Bəs deyirdilər ictimai yerdə siqaret çəkilməsi qanunla qadağan olunub, yasağı pozanları cərimələyirlər?

Havayı söhbətmiş. O qanunun, yasağın, cərimə-filanın bizim ölkəmizə, bizim ictimai yerlərimizə dəxli yoxdur.

Əksər yerlərdə çəkən-çəkənədir. Bir də görürsən uşaqların, qadınların, qocaların toplaşdığı bir məkanda, məsələn, 30-40 ailənin eyni vaxtda ad günü keçirdiyi bir restoranda qaqaşın biri köhnə film personajlarının ədasıyla bahalı siqaretinin qutusunun qapağını açdı, içindən bir gilə çıxarıb damağına qoydu, bahalı alışqanla alışdırıb tüstülətməyə başladı.

Əlbəttə, artıq zaman o zaman deyil ki, bahalı siqareti bahalı alışqanla ədabaz-ədabaz yandıraraq? özünün necə “bomba oğlan” olduğunu ətrafdakılara göstərənlərə camaat həsədlə baxsın və bu prosesi seyr etməkdən ləzzət alsın. İndi əksinədir. Camaat ictimai yerlərdə, xüsusilə də qadınların, uşaqların yanında siqaret çəkənlərə ikrahla baxır.

Ancaq belə adamlara yaxınlaşıb, “qaqaş, ictimai yerdə siqaret çəkmək olmaz, qanunla da qadağandır” demək ən azı əlbəyaxa davaya düşmək səbəbidir. Hətta mübahisənin sonunda bıçaqlaşma da ola bilər. Çünki siqareti bu cür çəkən “bomba oğlan”ın cibində kəsici-deşici alətlər mühəqqəq olur. Onlar öz əziz canlarını qorumağa borcludur, ona görə də özlərini müdafiə etmək üçün yardımçı vasitələr gəzdirirlər.

Heç kimsə onlara “burda siqaret çəkmə” deyə bilməz. Bu, təhqirdir. Onları alçaltmaq deməkdir. Necə yəni siqaret çəkmə, özüm bilərəm. “Qanun var axı”. “Mənə dəxli yoxdur”. “Cəriməsi var”. “Nə cərimə. Gəlsinlər verim cərimələrini. Mən siqaretimi çəkəcəm”.

Amma onları və ya iaşə obyektinin sahibini cərimələməyə gələn yoxdur.

O gün xaricdən gələn bir qonaqla birlikdə şəxsən özüm belə bir davranışın şahidi oldum. Oturub şam etdiyimiz yerdə qonaq qəfildən dedi ki, deyəsən, kimsə siqaret çəkir. Ətrafa boylandım, gördüm, bəli, arxada biri bala-bala tüstülədir. Bir az keçdi, başqa biri əlində yanan siqaretlə yanımızdan gəlib keçdi. Az sonra isə bir 33-35 yaşlı adam düz yanımızda lövbər saldı və masaya oturan kimi siqaretini yandırdı. Yenə o biri siqaret sümürücüləri arada bir fasilə edirdilər, yanımızda oturan isə od qoruyurumuş kimi siqareti sönməyə qoymurdu, birinin közüylə o birini yandırırdı.

Əcnəbi qonaq dedi, bizdə ictimai yerlərdə siqaret çəkilməsi qadağandır, sizdə elə deyilmi? Dedim, bizdə də qadağandır, bundan ötrü parlamentdə xüsusi qanun qəbul etmişik. Qonaq çəkənləri göstərib dedi ki, amma çəkənlər var.

Yaxınlığımızdakı ofisiantdan soruşdum ki, qaqa, sizdə siqaret çəkməyə icazə varmı? Gənc elə bildi ki, mən də çəkənlərdənəm, həvəslə dedi: “Bəli, əmi, biz icazə veririk, kliyentlər istəyir, biz də bir söz demirik”. Dedim, olmaz axı, qanunla qadağandır, cəriməsi var. Gənc çiynini çəkdi. Bu, o demək idi ki, belə şeyləri müdiriyyət bilər.

Beləliklə, məlum olur ki, tərifli qanunumuz kağız üstündədir, işləmir və bu gedişlə işləməyəcək. Bizim camaat ictimai yerlərdə siqaret çəkməyi tərgitməyəcək. Əgər bu yasağa nəzarət ciddiləşsə və bizim siqaret aludəçiləri stadionda, restoranda və başqa yerlərdə siqaret çəkə bilməsələr, o yerlərə getməyi tərgidəcəklər, amma siqaretdən vaz keçməyəcəklər.

5-6 il əvvəl bu vaxtlar Kiyevdə olarkən küçəylə gedəndə fikir verirdim ki, xidmət, ticarət, iaşə obyektlərinin qarşısında gənc qadınlar nazik paltarda üşüyə-üşüyə siqaret çəkirlər. Müşayiətçimizdən soruşdum ki, bunlar niyə belə edirlər? Adam cavab verdi ki, içəridə siqaret çəkə bilmirlər, bayırda çəkməlidirlər, amma iki-üç dəqiqəlik işdir deyə, təzədən palto-plaş geymirlər, siqaretlərini çəkib qayıdırlar işlərinin başına.

Nə zülmdür axı? Yəni bu həyat məsələsidir?

Başqa ölkələrdə də belədir. Bir dəfə hətta aeroportun binasından çıxdıq, siqaret çəkilməsi üçün nəzərdə tutulan yerə 10 addım qalmış siqaretini yandıran səfər yoldaşımızı cərimələmək istədilər, qonaq olduğumuza keçdilər.

Yəni mədəni ölkələr bu problemi artıq həll ediblər: ictimai yerdə siqaret çəkmək, başqalarını zəhərləmək olmaz. Bizdə isə hələ də çəkirlər.

Təbii ki, sükan arxasında nəşə dolduran sürücülərin avtobus sürdüyü ölkədə stadionda, iaşə obyektlərində siqaret çəkilməsi heç kəsi təəccübləndirmir.

Görək, axırı necə olacaq? Əsas məsələ heç də hansısa qanunu qəbul etmək deyil, o qanunu qüvvəyə mindirib işlətməkdir.

Загрузка...