıdırsan, xaricdən maliyyələşən qara qüvvələrin yanında durursan? (hərçənd İlya Varlamovu yəqin ki, “xaricdən maliyyələşən sarı qüvvə” adlandırmaq daha məntiqə uyğundur).
Problemlər, şəhər təsərrüfatında əyər-əskiklər dünyanın hər yerində var. Misal üçün, Varlamov Bakıda piyadaların rahat gəzməsi üçün səkilərin, pandusların olmadığını yazmışdı, yolların əcaib hasarlanmasını qabartmışdı. Nə olsun? Ona qalsa Suriyanın Hələb şəhərində bu dəqiqə bir salamat bina qalmayıb. Çində isə ölkə hasara alınıb. Üstəlik, bunun özünün saçı külək dağıtmış qarğa yuvasına oxşayırdı, bəyəm biz sənə deyirik ki, ay İlya müəllim, niyə saçını düzəltmirsən? Haqqımız da yoxdur deyək. Hərənin saçını istədiyi şəkildə dağıtmaq hüququ var, o cümlədən hər bir xalqın öz paytaxtını xaraba qoymaq ixtiyarı. Sözgəlişi, mən srağagün Fəvvarələr meydanından “keçirdim” (əgər o mühasirə zolağını yarmaq keçid sayılırsa), gördüm oranı çəpərləyib yekə bir tolkuçka açıblar, hələlik taxta dükanlar boş idi, deyir, burda Yeni il bazarı olacaqdır. Yeni ilə 2 ay qalmış, Yeni ildən də sonra 2 ay bizdə şəhərin mərkəzi taxta dükanların ixtiyarına verilir. Biz indi bu yolsuzluqdan şikayətlənə bilərikmi? Yox. Biz heç Bakının bələdiyyəsini seçə bilmirik – yalandan-palandan olsa da. Ancaq təki sabitlik olsun, uğurlu daxili və xarici siyasət davam etsin. İnsana başqa nə lazımdır? Səki, keçid, fasad, arxitektura, nə bilim, işıq gələn, it hürən… Bunlar nağıl söhbətlərdir. Səki yoxdur, maşın yoluyla gedərik. Biz nəşəxor uşaqların sürdüyü avtobuslarda gəzən camaatıq, bu da deyir pandus yoxdur. Yox bir, hindus…
Əlbəttə, yuxarıda yazdım, artıq İlya müəllim tənqiddən nəticə çıxarıb, güman edirəm onu daha dərin dövlət proqramına cəlb edə bilərik. Misal üçün, yaxşı maaşla Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə rəhbər qoymaq olar, elə Hacıbala müəllimdən sonra mən biləni Əlabbas müəllimi də ordan çıxardıblar, hazırda müqəddəs yer boşdur. Qoy indi problemləri özü yaxından görsün. Bizdə jurnalistlərin dövlət vəzifəsinə çəkilməsi müsbət praktikadır, nəinki mətbuat katibi, hətta bu yaxında bir həmkarımızı icra başçısı qoydular. İlya Varlamovu Mixail Zabelin-in yerinə deputat seçsək pisdirmi? Ya da Samuxa icra nümayəndəsi.
Bir dənə də jurnalistlərin dənizə baxan binasında qəşəng mənzil vermək olar, yaşasın, yolda-irizdə çox sülənməsin. Əflatun müəllimdən də xahiş edirik, bunun bloqunu heç vaxt reket bloqlar dəftərinə salmasın. Hətta istəsə, beş dəqiqəyə “ASAN-xidmət”də təzə soyad verərik, olar Varlanov. Bundan sonra pulu tök başından, qalsın altında.