“Getdim, gördüm bir dərədə iki kar, kor, kürküyırtıq kirpi var. Dişi kar, kor kürküyırtıq kirpi erkək kar, kor, kürküyırtıq kirpinin kürkünü yamamaqdansa, erkək kar, kor kürküyırtıq kirpi dişi kar, kor kürküyırtıq kirpinin kürkünü yamayır”.
(yanıltmac)
Dilçilik İnstitutumuzun dili deyəsən yaman uzanıbdır. Manısların danışığına ilişdilər – dinmədik, telekanalizasiyaları qaraladılar – susduq, əcaib lüğətlər qayırdılar – fikir vermədik, indi də hökumətin dilinə qəmiş qoymağa başlayıblar. Nazirlərin hansının dilimizdə yaxşı danışdığını, hansının cümlə qurmaqda çətinlik çəkdiyini monitorinq eləyirlər. Təsəvvür edin. Hansısa dünən yumurtadan çıxmış elmi işçi nazirə cippildəməyi öyrədir. Bunların dilini… üzr istəyirəm, büdcəsini kəsmək lazımdır, elmə ayrılan milyardları azaltsaq, bəlkə bunlar susarlar. Əslində “bınnar” yazmaq daha doğrudur. Dilimizin qanunlarına görə. Sözgəlişi, dünən hansısa saytda Nizaminin kürd və fars şairi olmağını da yazıbmışlar. Bu isə zəhmətkeşlərimizdə haqlı qəzəb doğurmuşdu. Biz Nizaminin adına beynəlxalq fond düzəltmişik, bir çox dövlətlərin keçmiş nazirləri oraya üzv olmuşdur, hər il xeyli adamı Bakıya yığıncağa toplayıb əllərinə kürü yaxmacı veririk. Doğrudur, bütün tədbirlərin fonunda hələ də Nizaminin dilimizdə bir dənə babat tərcüməsi yoxdur, ancaq nə qəm? Əsas odur Latviyanın keçmiş naziri Vayra Vika Freyberq (ya da Vaka Viyra – dəqiq xatırlamıram, üzrlü saysın) bizim Nizami fondunun tədbirlərində yaxından iştirak edir. Dahi şairimizin adının əbədiləşdirilməsi tədbirləri sırasında deputat Nizami Cəfərovun da adını çəkə bilərik. Hələ mən AzTV-nin keçmiş müdiri Nizami Xudiyevi yazmıram. Deyəsən yazdım axı. İndi gəlin görək farslarda və ya kürdlərdə bu qədər Nizami adında adam varmı? Yoxdur. Çünki bu bizim şairdir. Mən bunu elmi şəkildə yazıram. Madaqaskarı orta əsr azərbaycanlı dəniz səyyahı Məşədi Əsgərin kəşf elədiyi də çoxdan elmi formada isbatını tapıbdır.
Bu mənada, görkəmli alim-deputatlarımızdan Rafael müəllimin siqaret əleyhinə qanuna mız qoyması çox yerinə düşdü. Deyir, Səməd Vurğun, Stalin, Hitler, Mussolini və sair tanınmış ziyalılarımız siqaret çəkiblər, biz niyə siqareti ictimai yerlərdən yığışdırırıq. Oqtay müəllim (spiker) isə onun ağzından vurubdur. Nəticədə Rafael müəllim bir siqaret yandırıb, damağına qoyaraq qəmli şəkildə Məclisi tərk edibdir. Halbuki, necə haqlı idi! Tarixi şəxsiyyətlərin adətlərini unutsaq unudularıq! O cümlədən, Əliağa Vahid yaxşı vuran olubdur. Mayakovski cibində qaşıq gəzdirirmiş. Freyd kokain iyləyirdi. Kaliqula (bu qədim türk-roma imperatorudur) isə atını senata üzv seçmişdi. Senat da onların vaxtındakı deputatxana olmuşdur. Kleopatra ilanla yatırmış. Canım sənə desin, Makedoniyalı İsgəndərin buynuzu var idi. İndi biz bütün bu tarixi ədaləti bərpa eləməliyik. Qəlyansız Anar müəllim… bağışlayın, Stalin olarmı?
Ümumiyyətlə, bu həftə o bölgə səmərələşdirici təklif və ixtiraları ilə yadda qaldı. Məşhur qışqıran cəbhəçi, indi isə deputat işləyən Tahir müəllim təklif elədi, himnimizi qısaldaq. Uzun olanda oxuyub qurtara bilmirmiş, yatırmış. Hərçənd, burada Qüdrət müəllimin monopoliyasına girmək cəhdi tərəfimizdən görülmüşdür, nöşün ki, (Dilçilik İnstitutunun acığına “nə üçün ki” yazmıram – qoy yansınlar) himni sünnət eləmək ideyaları həmişə onun dilindən səslənərdi. Həyat da belədir, fürsəti əldən verəndə başqaları aparırlar. Şair bu məqamda yaxşı deyibdir: “Tarixin yolları düzənlik deyil, Tarix dağdan keçir, dərədən keçir. Ov bir yol bərəyə gələ-gəlməyə, O da gecikdinmi, bərədən keçir”. Qaldı himnimizin başqa xalqların himnindən daha uzun olması, buna təbii yanaşmaq lazımdır. Biz başqa xalq deyilik ki. Biz analoqu olmayan inkişafa nail olmuşuq. Regionun lider dövlətiyik. Kosmosda neçə dənə peykimiz, raketimiz, asteroid və kometamız şütüyür. İndi hansısa yaponun da himni iki dəqiqə olsun, bizim də? Belə siyasi səhvlərə görə adamı növbəti dəfə mandatsız qoyarlar, vallahi, billahi. Ondan sonra get təzədən qışqır. Düzü, mənim yadıma gəlir, o vaxtlar Tahir müəllim deputatxanada hardasa 6 dəqiqə qışqırmışdı.
İndi söz şənbə gününündür. Müqəddəs gündür, şübhəsiz.