“Manqalın arxasında robot dayanmışdı. Kababı çəkən robot idi. İçəri girəndə o, məni gördü. Tüstü gozlərini qızartmışdı. Əlinin arxası ilə sulanmış gözlərini silib ”salam əleyküm” dedi. Çox çətinliklə “əleyküm salam” deyə bildim”
(Seymur Baycan, “Elm və həyat” hekayəsindən)
Gürcüstanda prezident seçkiləri 2-ci tura qaldı, deyirlər bunda orada yaşayan azərbaycanlıların böyük rolu olmuşdur. Bizimkilər kütləvi şəkildə müxalifətin namizədinə səs veribmiş. Hətta müxalifətin qürbətdəki lideri Mixail Saakaşvili buna görə azərbaycanlılara Azərbaycan dilində təşəkkür də eləyibdir.
Buradan o nəticə çıxır ki, azərbaycanlıların dünyanın harasında olursa-olsun, ancaq iqtidarların tərəfində durması, hökumətdən qorxması, təzyiqlə, şirnikləndirmə ilə səs verməsi haqda söhbətlər doğru deyildir. Demokratik şərait olanda azərbaycanlılar da demokratik olurmuş. Nə qədər qəribə görünsə də belədir. Eyni zamanda qonşudakı proseslər bizim müxalifətin nə üçün əfəl olması haqda əbədi diskussiyalara bir daha təkan verir. Deməli, problem xalqda, xalqın müxalifətə münasibətində deyil (həm də bundadır – lap belə yazaq, bəziləri kef eləsin). Sən yaxşı müxalifət olsan, millət də seçkilərdə sənə səs verər. Hərçənd burada da mənasız diskussiya “toyuq əvvəldir, yoxsa yumurta” mərhələsinəcən gedir, çünki deyəcəklər həqiqi seçki olsa filan zadı qayırardıq, bizi tutmasalar beşməkan eləyərdik və sairə. Üzeyir bəyin dahi ironiyasındakı kimi: “Aç qapını, gələk səni öldürək”.
Sözgəlişi, bu yaxında keçmiş gürcü prezidenti Mixail müəllimdən intervü almışdılar, müxbir soruşur indi mühacir yaşadığınız Hollandiyada nə ilə dolanırsınız, adam deyir: “Mənə Gürcüstanda yaşayan anam maliyyə yardımı edir. O, Tiflisdəki arvadım və uşağımı da saxlayır”. Bilməyənlərə çatdırım: Saakaşvilinin anası Qiuli (Gülü də yaza bilərik) Alasaniya orada tanınmış türkoloq alimlərdən biridir, hazırda Tiflis Dövlət Universitetində dərs deyir, professordur, tarix elmləri doktorudur. Gör buna nə qədər maaş verirlər ki, həm də qaçqın oğluna göndərir. İşdən çıxartmayıblar. Halbuki Saakaşvili haqda Gürcüstanda bu dəqiqə neçə cinayət işi var, gəlsə tutub zindana salarlar. Gətirə də bilmirlər. Ağıl, təcrübə, qonşu örnəklərindən dərs almaq yoxdur da bə. A kişi, bu Gülü xalanı beşcə günlüyə bas idarənin podvalına, gör Mixo necə qaça-qaça gəlir. Əlbəttə, qeyrətli oğuldursa gəlməlidir.
Ümumiyyətlə, regionda əlləm-qəlləm işlər çoxdur. Bir yerdə hətta baş nazir istefa verdi ki, gərək parlament seçkisi olsun. İndi o biri tərəfdə ikinci tur da elənçik. Çox maraqlı şeydir nədirsə. Biz heç vaxt, hətta bələdiyyə seçkisində və məktəbdə koridoru hansı xadimənin süpürməsi seçkilərində də ikinci tura qalmamışıq. Bizdən ötrü seçkilərdə ikinci tur paralel kainatın varlığının sübutu qədər anlaşılmazdır. Siyasi sabitlik olmadı belədir də. Gərək adamın ölkəsində sabitlik yaransın, hər şeyi dərhal həll eləyə biləsən. Odur, Almaniyada da Merkel xala vəzifədən getməyə hazırlaşır. Sonra İbrahim müəllimə inanmırdınız: “Almaniya dağılır”.
Hərçənd baxırsan bizdə də müəyyən siyasi proseslər gedir. Misal üçün, bu yaxında Toppuş bacını müalicə etmək üçün pul yığıldı, manıslar hərəsi müəyyən qədər yardım etdilər. Arada söhbət çıxdı ki, aktyor Arif Quliyev obyektləri gəzib Toppuş bacıya yardım adıyla vəsait yığır. Ancaq ünlü aktyorumuz bunu qətiyyətlə təkzib etdi. Daha sonra Toppuş bacının əslində müasir səhiyyəmizin uğurlu inkişafı, həmçinin parklarda qurulan müasir işıq dirəklərinin sayəsində uğurla müalicə edilib sağaldığı, pulu isə onun ev ipotekasını ödəmək üçün yığdıqları açıqlandı. Yəni Toppuş bacıya pul yığılması da haradasa ikinci tura qalmışdı. Düzü, prosesi axıra qədər izləyə bilməmişəm, oxuculardan üzr istəyirəm, bilmirəm hazırda durum nə yerdədir: pulu Toppuş bacıya verdilərmi, o, evin ipotekasını bağladımı, yox, bağlamadısa həmin kəsiri İsfəndiyar müəllimdən xahiş eləsək bağlayarmı?