Belə hadisələr təkcə bizim ölkəmizdə baş vermir, dünyanın hər yerində prezident, baş nazir, nazir postunu tutanların ağzından çıxan hər söz, hər cümlə milyonlarla adamın müzakirəsinə səbəb olur.
Tam da normaldır. Dövlətə, ölkəyə rəhbərlık edənlər, cəmiyyətin parlaq simaları hər bir hərəkətləri, sözləri ilə xalqa nümunədirlər.
Savada, təhsilə, bilgiyə qalsa, onlar hamıdan üstün olmalıdırlar. Bu, işgüzarlıq, enerji, qətiyyət, erudisiya, entuziazm kimi keyfiyyətlərə də aiddir. Sıradan biri olacaqlarsa, onlar nədən öndə, başda olmalıdırlar ki? Sıradan olan adamın yeri orta sıralardır, arxa cərgələrdir.
Keçmişdə, sovet dövründə yüksək vəzifələrə adam seçərkən, hətta ilk pillədən başlayaraq yetişdirməyə başlayarkən, kadrın səriştəsi, bacarığı ilə yanaşı, bazburutu, yəni xarici görünüşünə və natiqlik qabiliyyətinə də diqqət yetirirdilər.
Xalq qarşısında odlu-alovlu danışa bilməyən, tez-tez kəkələyən, qurduğu cümlənin mübtədası, xəbəri düz gəlməyən adamların lap yuxarı vəzifələrə ümid etməsi mümkün deyildi. Onlar partiya-sovet iyerarxiyasının bir yerinə qədər irəliləyə bilərdilər, amma sonra onları “yaxşı təşkilatçıdır, təəssüf ki, natiqlik qabiliyyəti yoxdur” deyə, müəyyən bir pillədə saxlayacaqdılar.
“Natiqlik qabiliyyəti yoxdur” ifadəsi “bisavaddır, yaxşı təhsil almayıb” ifadəsinin sinonimi idi.
Sovet dövründə ana dilini bilməyən, yaxud zəif bilən kadrların yüksəlişi problem deyildi, onların önündə sönməyən yaşıl işıq vardı. Çünki bu şəxslər rus dilini ana dilindən də yaxşı bilirdilər və onları irəli çəkənlər üçün əsas bu idi. Əksinə, nə qədər bacarıqlı olsa və ana dilini gözəl bilsə də, bir adam rus dilində yüksək peşəkarlıqla nitq söyləyə bilməsə, onun hansısa yüksək vəzifəyə təyinat zamanı Kremldən xeyir-dua alması mümkün deyildi.
Ümumiyyətlə, bu o vaxtlar idi ki, ana dilində gözəl romanlar, şeirlər yazan ziyalılar rus dilində yaxşı danışa bilmədiklərinə görə xəcalət çəkirdilər. Belə adamları təhqiramiz şəkildə “çuşka” adlandırırdılar.
Təbii ki, müstəmləkə respublikası olan Azərbaycanda bundan artığına ümid etmək yersiz idi. Amma müstəqillik dövründə vəziyyət dəyişdi, ana dilində yaxşı danışa bilmək də şərtlərdən birinə çevrildi.
Di gəl, bir çox bacarıqlı kadrlar bu tələbə cavab vermirdilər, səriştələri, iş təcrübələri vardı, ancaq ana dilində yaxşı danışa bilmirdilər. Ona görə də “bir nazir öz ana dilini əla bilməlidir” kimi şərt işlək olmadı.
Məsələn, uzun illər Azərbaycanın baş naziri postunu tutmuş Artur Rasizadə ana dilində o qədər zəif danışırdı ki, media mənsubları qarşısına hələm-hələm çıxıb açıqlama vermirdi, verəndə hadisə olurdu.
Xarici işlər naziri Elmar Məmmədyarov da vəzifəsinin icrasına başladığı ilk günlərdəcə aydın oldu ki, sələfindən, dilçi Vilayət Quliyevdən eşitdiyimiz rəvan, səlis açıqlamaları ondan eşidə bilməyəcəyik.
O, rusca və ingiliscə yaxşı danışırdı, ana dilimizdə qurduğu cümlələr isə çox bərbad idi. Ancaq cənab nazir bundan sıxılıb-eləmədən danışmaqda davam edirdi. Bir ara XİN-in açıqlamaları əsasən mətbuat sözçüləri tərəfindən yayılırdı deyə, nazirin ana dilində danışıq tərzi unudulub getmişdi. Son günlərdə bu mövzunun yenidən aktuallaşması həm də ona görə baş verdi ki, Məmmədyarov vəzifədə olduğu müddətdə dil məsələsində bir addım irəli getmədiyi aşkara çıxdı.
Hazırda Gürcüstanda prezidentliyə namizəd olan Salome Zurabişviliyə (o da vaxtilə XİN başçısı olub) tutulan ən böyük irad xanımın fransızca gürcü dilindən daha yaxşı danışmasıdır. Rəqibləri ötən həftə keçirilən seçkidə onun bu qüsuruna diqqət yönəltdilər və belə görünür ki, onun gözlənildiyi qədər səs almamasında bu amilin mühüm rolu oldu.
İndi necə etmək olar ki, bu məsələ hər dəfə dilə-dişə düşüb kütləvi lağlağı, rişxənd dalğası yaratmasın?
Çox sadə yolu var. Yüksək vəzifələrə təyin etmək üçün kadr seçərkən onun dövlət dilində mükəmməl yazı-pozu, nitq qabiliyyətinin olmasına önəm vermək lazımdır. Şübhəsiz ki, ölkəmizin kadr bankında kifayət qədər bir neçə dili mükəmməl bilən mütəxəssislər var, seçim onların arasında aparılsa, bu məsələni həll etmək olar.