Seçkilərini maraqlı, intriqalı keçirən ölkələr, əl-əlbət maraqlı ölkələrdir. Seçki təşkil etməyən və ya bərbad keçirən ölkələr isə maraqsızdır.
Politoloqların fikrincə, elə ölkələrdə inkişaf, xeyir-bərəkət olmaz. Müşahidəçilər isə deyir ki, maraqlı seçki keçirən ölkələr keçid dövrünü, qanqallığı tez keçirlər və gülüstana çıxırlar.
Ekspertlər də o fikirdədirlər, üstəlik, əlavə edirlər ki, vətəndaşların axırda əlinə silah götürüb bir-birini qırmasındansa, vay-nöfsə qoparmasındansa, əllərinə bülleten götürüb seçki məntəqəsində səs verməsi yaxşıdır.
Suriyanı misal gətirirlər, deyirlər, orda düz-əməlli seçki olmurdu.
Ona qalsa, heç 50-60 ildir Şimali Koreyada və Səudiyyə Ərəbistanında da seçki olmur, amma birincinin atom bombası var, ikincinin iti-iti mişarları. İkisi də sabit ölkədir. Sadəcə, dolanışıqları fərqlidir.
Bax, budur, srağagün qonşu Gürcüstanda seçki olub. Özümüzdə seçib-seçilməyə o qədər də maraq göstərməyən camaatımız qonşu ölkədəki seçkiləri qızğın müzakirə edir.
Niyə? Çünki maraqlı seçki olub, türkün sözü, qıran-qırana mübarizə gedib.
Düzdür, seçkidən əvvəl iqtidar partiyası “namizədimiz birinci turda qalib gələcək” deyirdi, amma eyni sözü müxalifət partiyası da deyirdi. O üzdən maraqlıydı ki, hansı deyən düz çıxacaq.
Seçkinin ilkin nəticələrindən sonra məlum oldu ki, heç birinin dediyi düz çıxmayıb. Seçki ikinci tura qalıb.
Bu o deməkdir ki, Gürcüstanın seçicisi özünü avropalı seçicilər kimi aparmağa başlayıb. Rusiya başda olmaqla postsovet ölkələrində seçkilərin ikinci tura qalması söhbəti yoxdur. Hər şey birinci turda həll olunur. Gürcülər ənənəni pozublar.
Həm də təkcə gürcülər deyil, Gürcüstanda yaşayan soydaşlarımız da öz adətlərinə ciddi şəkildə xilaf çıxıblar.
Onlar 27 il idi ki, həmişə yekdilliklə iqtidarda olan partiyaya səs verirdilər, bu dəfə tərsinə ediblər, əksəriyyət etibarilə müxalifətin nümayəndəsinə səs veriblər.
Bu, efirdə yeni səsdir, bişəkk, dürlü səbəbləri var.
Əslində, Borçalı türklərinin həmişə iqtidardakılara səs verməsi başa düşülən idi, təhlükəsizlik məsələsinə bağlıydı. Əgər bir iqtidar komandası hakimiyyətdə qalacaqsa, o zaman onunla intriqaya gedib, müxalifətə səs verib, özünə problem yaratmağın anlamı yox idi.
Durduğun yerdə niyə Pankisi dərəsinə düşəsən, yaxud gürcülərin də başı çönə, sən də özünü Sxinvali kimi aparmalı olasan, Süxumilik edəsən…
Atalarımz deyib ki, ağacda almanı qoşa görməsən, selbə atma. Yəni təminat olmalıdır ki, qolaylanıb ağaca selbə atanda o iki almanın ən azı biri düşəcək. Yoxsa ağacda alma və ya qoz olmayandan sonra niyə qolunu qulaclayasan?
Bizim camaat belə şeyləri yaxşı bilir, təcrübəlidir, Qamsaxurdiyadan ta Marqvelaşviliyə qədər neçə preizdentlə işləyib, həmişə də qalibin yanında olub.
Hazırda belə görünür ki, soydaşlarımız ağacda alma görürlər, ona görə öz selbə dəyənəklərini ortaya qoyublar və inşallah, o almadan dərəcək, şirəsini, püresini yeyəcəklər. Yəni artıq Vaşadzeni Gürcüstan prezidenti seçiləcəyi münasibətilə təbrik etmək olar. Borçalılıarin əksəriyyəti ona səs veriblər.
Ermənistanda baş tutacaq seçkilər də maraqlıdır. Orda da qıran-qırana yarışma gedir. Əsas mübarizə Paşinyanın partiyası ilə Sərkisyan-Köçəryan cütlüyünün partiyası arasında gedəcək.
Deyilənə görə, paşinyançılar “biz Qarabağda can qoyduq, torpaq aldıq” deyən devrilmiş hökumət tərəfdarlarına qısaca belə deyirlər: “Gəlmişdiniz, gördük. Sizin vaxtınızda camaat evindən çölə çıxa bilmirdi”.
Hələ bir azdan tərəflər bir-birini Azərbaycana işləməkdə, Azərbaycanın dəyirmanına su tökməkdə ittiham edəcəklər. Bəlkə də bir-birinin atasını azərbaycanlı çıxaranlar da olacaq (bizdə tərsinədir, bəzi vəzifə adamlarının anasının erməni olduğundan quşqulanırlar).
Bizimki də budur, Rusiyada, Türkiyədə, İranda, Gürcüstanda, Ermənistanda, ABŞ-da və o biri ölkələrdə seçki olsun, oturaq, tamaşa edək, “şir” güləşdirək.
Hərçənd su qonşumuz Qazaxıstanda və Türkmənistanda seçki olanda onları maraqlı izləmirik. Nəyə görə? Ona görə ki, biz o seçkilərin necə nəticələnəcəyini yüzdə doxsan doqquz faiz dəqiqliklə öncədən bilirik.